XOCALIDA SOVET REJİMİNƏ, KOLLEKTİVLƏŞMƏ ƏLEYHİNƏ MİLLİ-MÜQAVİMƏT HƏRƏKATI VƏ ÜSYANLAR (1920-1930-cu illər)

        Fəsildə, mənbələrə əsaslanaraq Qarabağda o cümlədən Xocalıda sovet rejiminə (1920), kolxoz quruculuğunun ilkin (1927-1929-cu illər) mərhələsində və ikinci (1930-1931-ci illər) dövründə yol veri­lən əyintilər, səhvlər, zorakılıqla qolçomaq­lara və ortabab kəndlilərə qarşı xalqımızın milli adət və ənənələrinə, dininə qarşı çevrilmiş kobud tədbirlər nəticəsində kəndli üsyanları, kütləvi müqavimət hərəkatı və qaçaq hərəkatının baş vermə səbəbləri, gedişi və nəticələri təhlil edilmişdir.

Qarabağın kəndlərində 1920-1930-cu illərdə baş verən sosial-siyasi proseslərin təhlili mühüm əhəmiyyət kəsb edir. Təqdim olunan mövzu bu günə qədər tam şəkildə tədqiqat predmeti olmamışdır. Ona görə də mövzunun araşdırıl­ması onun aktuallığına şübhə yeri qoymur. Kolxoz quruluşunda yol verilən əyin­tilər və səhvlər, zorakılıq və inzibatçılıq, qolçomaqlara, varlı və ortabab kəndlilərə qarşı çev­rilmiş kobud tədbirlər kəndlilərin sovet rejiminə qarşı kütləvi nara­zılığına – üsyanlara səbəb oldu. Bütün bu və ya digər önəmli məsə­­lələrin obyektiv tədqiqi müasir dövrdə böyük elmi və siyasi aktuallıq kəsb etməklə əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev 1996-cı il iyulun 24-də “Respublikada aqrar isla­ha­ların gedişi vəziy­yətinə və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsinə” həsr olunmuş müşavirədə Vətənimizin 1920-1930-cu illər tarixinə düzgün siyasi qiymət vermiş və çıxışında göstər­mişdir ki, “1929-1930-cu illərdə kollektivləşmə proqramı oldu, kolxozlar yarandı, şəxsi mül­kiy­yətdən torpaqlar, kənd təsərrüfatı istehsal vasitələri alındı – bütün bunlar təzyiqlər, inzibati tədbirlərlə, insanların repres­siyası, məhkum olun­ması ilə baş verdi. Bu və ya digər əyin­tilər, səhvlər də təsadüfi deyildi. Çünki nəsildən-nəslə keçmiş torpaq mülk sahibinin idi. Onun torpağı, mülkü, mal-qarası var idi və bunları tutub əlindən alanda, əlbəttə ki, o, müqavimət gös­tərəcəkdi. Bu, təbii bir şeydir. Ancaq o vaxtkı rejimin nə qədər sərt olmasına bax­mayaraq, kollektiv­ləşdirmə prosesini bir-iki ilə aparmaq mümkün olmadı, nə qədər vaxt keçdi, qanlar töküldü, insanlar repressiya edildi” [35].

Heydər Əliyevin sovet dövrü tarixinə bu cür obyektiv yanaş­ması XX əsrin 20-30-cu illər dövrünün yenidən təd­qiqinin aktual­lığını və zəruriliyini bir daha təsdiq etməklə yanaşı, həm də bu dövrə münasibətdə tərəddüd edən tarix­çilər üçün də bir nümunədir. Mövzu ilə yaxından tanış olduqda aydın olur ki, problemin kompleks şəkildə yenidən tədqiqinə müasir dövrdə böyük ehtiyac vardır. Azərbay­canda Yeni iqtisadi siyasət dövründə aqrar münasibətlər, kəndli koope­rasiyaları, kənddə sinfi mübarizə problemi, 30-cu illər repres­siyasının gedişində kəndin təsərrüfatı inkişaf etdirməyə qadir təşəb­büskar insanlardan məhrum edilməsi, kollektivləşmənin acı nəti­cələri və digər problemlərin yenidən tədqiqi elmi və siyasi aktuallıq kəsb edir.

Azərbaycanın 1920-1930-cu illər tarixi həm sovetlər dönəmin­də, həm də müstəqillik dövründə tədqiq edilmişdir. Sovet dövründə mərkəzdə və respublika­larda SSRİ miqya­sında 1920-1930-cu illərdə kənddə baş verənləri özündə əks etdirən çoxlu sayda əsərlər nəşr olunmuşdur. Sovet tarix­çilərindən Q.Vəzirov, İ.Reznikov, X.Əliyev, C.Quliyev, X.Əli­mir­­zəyev, L.Əsgərov, İ.Qurbanov, A.Qur­banov, İ.Qası­mov, A.Xəlilov, H.Bağırov, M.Axundov və başqa­ları­nın Azər­bay­canda kənd təsərrüfatının elliklə kollektiv­ləşdirilməsinə aid kitab və məqalələri nəşr olunmuşdur [36].

