Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi strategiya Azərbaycanın parlaq qələbəsini təmin etdi


    İstər Sovetlər dönəmində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin müəyyənləşdirdyi müdrik siyasət nəticəsində Azərbaycanda bütün sahələrin dinamik  inkişafı uğurla  təmin  olunmuş  və  hal-hazırda  ölkəmiz  inkişaf  etmiş  ölkələrlə eyni cərgədə dayanır. 1992-ci ilin 21noyabrında təsis olunan Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində göstərilən müddəaların mərhələli şəkildə həyata keçirilməsi ölkəmizi xaos, anarxiyadan uzaqlaşdıraraq müasir səviyyəyə gətirib çıxardı. Azərbaycan  dünyada  islahatçı  ölkə  kimi  tanınır. Son  illər  ölkəmizin  bütün sahələrində  aparılan  məqsədyönlü  islahatlar  həm  də   siyasi  partiyaların fəaliyyəti  sahəsində  aparılıb.  Bu  mənada  Yeni  Azərbaycan  Partiyasının  5  mart  2021-ci  il  tarixdə  keçirilmiş  VII  qurultayında  qəbul  edilmiş  qərarlar  və  ondan  sonra həyata keçirilən tədbirlər ölkəmizin ictimai-siyasi həyatında mühüm  əhəmiyyətli  dəyişikliklərə  gətirib  çıxarmışdır.

    Ölkəmizdə  Heydər  Əliyev  siyasətinin  bərqərar  olması, İlham  Əliyev  cənablarının  2003-cü  ildən  siyasi  hakimiyyətə  gəlməsindən sonra  bu  siyasətin  yeni  məcraya qədəm qoyması  ilə  bütün  sahələrin inkişafını  təmin edən uzaqgörən, məqsədyönlü islahatlar kursu dövlətimizin gücünün artmasını, yeniləşməni və müasirləşməni təmin edən çox mühüm amillərdən biridir. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  aparılan  islahatlar  kursu  müasir çağırışları, milli maraqları və ictimai-siyasi münasibətləri özündə  ehtiva  etməklə  kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini  mümkün edən  amillərdəndir. Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət  Başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir.  Sistemli və çoxşaxəli səciyyə daşıyan  kadr, struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş  məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini-milli hədəfləri reallaşdırmasını təmin edir.

    Çoxşaxəli islahatlardan bəhs edərkən siyasi islahatların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. İslahatlar nəticəsində yeni siyasi  strukturun formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən addımların atılması  Azərbaycanda mühüm prioritetlərin reallaşdırılmasına, milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir.

      2003-cü  ildən  Azərbaycanda  siyasi  hakimiyyətə  gələn  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra  ölkəmizin  qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın-layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının bu istiqamətdə müəyyənləşdirdiyi strategiya  nəticəsində  ölkəmiz  inkişaf  etmiş  dövlətlər  cərgəsində  qərarlaşmışdır.

      İlham  Əliyev  cənablarının  apardığı   uğurlu    məqsədyönlü  siyasət  ölkəmizdəki  bütün  siyasi  partiyaların  fəaliyyətinə  münbit  şərait  yaradır.  Artıq  Yeni Azərbaycan  Partiyası  ilə  müxalifət  partiyaları  arasında  ölkəmizin  inkişafı  naminə  qarşılıqlı  əməkdaşlıq    həmrəylik  şəraitində  fəaliyyət  mövcuddur. Vətən  müharibəsi  zamanı  bu  həmrəyliyin, qarşılıqlı  əməkdaşlığın  sayəsində  Azərbaycan  tarixi  qələbəni  əldə  etdi. 

      5  mart  2022-ci il tarixdə keçirilən VII qurultayda Yeni Azərbaycan  Partiyasının yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin   müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Yeni  Nizamnamənin qəbulu dünyada   müasir  çağırışların  bərqərar  olduğu  dövrdə Azərbaycanın sürətli, dinamik  inkişafını  təmin  edəcəkdir.

                Yeni  Azərbaycan  Partiyasının İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən,  Azərbaycanın  6 siyasi partiyasının Yeni  Azərbaycan  Partiyasına qoşulması   bu  partiyanın yüksək nüfuzunun, ona  böyük  etimad və  inamın  olmasının bariz  təzahürüdür.

               VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyəti   ilə  bərabər Yeni Azərbaycan Partiyası  sədrinin müavini təyin  olunması  ilə  partiyada  aparılan  işlər  daha  da  mütəşəkkil   xarakter  almışdır.  Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.  Mehriban xanım Əliyevanın Yeni  Azərbaycan Partiyası  sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni  Azərbaycan  Partiyasının yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.

    Yeni  Azərbaycan  Partiyasının  son  qurultayında müəyyən olunmuş əsas vəzifələrdən biri də partiya strukturunun yenilənməsi və fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati işlərin həyata keçirilməsidir.  Partiyada təşkilatlanma prosesi müxtəlif istiqamətlər üzrə aparılır.  Yeni  Azərbaycan  Partiyasının VII qurultayından ötən zaman müddətində   təşkilatlanma, kadr və struktur dəyişiklikləri baxımından mühüm qərarlar qəbul olunub.

    Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın  strukturu, təşkilatları yeni prinsiplər əsasında formalaşdırılmışdır.  Partiyada   təşkilatlanma işi daha çevik və müasir tələblərə  uyğun  qurulmuşdur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə siyasi-ideoloji  istiqamətdə  bir  sıra  tədbirlər  təşkil olunur. Bu tədbirlər  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  istiqamətində müstəsna  əhəmiyyət  kəsb  edir. İnkişaf  etmiş  demokratik  ölkələr  üçün  nümunə  olan Yeni Azərbaycan Partiyası   ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verir. Belə  ki, artıq   Yeni Azərbaycan Partiyası   əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyaya  çevrilmişdir. Ulu  Öndər  Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası artıq  yeni mərhələdə öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verir    gələcəkdə    verəcəkdir.  Çünki   bu  partiya  Ümummilli Liderimizin dediyi kimi, dünənin, bu günün və gələcəyin  partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin ətrafında  birləşməklə  yaradılmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası   sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək - ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək! Heydər Əliyev  siyasi  yolu, müdrik, uzaqgörən, dahi siyasətçi İlham Əliyevin  müəyyənləşdirdiyi  strategiya  Azərbaycanın  uzunmüddətli xoş gələcəyinin ən böyük qarantıdır. Bu strategiya, bu siyasi yol ölkəmizin ərazi bütövlüyünü, Azərbaycanın parlaq qələbəsini təmin etdi.

Nəcəf HƏSƏNOV,

Xocalı rayon ziyalısı 

 

 

Daha yeni Daha eski