Haqqımızda

        “Xocalıya Ədalət” şüarı altında nəşr edilən "Xocalının səsi" qəzetinin ilk sayı 9 iyul 1991-ci ildə işıq üzü görüb. Düşmən tərəfi həmin ərəfələrdə işğal planları hazırlayırdı. Rayonumuzun yeganə mətbu orqanı olan "Xocalının səsi" qəzeti real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı. "Xocalının səsi" qəzeti Xocalı soyqırımının nəticələri haqqında ilk dəfə yazılı olaraq informasiya verən mətbuat orqanlarından biridir. 
        "Xocalının səsi" qəzeti Xocalı rayonunun əsas və yeganə mətbuat orqanıdır. Bu qəzet hal-hazırda 8 səhifədən ibarət olmaqla 600 tirajda nəşr edilir. Qəzetdə yer alan yazılar sosial şəbəkə hesablarında və xocalininsesi.info saytı vasitəsilə geniş oxucu kütləsinə çatdırılır. Qəzetimizin səhifələrində Qarabağ müharibəsinə, erməni vəhşiliklərinə, Xocalı soyqırımına aid mövzularla yanaşı, ümumrayon tədbirləri, Respublikada baş verən əlamətdar hadisələr və Cənab Prezidentin apardığı uğurlu siyasət öz əksini tapır. "Xocalının səsi" qəzeti öz fəaliyyətini əsasən aşağıda göstərilən xətlər üzrə davam etdirir.
 - Müstəqil dövlətimizin, onun apardığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirmək;
 - Qarabağ müharibəsinin əsl mahiyyətini açıqlamaq, onun tarixini, bu gününü müntəzəm işıqlandırmaq;
 - Xalqımızın mübariz əhval-ruhiyyəsini, monolit birliyini təbliğ etmək;
- Respublikamızda və rayonumuzda baş verən mühüm yenilikləri geniş oxucu kütləsinə çatdırmaq;
 - Düşmənlərimizin riyakar əməllərini faş etmək üçün bütün imkanlardan istifadə edərək həqiqəti, xalqımızın ədalətli mövqeyini nümayiş etdirmək;
- Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etmək;
- Qaçqın və məcburi köçkünlərin həyat şəraitini öz səhifələrimizdə müntəzəm işıqlandırmaq.

- Vətən Müharibəsində xalqımızın həmrəyliyindən, Ordumuzun hünərindən, Ali Baş Komandanımızın qətiyyətindən yazılar dərc etmək;

- Şəhidlərimizi, qazilərimizi, igid oğullarımızı daim yad etmək, onların şərəfli döyüş yolunu işıqlandırmaq;
         "Xocalının səsi" qəzeti hər zaman Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyası varisi İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. "Xocalının səsi" qəzeti ölkə Prezidenti ilə həmrəydir. 

“Xocalının səsi” qəzetinin təşkilatçılığı ilə mütəmadi olaraq Xocalı rayon ümumtəhsil məktəbliləri arasında “Qələmimizi süngüyə çevirək” devizi altında "Bu qan yerdə qalmaz"! mövzusunda mübarizliyə və qisasa səsləyən yazı müsabiqəsi keçirir. 

Qəzetin redaktoru hal-hazırda Qalib Bəyməmmədoğludur. Quliyev Qalib Bəyməmməd oğlu 1986-cı ildə Xocalı rayon Kosalar kəndində anadan olmuşdur. 6 yaşında doğma el-obasından didərgin düşən Qalib kiçik yaşlarından şeir yazmağa həvəs göstərmişdir. Onun yazdığı şeirlər əsasən vətənpərvərlik mövzusundadır. 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filalının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi üzrə ixtisasartırma kursundan keçmişdir. 2012-ci ildən Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika müəllimi işləyir. "İlin gənc müəllimi-2019" müsabiqəsində ilk 50 namizəd arasına düşmüşdür. Onun məsuliyyətli və fəal olması "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında dəfələrlə Xocalı rayon məktəbliləri üzərində qrup rəhbəri kimi iştirak etməsinə səbəb olmuşdur. Gənc pedaqoq şagirdləri ixtiralar etməyə həvəsləndirən ixtiralar.com saytının da adminidir.

Onun yazdığı şeirlər mütamadi olaraq qəzet və jurnallarda dərc olunur. 2018-ci ildə keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının seçki kampaniyası dövründə Qalib Quliyevin "Verək səsimizi haqqın səsinə" adlı şeiri müxtəlif mətbu orqanlarda çap edilmiş, həmçinin xocalıların keçirdiyi təbliğat-təşviqat mitinqində səsləndirilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Kosalar kəndinə aid kosalar.com saytının adminidir. 2013-cü ildən Xocalı rayon İcra Hakimiyyətinin qəzeti olan "Xocalının səsi" qəzetində bölgə muxbiri və texniki redaktor kimi işləyib. Qəzetin internet ünvanı olan xocalininsesi.info saytının yaradıcısıdır.

2015-ci ilin noyabr ayından "Xocalının səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışır.

2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2018-ci il dekabr ayının 20-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II Qurultayında Birliyin 23 nəfərdən ibarət İdarə Heyətinin üzvü seçilib. 

Qalib Quliyev jurnalistika sahəsində bir çox uğurlar qazanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 5 dəfə III yerin, 1 dəfə I yerin qailibi olub.

2019-cu ildə Qarabağ həqiqətlərini, Xocalı soyqırımı nəticələrini, erməni vəhşətini ictimaiyyətə çatdırılmasında fəallığına və sosial şəbəkələrdə geniş təbliğinə görə Beynəlxalq Zaparojye Kazakları Birliyinin Ali Məclisinin Getmanının Ukrayna-Azərbaycan əlaqələri üzrə məsul nümayəndələrindən biri Üzeyir Vahabovun şərəfinə təsis edilmiş 65 il yubileyi medalı ilə təltif edilmişdir.

2020-cu ildə 2 Fevral Gənclər Günü münasibətilə "Qafqaz-Media" İctimai Birliyinin "Gənclər gələcəyimizdir" layihəsi çərçivəsində "İlin fəal gənci" və "Gənclərin dostu" medalı ilə təltif olunub.

2019-cu ildə Azərbaycan Texnologiya Universitetinin Kommersiya fakültəsinə qəbul olub.

"Qələmizimizi süngüyə çevirək" devizi altında mütəmadi olaraq şeir, rəsm və yazı müsabiqələrinin təşəbbüskarıdır.

2021-ci ilin yanvar ayında Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri seçilmişdir.