Bundan başqa, tarixçilər 20-30-cu illərin digər prob­lem­lərini də tədqiq etmişlər. Məsələn, C.Quliyev Azərbay­canda Kommunist Parti­yasının 20-ci illərdə həyata keçirilən milli siyasətinə, Z.Şıx­lin­ski, A.Qurbanov Azərbaycan kən­dində sovet quruculuğu məsələ­lə­rinə, D.Qüdrətov 20-30-cu illərdə kənddə sovxoz qu­ruculuğuna, B.Qurbanov, N.Qədi­rova (Osipova) 20-ci illərdə Azərbaycan kən­dinə hamilik köməyə, O.Əhmədov 20-ci illərdə su təsərrüfatının bərpa­sına, O.Rzaqu­liyev Sovet Azərbaycanında 1920-1937-ci illərdə mədəni quruculuğun burjua saxtalaşdırıcılarının tən­qi­dinə aid ayrıca kitablar həsr etmişlər [37].

Bütün bunlarla yanaşı sovet hakimiyyəti illərindən tarix­çilər 20-30-cu illərə aid elmi-tədqiqat işləri aparmış, dis­sertasiyalar müdafiə etmişlər. Araşdırmalardan məlum olur ki, 1920-1975-ci illərdə 20-30-cu illərə aid 15 doktor­luq, 96 nami­zədlik dissertasiyası müdafiə olunmuşdur ki, bu da Azərbaycan SSR tarixinin digər dövrlərinə nisbətən çoxdur. Bu onu göstərir ki, sovet dövründə tarixçilər ob­yektiv və subyektiv səbəblərdən 20-30-cu illərə daha çox diqqət vermişlər.

C.İbrahimov, Z.İbrahimov, Y.Tokarjevski, İ.İsmayılov və b. tə­rə­findən Azər­baycan SSR-nin tarixşünaslığına aid bir sıra əsərlər yazılmışdır [38]. Azərbaycan tarixinin tarix­şünas­lığına aid yazılmış əsərlər sırasında Ə.Sumbat­zadə­nin XIX-XX əsr Azərbaycan tarix­şünaslığına aid 1987-ci ildə nəşr olunmuş kitabı öz həcminə görə diqqəti cəlb edir. Ümumi­likdə gördükdə, böyük zəhmət çəkil­məsinə baxma­yaraq, Ə.Sum­batzadənin bu əsəri Azərbaycan sovet dövrü tarixinə aid yazılmış əsərlərin əksəriyyətini deyil, bir hissə­sini əhatə edir və fikrimizcə, əsasən biblioqrafik xarakter daşıyır [39]. Ümu­milikdə sovet dönəmində yazılmış əsərlər nəzərdən keçirilərkən məlum olur ki, həmin əsərlər, dövrü birtərəfli araş­dırmış, mövcud durum obyektiv tədqiq olun­mamışdır. Onlar sovet cəmiyyətinin ideal bir quruluş olmasını, kol­lektivləşməni isə irəliyə doğru atılan bir addım kimi təqdim etmiş və bütün bunları faktlarla “sübut” etməyə çalışmışlar.

Azərbaycan dövləti öz müstəqilliyini yenidən bərpa etdikdən sonra prob­lemin tarixşünaslığı C.Quliyev, X.İbra­himli, T.Qaffarov, M.Zülfüqarlı, Ş.Məm­mədova və başqa tarixçilər tərəfindən tədqiq olunmamışdır. Bu əsərlərdə dövrə və araşdırılan problemlərə, onun təfərrüatlarına müna­sibətdə müəyyən fərqlər olma­sına baxmayaraq, ümumən problemin tarixşünaslıq baxımından tədqiqi və təhlili sovet dövrü tarixçilərindən fərqli olaraq daha obyektiv, baş vermiş hadi­sələrə qərəzsiz mövqedən yanaşmaqla aparılmışdır [40].

AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azər­bay­canın döv­lətçilik tarixinə ümumi bir baxış: Şimali Azərbay­canda kom­munist rejimi (1920-1991)” (BDU-nin Xəbərləri. Bakı, №1, 2002, s.72-86) adlı məqaləsində həmin dövrün nöqsanlarını tənqid etmiş ictimai-siyasi durumun obyektiv təhlilini aparmışdır.

