Arxa cəbhədə və döyüşlərdə əvəzsiz xidmətlər göstərmiş igid
Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda vətəndaşlıq borcunu yerinə yetirərək həm arxa cəbhədə, həm də döyüşlərdə iştirak etmiş, Xalq-Ordu birliyinə ən gözəl nümunələrdən olan igid oğullardan biri də Əvəz Abbasovdur. Abbasov Əvəz Kamran oğlu 1981-ci il iyun ayının 10-da Xankəndi şəhər, Kərkicahan qəsəbəsində anadan olub. Əvəzin uşaqlıq çağları doğma yurdun qoynunda şən və qayğısız başlasa da, sonrakı vaxtlarda həyatı faciələrlə üzləşib. 1991-ci il oktyabrın 2-də Əvəz səkkiz yaşlı qardaşı Eyvazla birlikdə qoyun-quzu otararkən 5-6 erməni qulduru onları əhatəyə alıblar. Camaatın yaxınlaşdığını görən ermənilər azyaşlı uşaqların üstünə qumbara atıb qaçıblar. Əvəz sağ ətrafından qəlpə yaraları alıb, Eyvaz isə şəhid olub. Erməni faşizminin qurbanı olan Eyvaz Kərkicahanda dəfn edilib. İrkutskda əsgərlik xidməti çəkən Əvəzin böyük qardaşı Elxan bir neçə gün sonra doğma yurda qayıdıb. O, Kərkicahanın Özünü Müdafiə batalyonuna qoşulub və döyüşlər zamanı çoxlu sayda ermənini məhv edərək şəhid qardaşının qisasını alıb. Kərkicahan döyüşlərində yaralanıb. Kərkicahanın işğalından sonra Elxan mübarizəsini davam etdirib. O, Şuşa işğal olunan zaman öz döyüş yoldaşlarını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Bərdədə Şəhidlər Xiyabanında dəfn edilib.
Kiçik yaşlarında erməni faşizmi ilə üzləşən Əvəzin ürəyi iki şəhid qardaşının dağı ilə daim göynəyib. Əvəz Abbasov hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşıb. O, qəsəbədə maşınlar üçün dəmirçi, rəngsaz xidmətləri apararaq ailəsinin halal çörəyini qazanır. II Qarabağ Müharibəsinin başlanan zaman Əvəz də hər bir vətəndaş kimi arxa cəbhədə öz əlindən gələn köməkliyi etməyə can atıb, əsgərlərimizə dəstək olub. 44 gün davam edən haqq savaşımızda Əvəz həm arxa cəbhədə, həm də döyüşlərdə əvəzsiz xidmətlər göstərib. Əvəz Vətən Müharibəsi döyüşlərində tankın yanacaq borusuna qaynaq işi etmək lazım olduğu xəbərini alıb. Öz şəxsi “Nissan Pathfinder” maşını ilə tankın yanacaq borusunu gətirib təmir etdikdən sonra geri qaytarıb. Yaralıların hospitallara aparılmasında, əsgərlərimizə ərzaq və əmlak daşınmasında iştirak edib. Lakin vətənpərvər insan arxa cəbhədəki dəstəyi ilə kifayətlənməyərək düşmənlə üz-üzə döyüşmək istəyib. O, qolunu mina aparmış keçmiş kəfiyyatçının yenidən döyüşlərdə iştirakını gördükdən sonra döyüşlərə qatılmaq qərarına gəlib. Murov yüksəkliyi ərazisini yaxşı tanıyan Əvəz könüllü olaraq kəşfiyyat bölməsinə bələdçi yazılıb. Əvəz bir həftə təlim keçəndən sonra hücumçu kimi Murov yüksəkliyi, Talış və Suqovuşan kəndləri uğrunda döyüşlərə qatılıb.
Böyük Zəfərimizin əldə edilməsində əlbəttə ki, Xalq-Ordu həmrəylinin böyük rolu olub. Arxa cəbhədə Xilaskar Ordumuza dəstək olan, döyüşlərə qatılmağa hazır olan saysız-hesabsız vətənpərvərlik nümunələri göstərmək olar. İki övlad atası olan Əvəz də Vətənin dərdinə yad qalmayan vətəndaş kimi həm arxa cəbhədə, həm də döyüşlərdə öz borcunu ən yüksək səviyyədə ödəməyə çalışıb.
Əhsən sənə, igid Əvəz! Sənin kimi mərd oğulların sayəsində torpaqlarımızı işğaldan azad edə bildik.




