Azad günün mübarək, Kəlbəcər!

1993-cü il mart ayının 23-dən aprel ayının 3 –nə qədər davam edən gərgin döyüşlərdən sonra Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Kəlbəcər könüllüləri, hərbiçiləri bu qeyri -bərabər qüvvələrlə mühasirə şəraitində döyüşərək dinc əhalinin təxliyyəsinə nail oldular.

  Kəlbəcər rayonu işğal olunduqdan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edir. Bu Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər rayonu ilə bərabər digər işğal olunmuş rayonlardan dərhal çıxarılması tələb olunurdu. Lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi. Ancaq bu misiyanı Şanlı Azərbaycan ordusu və onun Ali Baş Komandanı İlham Əliyev şərəflə yerinə yetirdi.

  Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Qızıl yataqları xromit, volfram, mis, qurğuşun, sink, civə və s kimi qiymətli metallarla, mineral boyalarla, məmulat daşları, üzlük daşları, perlitlə zəngin bir təbiətə malikdir. Ölkəmizin ən yüksək dağlıq rayonudur. Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdən Ermənistən respublikası şimaldan Daşkəsən, Göygöl, Goranboy, şimal şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir.

  Kəlbəcər rayonunda çox saylı mineral su qaynaqları var. Yuxarı İstisu, aşağı İstusu, Qoturlu İstisuyu,Turş su min bir dərdin dərmanıdır. Bu sulardan sinir oynaq, ürək damarları xəstəliklərinin müalicəsi zamanı istifadə olunur. Aşağı İstisuda çıxan mineral suyun tərkibi Çexoslovakyadakı karlovi vari mimeral suyunun tərkibindən keyfiyyətcə çox yüksəkdir. Ümumiyyətlə, bu ərazilərdə 3 mindən çox bulaq var.

   Kəlbəcər rayonu axar çaylarla da çox zəngindir. Bu çayların ən böyüyü Tərtər çayıdır. Onun iri qolları tutğun çayı, Lev çayı, Zəylik çayı, Keşdək çayı və Qarağacı çayıdır. Tərtər çay Kür çayının sağ qoludur. Kəlbəcər, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisindən axır. 

   Kəlbəcər rayonunun əhalisi ölkəmizin 56 rayon və şəhərinin 700 dən çox yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. 15 Noyabr 2020 -ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Üçtərəfli bəyanətə əsasən 15 Noyabr tarixində təhvil verilməsi nəzərdə tutulsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı.

  Məğlubiyyətlə barışa bilməyən  erməni əhalisi bölgədə ölkəmizə qarşı ekoloji terror əməllərindən əl çəkmədilər. Ərazini tərk edən ermənilər evlərlə yanaşı, meşələri də yandırdı. 25 noyabr 2020-ci il tarixdə Azərbaycan silahlı qüvvələri rayona daxil olub, bütün sərhəd zolağına nəzarəti ələ aldılar. 

  Üç ildir ki, Kəlbəcər rayonunda yeni həyat başlayır tikinti quruculuq işləri yol infrastrukturu su elektrik stansiyalarının qurulması sürətlə həyata keçirilir. Sözssüz ki, yaxın zamanlarda Kəlbəcər eli öz doğma yurd yuvalarına dönəcəklər. Azad günü mübarək Kəlbəcər. Bu günə şükürlər olsun ki, artıq üçrəngli bayrağımız azad səmalarda dalğalanır!

Şahin Abbasov,

Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi

Daha yeni Daha eski