Mötəbər tarixi mənbələrə əsaslanaraq tarixçilərimizin aşkara çıxardığı faktlar sübut edir ki, Azərbaycanda nəinki kollektivləşmə illərində, həmçinin ondan sonrakı dövrdə də vəziyyət dözülməz olmuş, hətta ayrı-ayrı regionlarda kütləvi aclıq halları da baş vermişdir. Azərbaycanda sovet haki­miyyəti illərində baş vermiş kütləvi aclıq hallarının ayrıca tədqiqi hazırda böyük aktuallıq kəsb edir və tarixçilərin bu mövzuya xüsusi fikir verməsinə ciddi ehtiyac vardır və inanırıq ki, bu mövzuya müraciət ediləcəkdir.

Məqsədimiz, Qarabağın o cümlədən Xocalının 1920-1930-cu illər tarixini əhatə edən kitablar, dissertasiyalar, məqalələr, tarixi sənədlər, arxiv sənədləri və digər mən­bələrə tənqidi yanaşmaqla bölgədə həyata keçirilən zorakı kollek­tivləşmə siyasəti, onun törətdiyi ağır nəticələr, kənd­liyə qarşı çevrilmiş kobud tədbirlər, kolxoz quruluşunda yol verilən əyintilər, kobud səhvlərin kəndli üsyanlarına səbəb olmasını açmaqla yanaşı, bu üsyanlarda keçmiş bəylər, qolçomaqlar, din xadimləri kəndlilər, şəhər əhalisi ilə yanaşı, partiya, komsomol fəallarının da iştirak etdiyini göstərməklə yanaşı, 1920-1930-cu illər Azərbaycan xalqına qarşı həyata keçirilmiş qanlı cinayətlərlə, 1918-ci il mart soyqırımı arasında oxşarlıq, varislik olduğunu, onun davamı olduğunu tədqiq və təhlil etməkdən ibarətdir. Təəssüflər olsun ki, sovetlər dönəmində Qarabağın 1920-1930-cu illər tarixi erməni müəlliflərinə “qismət” olmuşdur. Q.B.Abram­yan, Q.A.İonasiyan, Q.C.Ko­çar­yan, Ş.M.Mkırtıç­yan və digər­ləri tarixi­mizi tamamilə təhrif etmiş “Böyük Ermə­nistan” xülyasını əsas­lan­dırmağa çalış­mışlar. Yuxarıda adı­gedən “əsərlər”də kollektiv­ləş­mədən söz açılır, lakin xalq üsyanları kiçik bir dəstənin etirazı kimi təqdim olunur. Təqdim olunan mövzu N.Məmmədovun “Azərbay­canın DQMV-nin siyasi-iqtisadi və mədəni inkişafı (1920-1930)”. (Bakı, 2011), “Dağlıq Qarabağda may çevrilişi və milli müqavimət hərəkatı (1920-1922)”. (Bakı, 2001), “Dağlıq Qarabağın kənd təsər­rüfatı 1920-1940-cı illərdə”. (Bakı, 2003), “Azərbaycan SSR-in DQMV-də ictimai siyasi vəziy­yət, iqtisadi və mədəni inkişaf (1923-1991)”. (Bakı, 2008) və digər əsərlərində gerçəkliyi düzgün əks et­dirmiş, faktiki materiallarla zəngindir. Müəllif, kollektivləşmənin mahiy­­yətini, kəndlilərin kollektivləşməyə münasibətini, kol­lek­tiv­ləşdirmə həyata keçirilərkən dinə, milli adət və ənənə­ləri­mizə qarşı mübarizə ilə müşayiət olunmasını, yüzlərlə kənd­li­nin “qolçomaq və varlı kəndli” adı altında məhv edil­məsini, bölgədə kəndli üsyan­larının baş verməsi səbəblərini, kollektiv təsərrüfatların yaranması nəticələrini təhlil etmiş­dir. Müəllifin tədqiqat coğrafiyası yalnız Qarabağın bir hissəsini əhatə edir və milli-müqavimət hərəkatı geniş şərh edil­məmişdir. Ona görə də təqdim olunan mövzunun təhli­linə böyük ehtiyac var. Fəsil yazılarkən çoxsaylı mənbə­lərdən, sənəd və materiallardan arxiv sənədlərindən, mət­buat mate­riallarından istifadə edilmişdir.

Bütövlükdə Qarabağda, o cümlədən Xocalıda 1920-ci il may çevrilişindən sonra sovet rejiminə qarşı müqavimət hərəkatı yara­nırdı. Xalq yeni quruluşa qarşı müxtəlif forma və vasitələrlə müqa­vimət göstərirdi. Müqavimət özünü müxtəlif formalarda – vergiləri verməməkdə, XI Ordu hissələrini ərzaq və başqa məh­sullarla təchiz etməməkdə, qaçaqçılıqda, sui-qəsd hadisələri törətməklə, itaətsiz­likdə, laqeydlikdə, ən əsası isə açıq silahlı çıxışlarla göstərirdi.

