Kəlbəcər Azərbaycanın ən zəngin rayonlarından biridir

Kəlbəcər bir təbiət möcüzəsidir. Bu möcüzəni, bu əsrarəngiz gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər. Bu Allahın Azərbaycana bəxş etdiyi bir hədiyyədir. Kəlbəcər haqqında danışmağa nə sözlər, nə də zaman yetər. Kəlbəcərin hər daşı tarixdir, Kəlbəcərin hər qarışı qızıldır, 

Kəlbəcərin hər damcı suyu dərmandır, Kəlbəcərin hər qarış torpağı bərəkətdir, ruzidir. İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət ocağı, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə müəssisəsi, 1 muzey darmadağın edildi.

Kəlbəcər Ermənistanla sərhəd rayonudur. Şimalda Daşkəsən, Göygöl, Goranboy, Şimali-şərqdə Tərtər, Şərqdə Ağdam, Xocalı, Cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Camışdağ (3724m) və Dəlidağda (3 616 m) yerləşir.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə

Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.

1990-cı illərin əvvələrindən başlayan erməni işğalları Kəlbəcərdən də yan ötmədi. 1993-cü il aprel ayının 2-də Kəlbəcər mənfur düşmən tərəfindən işğal olundu.

Bu işğal 30 ilə yaxın bir müddət davam etdi. 30 ilə yaxın xalqımızın bağrı Qarabağ həsrətilə alışdı yandı. Və nəhayət, bu işğala son qoyulmağın zamanı çatdı. Müzəffər Azərbaycan Prezidenti cənab İlham Əliyev: “ Qarabağ Azərbaycandır “,- dedi. Azərbaycan xalqı 30 illik həsrətə son qoymaq üçün 44 günlük zəfər yoluna çıxdı. Bəli 44 günlük tayı-bərabəri olmayan, tarix boyu görünməmiş möhtəşəm azadlıq mübarizəsi, vətən müharibəsi və nəhayət o böyük gün, qələbə sevinci. Bu gün Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşmağın sevincini yaşayır.

Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. 

Kəlbəcər bizim işğal altında olan ən böyük rayonumuz idi və ümumiyyətlə, Azərbaycanın ən zəngin rayonlarından biridir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Bu, bizim böyük sərvətimizdir. Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Vaxtilə ora böyük kurort zonası idi. Kəlbəcər, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanmışdır. O cümlədən bu rayonun ərazisində qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları var.

Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq deyib: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni 

zamanda, bu Qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bütün  dünyaya göstərdi.

Azərbaycanın bu tarixi Qələbəsinin istər ölkədaxili, istər regional, istərsə də ümumbəşəri əhəmiyyətini daşıyan məqamlar hələ bundan sonra uzun illər öyrəniləcək və qiymətləndiriləcəkdir.

Leyla Yusifova,

Xocalı şəhər 4 saylı tam orta məktəbin müəlliməsi

Daha yeni Daha eski