Xocalı ağrıları ilə böyüyüb qisas üçün döyüşən igidimiz
Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda igidlik göstərmiş qeyrətli Vətən oğullarından biri də Hümbət İsbəndiyarovdur. İsbəndiyarov Hümbət Əlyar oğlu 2002-ci il aprel ayının 8-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində anadan olmuşdur. Əslən Xocalıdandır. Hümbət 2008-ci ildə Xocalı şəhər 4 saylı tam orta məktəbin I sinfinə getmiş, 2019-cu ildə həmin məktəbdən məzun olmuşdur. 2020-ci ilin aprel çağırışında həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 6 ayını Ağcabədi rayonunda çəkmişdir. II Qarabağ Müharibəsində Ağdam, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə qranatamyot köməkçisi kimi şücaətlə iştirak etmişdir. Noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə minaatan mərmisi nəticəsində bud hissəsindən iki qəlpə yarası alıb, mərminin dalğasından kəllə-beyin travması keçirib. Yaralı əsgərimizə əvvəl Füzulidə, sonra isə 10 gün müddətində Göygöl MRX-da tibbi yardım göstərilib. Hərbi xidmətinə qayıdan Hümbətin başında ağrılar yenidən baş qaldırdığından Mərkəzi Hərbi Klinik Hospitalda müalicəsi davam etdirilib. Hal-hazırda Ağdamda hərbi xidmətdədir.
Hümbət uşaq çağlarından Xocalı soyqırımının müsibətlərini o dəhşətli gecənin canlı şahidlərindən dinləyib. İllərdir qaysaq bağlamayan Xocalı yarası onun ailəsində daim yad edilib. Xocalı soyqırımında Hümbətin Eldar əmisi şəhid olub, babası, nənəsi və bibisi ermənilərə əsir düşüb. O, uşaq vaxtlarından düşmənə nifrət hissi ilə böyüyüb. Hümbət qisas günlərində qorxmaz əsgər, cəsur döyüşçü kimi öz vətəndaşlıq borcunu və hərbi xidmətini layiqincə yerinə yetirib. Hümbətin atası I Qarabağ Müharibəsi döyüşlərinin iştirakçısı olub, II qrup Qarabağ veterandır.
Vətən Müharibəsindəki Şanlı qələbəmizdən sonra igid əsgərimiz Cənab Prezidentin Sərəncamlarına əsasən, "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə"medalları təltif edilib.
Qalib əsgərimizlə fəxr edirik!