Çox təəssüflər olsun ki, haqsız bolşevik rejiminə, işğala, terrora, repres­siyalara qarşı çevrilmiş Qarabağ üsyanı o cümlədən Xocalıda baş verən üsyan bəzi mənbələrində “qiyam” kimi göstərilməklə üsyançılar “qarətçi”, “quldur”, “qan­içən” kimi təqdim edilirdi. Gör­kəmli tarixçi Avqust Kariyer «Осудительная армянская история» (Тифлис, 1895)» adlı əsərində göstərir ki, erməni alimlərinin məlu­matlarına inanmaq avamlıqdır. Çünki bu məlumatların əksə­riyyəti uydurmadır [s.22]. Üsyanın əsl mahiyyətini açmaq: Qarabağda, o cümlədən onun tərkib hissəsi olan Xocalıda Sovet hakimiyyətinin qurulmasının imperiyanın yenidən bərpa edilməsi prosesinin tərkib hissəsi olduğunu sübut etmək, AXC dövlət xadimlərinə divan tutul­ması, siyasi parti­yaların qadağan edilməsi, “şübhəli ünsür” adı altında mü­tərəqqi fikirli adamların və müxalifət qüvvələrin məhv edil­məsi, Azərbaycan burjuaziyasına və din xadimlərinə qarşı rep­ressiyaların başlanması, terrorun güclənməsi və sair səbəblərdən Qarabağda o cümlədən Xocalıda Sovet rejiminə qarşı üsyanın baş verdiyini, gedişi, məğlubiyyət səbəbləri və tarixi əhəmiyyətini fakt­lara və materiallara əsaslanaraq təhlil etmək günümüzün vacib məsə­lələ­rin­dəndir.

1920-ci ildə bolşeviklər hakimiyyətə gəldikdən sonra köhnə nə varsa hamısını dağıtmağa, düşmən hesab etdikləri ziyalıları, din xadimlərini qırmağa, siyasi opponentlərini məhv etməyə, Azərbay­can Xalq Cümhuriy­­yətinin görkəmli nümayəndələrini, digər partiya və “siyasi qrup”ların rəhbər­lərini, Azərbaycan ordusunun xadim­lərini həbs etməyə başladılar. Onlara qarşı “qırmızı terror” tətbiq edilərək çoxu Nargin adasında güllələndi və Rusiyanın həbs düşər­gələrinə göndərildi. Bütün bunlar Azərbaycan İnqilab Komitəsindən xəbərsiz, əsas özəyi rus və ermənilərdən ibarət olan Az K(b)P MK, BK və XI Qırmızı ordunun Xüsusi şöbəsi tərəfindən edilirdi. ARPİİSS Arxivində saxlanılan sənədlərə istinadən deyə bilərik ki, 1920-ci il ərzində Azərbaycan Xalq Cümhuriy­yətinin Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoy­ski və N.Yusifbəyli, parlamentin sədr müa­vinləri H.Ağayev, C.Behbudov hökumət üzvləri X.Rəfibəyov, İ.Ziyadxanov, məşhur pedaqoq, alim F.Köçərli, professor Zimin və başqaları güllələndilər. Tədqiqatlardan məlum olur ki, 1921-ci ilə qədər ancaq müsəlman hərbçilərindən 12 general, 27 polkovnik və polkovnik-leytenant, 46 kapitan, 266 nəfər hərbi işçilər o cümlədən S.Sül­keviç, İ.Usubov, Haşımbəyov, Şahzadələr – İmanulla Mirzə Qacar və Kazım Mirzə Qacar, Həmid bəy Qaytabaş, Həmid bəy Səlimov, Rüfət bəy Şıxlınski, İsgəndər bəy Seyfulin, A.Ziyadxanov və digər hərbçilər güllələndilər. Yeri gəlmişkən qeyd edək ki, 1920-ci ilin aprelin 28-dən – 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam “qırmızı ter­ror”­un qurbanı olmuşdu [ARPİİSSA, f.1, s.74, i.120, v.108].

