Vətən Müharibəsində döyüşən iki qardaş
Əziz oxucular, sizə əslən Xankəndi şəhər, Kərkicahan qəsəbəsindən olan Vətən Müharibəsində igidlik göstərmiş əsgər qardaşlar haqqında məlumat vermək istəyirəm.
Rzaquliyev İlkin İlham oğlu 2000-ci ilin iyunun 28-də Qaradağ rayununda dünyaya göz açıb. Bakı şəhəri Səbayıl rayonu 51 nömrəli tam orta məktəbin məzunu olub. 2019-cu ildə iyun ayında hərbi xidmətə yollanıb. Ağcabədidə yerləşən “N” saylı həbri hissədə xidmət edən İlkin Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarətlə öz sözünü deyib. Onun döyüş yolu Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut uğrunda döyüşlərdən keçib. Yaralıların və şəhidlərin döyüş mövqeyindən çıxarılmasında iştirak edib. Yaxınlığına düşən mərmi dalğasının onu yerə yıxması nəticəsində xəsarətlər almışdır. Komandiri İlkini müalicə alması üçün tibb məntəqəsinə göndərmək istəsə də, o, döyüş yoldaşlarını qoyub heç bir yerə getmək istəmədiyini deyərək döyüşləri davam etdirib. Əsgər yoldaşları ilə birlikdə erməni quldurunu əsir tutarkən komandiri ona yaxınlaşaraq alnından öpüb səni dünyaya gətirən ana var olsun deməsi qalib əsgəri daha da qürurlandırıb.
Cənab Prezidentin müvafiq Sərəncamlarına əsasən, Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Rzaquliyev İlkin İlham oğlu “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Hal-hazırda Qubadlı rayonunda hərbi xidmətini davam etdirir.
Rzaquliyev İlqar İlham 2002-ci il yanvarın 10-da Qaradağ rayonunda anadan olub. Bakı şəhəri Səbayıl rayonu 51 nömrəli tam orta məktəbin məzunu olub. 2019-cu yanvar ayında hərbi xidmətə yollanıb. Ağcabədi rayonunda “N” saylı hərbi hissədə xidmətdə olub. Vətən Müharibəsində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam istiqamətində döyüşlərdə olub. Cənab Prezidentin müvafiq Sərəncamlarına əsasən, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Rzaquliyev İlqar İlham oğlu “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. İlqar hal-hazırda Ağcabədidə hərbi xidmətini davam etdirir.
İlkin və İlqarın ata-baba yurdları işğal altında idi. Atalarının Kifayət xalası və xalasının yoldaşı Xocalıda itkin düşüb. Vətən Müharibəsinin sonunda xalqımız müqəddəs amalına çatdı, döyüşlər zamanı Xocalı qatilləri də məhv edildi. Hər bir Azərbaycan gənci kimi igid qardaşlar da torpaqlarımızın bütövlüyü uğrunda, qisas üçün döyüşdülər.
Vətən üçün qorxmaz oğullar böyüdən İlkin və İlqarın valideynlərinə minnətdarlıq edirik.



