Başlık yok

 “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmiş döyüşçümüz

Vətən Müharibəsində igidlik göstərmiş qorxmaz oğullardan biri də Məmməd Hüseynzadədir. Hüseynzadə Məmməd Əli oğlu 1994-cü il avqust ayının 26-da Şəki şəhərində anadan olub. Xankəndi şəhər, Kərkicahan qəsəbə sakinidir. Məmməd 2000-ci ildə Şəki rayon Çələbixan qəsəbə tam orta məktəbinin I sinfinə gedib, 2011-ci ildə Xocalı rayon Meşəli kənd tam orta məktəbindən məzun olub. 2012-ci ilin oktyabrında əsgərlik xidmətinə yollanan Məmməd, 2014-cü ilin aprelində xidmətini baş əsgər, snayperçi kimi başa vurub. Lakin o, yenidən hərbçi həyatına qayıdaraq 2015-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi üç il Vətənə xidmət edib. Aprel döyüşlərində Talış kəndi istiqamətində döyüşlərdə olub. 2018-ci ilin noyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət haqqında bağlanmış müqaviləsi sona yetib. Ürəyi ata-baba torpağı üçün yanan Məmməd Tovuz döyüşləri zamanı könüllü olaraq döyüşlərə qatılmaq məqsədilə səfərbərlik xidmətinə müraciət edib. 2020-ci ilin oktyabrın 25-dən II Qarabağ Müharibəsində döyüşlərə manqa komandiri kimi qatılıb. Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. O, qorxmaz döyüşçü kimi ən ağır döyüşlərə getməkdən çəkinməyib. Məmmədin bölük komandiri olmuş leytenant Ramaldanov Əmirbəy “Xocalının səsi” qəzetinə müsahibəsində bildirir ki, Məmməd verilən bütün əmrlərə tabe olub, bütün tapşırıqları layiqincə yerinə yetirib. Cəsur döyüşçümüz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Şanlı tarix yazan qəhrəman və igid Vətən oğullarının sayəsində torpaqlarımızın bütövlüyünü təmin etdik, qisasımız, intiqamımız alındı. Məmməd kimi oğulların igidlikləri də şanlı tariximizin səhifələrində öz yerini almışdır.
Daha yeni Daha eski