Qarabağ üsyanının o cümlədən Xocalıda baş verən milli müqa­vimət hərə­katının başlanması səbəbləri – RDHA ARDA, ARPİİSSA, RFDA, «Очерки истории Коммунис­тический партии Грузии». (Tiflis, 1957); Rəsulzadə M.Ə. “Azərbaycan Cümhuriyyəti”. (Bakı, 1990); Veysəl bəy N. “1920-1921-ci illərdə Azərbaycanda müstə­qil­lik uğrunda mübarizə”; Nəri­manov N. «Избранные провидение, в трех томах. Том. II (1918-1921)». (Bakı, 1989); Solovyev N.İ. “Çev­rilişdən son­rakı iki ayda (may-iyun) Azərbaycanda bizim siyasətimiz”; Mahmudov Y., Şükürov K. “Qarabağ: real tarix, fakt­lar, sənədlər”. (Bakı, 2005); Ünüvar V. “İstiqlal həbimizdə bolşe­viklərlə 8 ay. 1920-1921”. (İstanbul, 1948); Ататюрк M.K. «Из­бран­ные речи и выступления». (Москва, 1996); «Великая Окт­ябрь­ская социалистическая революция и победа советского власть в Армении». (Ереван, 1957); «Декреты Азревкома 1920-1921. сбр. док». (Bakı, 1989); «К истории образования НКАО Азерб. ССР 1918-1925. Док и мат. (Bakı, 1989); Нагорный Кара­бах в 1918-1923 гг. (Ереван, 1923) və digər mənbələrdə geniş təhlil edilmişdir. Yuxarıdakı mənbələrə əsaslanaraq Qarabağ üsya­nının o cümlədən Xocalıdakı milli müqavimət hərəkatının baş­lan­ması səbəb­lərini aşağıdakı qaydada ümu­miləşdirmək olar: Üsyanın başlıca səbəbi yeni haki­miyyətin siyasətindən ümumi narazılıq idi. Onun başlan­masına bilavasitə – təkanverən bolşeviklərin Azərbay­can hərbi his­sələrinin “sinfi baxımdan yad ünsürlərdən təmizlən­məsi” tədbiri oldu. Buna qarşı qəti narazılıq edən zabit və əsgərlər silaha əl atdılar; Azərbaycan xalqını başsız qoymaq məq­sədilə Azərbay­candakı müsəlman ziyalılar və burjuaziya həbs olunur və güllələnirdilər. Haki­miyyətin qeyri-azər­baycan­lıların əlində cəmləşdiyi Xocalıda bu proses xüsusi qəddarlıqla həyata keçirilir və əha­linin haqlı olaraq etirazına gətirib çıxarırdı; Bölgədə haki­miyyəti ələ keçirən mənsəb sahibləri – bolşevik və erməni emissarları azərbaycanlıları qarət və talan edir, onların var yoxlarını əllərindən alırdılar ki, bu da əhalinin yeni hakimiy­yətə qarşı narazılığına səbəb olurdu; Xocalının “Dövlət Məmurları” kəndlərdə qarətçi­liklə məşğul olur, kəndlilərin məhsul­larını, mal-qarasını müsadirə adı ilə zorla əllərindən alırdılar. Ərzaq sapalağı ilə kənd­lilərin vəziyyətini daha da ağırlaşdırmış və bütün bunlar isə onların narazılığını güc­ləndirmişdi; Siyasi parti­yaların – “əksinqilabçı, zəhmətkeş­lərin düşməni, istis­marçı” adı altında dam­ğalanması və fəa­liyyətlərinə qadağa qoyul­ması da üsyanlara gətirib çıxardı; Bölgədə terroru həyata keçirən Fövqəladə Komissiya “şübhəli ünsür” adı altında azərbaycanlı sahibkarlar, bəylər, tacirlər, varlılar, ziyalıları istintaqa cəlb edərək güllələyirdilər bu isə xalqın milli-müqavimətini yetişdirirdi; XI Qırmızı Ordunun erməni­lərdən və ruslardan ibarət Xüsusi Şöbəsinin özbaşı­nalığı xüsusilə dözülməz idi. Kimliyindən asılı olmayaraq bölgədə yaşayan azərbaycanlıların evlərində axtarışlar apa­rılır, əmlakları müsadirə edilir, ləyaqətləri tapdalanır, təhqir edilir bu isə münaqişələrə səbəb olurdu; Qırmızı Ordunun tim­salında mənfur siyasətlərinin “böyük qüvvəsi”ni duyan ermənilər bəhs edilən dövrdə Qarabağda o cümlədən onun bir hissəsi olan Xocalıda torpaq iddiası daha da genişlənmiş bölgədəki bütün azərbaycanlı kəndlər yandırılmış dinc əhali isə güllə-boran edil­mişdir. Qəzəb dalğası xalqın müqavimət hərəkatını yetirmişdi. Belə­liklə, bolşeviklər tərəfindən Xocalının “bolşevikləş­dirilməsi” siyasəti həm mahiyyət həm də üsul etibarilə istər-istəməz kütləvi narazılıq yaradan siyasət idi. Bu zəmində də 1920-ci il may çevrilişindən sonra bütöv­lükdə Qarabağda, o cümlədən Xocalıda sovet rejiminə qarşı müqavimət hərəkatı başlandı.

Xocalı üsyanının gedişi, məğlubiyyəti və nəticələri haqda ARPİİSSA f.1-də, f.276-da, f.256, f.85-də Rusiya Dövlət Hərbi Arxivində fond 7940, s.2, i.80, v. 49-50-də saxlanılan sənədlərdə “bakinskiy raboçiy”, “Kommunist” qəzetlərində, “Krasniy Arxiv” jur­nalının səhifələrində geniş şərh edilmişdir.

Qarabağda və onun bir hissəsi olan Xocalıda yeni yaradılmış erməni və ruslardan ibarət bolşevik hakimiy­yətinə, həm də erməni özbaşınalıqlarına, təcavüz­kar­lıqlarına qarşı xalqın milli azadlıq mü­ba­rizəsi başladı. 1920-ci ilin mayında Azərbaycan Milli Ordusunun əsas hissələri Qarabağ böl­gəsində yerləşdirildi. Əvvəlcə ərazi bü­tövlü­yümüzün qorun­ması uğrunda mübarizə məqsədilə, Dro, Nijde və Andranikin çirkin əməllərinin qarşısını almaq üçün bölgəyə daxil olan Milli Ordu hissələri, Qırmızı Ordu hissələrinin və yeni haki­miyyətin özbaşınalığına qarşı da biganə qalmadı. Azər­baycanın Milli Ordu hissələrinə polkov­nik Zeynalov başçılıq edirdi. Yeri gəlmişkən onu da qeyd edək ki, “Kommunist” qəzeti 22 may 1920-ci il 17-ci №-də yazırdı ki, Qarabağ üsyanına Zeynalov komandirlik etməsinə baxmayaraq orduda polkovnik Sofiyev, Pristav Kərimbəy Qalabə­yov, Yadigarov, həmidbəy və başqaları da rəhbər vəzifələr tutur­dular. Qara­bağ üsyanının hazır­lanması və müvəffəqiyyətlərində on­ların da xidmətləri olmuşdur. Azərbaycan xalqının çətin günündə onun dadına çatan Türk generalı nuru Paşa da öz dəstəsi ilə Qarabağ istiqamətində hərəkət etdi. 1920-ci il mayın axır­larında Qarabağın müx­təlif yerlərində Şəki, Tatar, Cavanşir, Ağdam süvari alayları, Bakı piyada alayı və Bakının 2 topçu diviziyası yerləşdirilmişdi [62]. Xalq, Milli Ordu hissələrini çox böyük sevinclə qarşıladı. Xocalıda nəzarət Milli Ordu hissələri və onun tərkibində vuruşan xalqın əlinə keçmişdi. Milli Ordu hissələrinin tərkibində 6 min döyüşçü var idi. 1920-ci il mayın 25-də nuru Paşanın dəstəsi Yevlaxdan Əsgərana, oradan da Şuşaya daxil oldu. Qeyd edək ki, Qarabağda üsyançılara polkovnik Həmid bəy başçılıq edirdi. ARPİİSSA-da saxlanılan sənədlərdən birində göstərilir ki, 1920-ci il mayın 29-da Qarabağda hakimiyyət üsyançıların əlinə keçdi. Qaryaginin Qocaəhmədli, Arış və Xatınbəyli kəndləri istisna olmaqla bütün qalan kəndlər üsyan­çıların əlinə keçmişdi... Belə bir şəraitdə Qaryagin İnqilab Komitə­sinin üzvləri 75 nəfərlik dəstələri ilə Qoc­əhmədlidə məskunlaşdılar. Onlar hadrut bolşevikləri ilə birləşdilər... lakin güclü xalq ordusu Qar­yagində inqilabçıların üzərində qələbə ilə nəticələndi [ARPİİSSA, f.276, s.2, i.84, v.57]. Arxiv sənədlərində daha sonra qeyd edilir ki, 20 nəfər fəal bolşevik həbs olunmalarına baxmayaraq, onlar həbsdən azad edildilər... Bu zaman, Njdenin quldur dəstəsi Edilli, Xır­man­cıq, Xankəndi, Quşçular, malıbəyli, Ağakənd və digər kəndlərə basqın edərək kəndləri çapıb taladılar... Üsyançılar həm də həmin erməni daşnak quldur dəstələrinə qarşı vuru­şurdular [ARPİİSSA, f. 256, s.16, i.129, v.57].

Zeynalovun Milli Ordu hissələri ilə birləşən hər iki ordu his­sələri Qarabağı o cümlədən Xocalını XI Ordu hissələrindən və daş­nak ermənilərindən təmizlədilər [62, s.18]. Ərazinin daşnaklardan təmizlən­məsində yerli bəy­lər ­də fəal iştirak etdilər. Bəhs etdiyimiz dövrdə Cavanşir qəzasında İnqilab komitəsinin sədri Adil Sulta­novda azər­baycanlılardan ibarət hərbi hissələri ilə üsyançıların tərə­finə keçmişdi. XI Ordunun 2-ci süvari korpusunun 32-ci atıcı divi­ziyası güclü bom­bardmançı təyyarələrdən istifadə edərək iyunun 15-də Qara­bağda baş vermiş üsyanı yatırdı. ARPİİSSA – 276 fondunda saxlanılan materiallara əsasən deyə bilərik ki, Qırmızı Ordu tərə­findən Qarabağda o cümlədən Xocalıda bom­bardman zamanı yüz­lərlə ev dağıl­dı və dinc əhali qırıldı. Bu vaxt Nuru Paşa mü­qavimət göstərməyin mənasız olduğunu görüb Şuşanı tərk etdi. Lakin Qarabağda Sultanbəy Sultanov hələ də müqavimət göstərirdi. General Cavad bəy Şıxlinski, Sultan­bəy Sultano­va kömək üçün 8 min adam, 24 ədəd pulemyot, 10 ədəd top və külli miqdarda ləva­zimat göndərdi. ARPİİSSA – fond 1-də S.Sultanovun fəaliyyəti geniş şərh edilmişdir. Mənbədə göstərilir ki, [f. 276, s.2, i.129, v.57] S.Sultanovun dəstəsi Andranikin, Dronun ən güclü qoşun hissələrinə böyük itkilər vermiş və ermənilərin “Böyük Ermənistan” yaratmaq planlarını yarımçıq qoymuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, S.Sultanovun qardaşı X.Sultanov 22 may 1920-ci ildə həbs edil­mişdi. Güclü müqavimətə baxmaya­raq, S.Sultanov da güclü, nizami XI Ordunun hücumu qarşısında aciz qaldı. Çünki, xalqının qədir­bilən, qeyrətli oğlu başa düşürdü ki, bombardmançı təyyarələrə mü­qa­vimət göstər­mək ağılsız­lıqdır. Bu döyüş minlərlə evin dağıl­masına, günahsız insan­ların məhvinə səbəb ola bilər. Odur ki, S.Sultanov 1920-ci il iyunun 14-də müqaviməti dayandırdı [f.1, s.85, i.89, v. 43]. Lakin Mikoyanın məxfi tapşırığı ilə S.Sultanova qəsd təşkil edildi. Xoş­bəxtlikdən atılan güllə onun başına yox, çənəsinə dəydi. S.Sultanov onu salamat buraxma­yacaqlarını başa düşüb Türkiyə­yə mühacirət etməli oldu.

“Kommunist” qəzeti (rus dilində), 24 iyul 1920-ci il, 44-cü nömrəsində Qarabağ üsyanının o cümlədən Xocalıda baş verən üsyanın yatırılması ilə bağlı geniş məlumatlar dərc etdirmişdir. Həmin sənədə əsasən deyə bilərik ki, xalqımızın erməni daşnaklarına və yeni yaradılmış quruluşa qarşı mübarizə tarixində Qarabağ Fədailəri xüsusi yer tutmuşlar. Güclü, hərbi təlim görmüş, təpədən-dırnağadək silahlanmış erməni-rus birləşmiş nizami ordusu 1920-ci il iyunun 15-də hücum edib Qarabağdakı xalq üsyanlarını yatırdı. Həmin vaxt Q.G.Orconikidze V.İ.Le­ninə teleqram vurdu ki, “Qara­bağda qiyam ləğv edilib. Nuru Paşa başda olmaqla qiyam rəhbərləri qaçıblar” [ARPİİSSA, f.1, s.85, i.89, v.43].

“Krasnıy Arxiv” jurnalı №5-də 1936-cı il sayında yazırdı ki, “Qarabağ üsyanı yatırılan vaxt qoşqu ləvazimatları və atlarla birlikdə 8 top, 46 plamyot, döyüş materialları, tüfəng və plamyot olan çoxlu anbar Qırmızı Ordu tərəfindən ələ keçirilmişdir” [s.14]. “Bakinskiy raboçiy” qəzeti isə 12 fevral 1923-cü il 42-ci nömrəsində Qarabağ üsyanının yatırılmasından, Qırmızı Ordunun əlinə 300-dən artıq at, 400 dağ batareyası və 2 min əsir keçməsindən bəhs edir. Rusiya Dövlət Hərbi Arxivində [f. 7940, s.2, i.80, v.49-50] saxlanılan ma­terial­larda da Qarabağ üsyanı o cümlədən Xocalıda baş verən 1920-ci il milli-müqavimət hərəkatı haqda kifayət qədər məlumatlar vardır. Doğrudur həmin mənbələrdə Qarabağ üsyanı o cümlədən Xocalıda milli müqavimət hərəkatı “qi­yam” adlandırılmış, üsyan rəhbərləri “Fitnəkar” kimi qiymət­ləndirsə də, buradakı mənbələr tariximizin şanlı səhifələrinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb etmişdir və edir.

Beləliklə, Qarabağda və həmçinin Xocalıda xalqımızın ərazi bütövlüyü, azadlıq uğrunda apardığı milli-azadlıq mübarizəsi qan içində boğuldu. Azərbay­canlılar yaşayan kəndlər cəhənnəmi xatır­ladırdı. Bütün evlər yandırılmış və dağıdılmışdır. Xalq üsyanlarının məğlub olması səbəblərini araş­dırarkən Azərbay­canın başqa böl­gələrindən fərqli olaraq bölgədə özünəməxsus xüsusiyyətlərinin ol­masını aşkar edirik. Başqa ərazilərdən fərqli olaraq Qarabağ üs­yançıları həm ermənilərə qarşı ərazi bütövlüyü uğrunda, həm də qırmızı Ordu hissələrinə qarşı azadlıq uğrunda döyüşməli idilər. Bu isə qüvvələr nisbətini zəiflədirdi.

“Kommunist” qəzeti 22 may 1920-ci il 18-ci nömrəsində böl­gədəki üsyanın məğlubiyyət səbəblərindən birinə aydınlıq gətir­mişdir: Üsyanın gedişində milliy­yətcə erməni olan kommunistlərin öz silahları ilə birlikdə daş­nakların tərəfinə keçməsi faktları aşkar edilmişdir. Məsələn, 1920-ci ilin mayında 1200 erməni kommunisti onlara veril­miş tüfəng və patronları ilə birlikdə Nijdenin dəstəsinə qoşulmuşlar [283]. Bu da qüvvələr nisbətinin erməni və ruslar tərəfdə olmasına şərait yaratmışdır.

Həm XI Qırmızı Ordu hissələri, həm də Dro, Nijde və Andrani­kin dəstələri uzun müddətli müharibələr apardıqları üçün böyük döyüş təcrübəsinə malik idilər. Bu isə müha­ribənin gedişində özünü büruzə verirdi.

Üsyanın məğlub olması səbəbləri rusiya Dövlət hərbi Arxi­vində saxlanılan sənədlərdə öz əksini tapmışdır. Bun­lardan biri, bu günədək mətbuatda səslən­mə­yən, lakin böyük maraq kəsb edən səbəbdir. Sənəddə göstərilir ki, İrandan sərhədi keçərək qarətçiliklə məşğul olan quldur dəstələri də, bu dövrdə fəaliyyət göstərirdi ki, həmin dəstələr özlərini üsyançı kimi göstərirdilər. Üsyançı adı altında fəaliyyət göstərən quldur, qarətçi dəstələr əhalidə əsl üsyan­çılara inamı azaldırdı. Bu isə qüvvələr nisbətini azaldırdı… Eyni zamanda, Xocalı ərazisində bir-birilə düşmən­çilik edən qruplar fəaliyyət göstərirdi ki, bu da qüv­vələr nisbətini zəiflədir və üsyanın məğlub olmasına şərait yaradırdı [Rusiya Dövlət hərbi Arxivi, f.195, s.1, i.8. v.3-4].

Ordunun texniki cəhətdən təchiz edilməsində də fərqlər müşa­hidə edilirdi. Adicə Qırmızı Ordu hissələrinin bom­bardmançı təyya­rələrdən istifadə etməsi, döyüşən Milli Ordunu psixoloji cəhətdən ruhdan saldı və məğlub olmasına şərait yaratdı.

Bəhs edilən dövrdə erməni daşnakları Qarabağ bölgə­sinə xüsu­silə Xocalıya özlərinin xüsusi hazırladıqları “təb­li­ğatçı dəstələr” göndərdilər. Onlar ərazidə yaşayan ermə­niləri öz tərəflərinə çəkə bildilər ki, bu da daşnakların qüv­vələrini artırırdı. Eyni zamanda, 1828-ci ildən Qarabağa köçürülərək burada yaşayan ermənilər yerli şəraiti yaxşı bilir və daşnaklara bələdçilik edirdilər.

Özlərinin gizli məqsədləri olan Qərb dövlətləri erməni daş­naklarından bir alət kimi istifadə etməyə başladılar və onları ərzaq, döyüş sursatı və silahla təmin etdilər. Həm də erməni daşnakları həmin dövlətlər tərəfindən beynəlxalq aləmdə dəstəklənirdilər.

Azərbaycanlılar içərisində də, “yeni quruluşun ədalətli gələ­cə­yi”nə inanan qüvvələr var idi ki, onların üsyançıların tərəfində olmaması qüvvələr nisbətini azaldırdı.

Tarixçi A.Steklov “Azərbaycanda Müsavat ordusu” (Bakı, 1920) adlı əsərində Qarabağ üsyanının məğlub olması səbəblərindən biri kimi onu göstərir ki, Müsavat ordusu (üsyançılar nəzərdə tutulur – N.M.) içərisində hərc-mərclik hökm sürürdü. Müəllifin qeyd etdiyinə görə 1920-ci ildə 5-ci Bakı Piyada Polkunda 1700 nəfər əsgərin adı olmasına baxmayaraq, Qarabağa gedəndə onlardan yalnız 700 nə­fəri qaldığı, 4-cü polkda isə 1500 qarşı 375 nəfər qaldığı qeydə alınmışdır. Bu isə qüvvələr nisbətinin Qırmızı Ordunun xey­rinə dəyişməsinə səbəb olurdu [s. 67-69].

1920-ci ildə Qarabağda o cümlədən Xocalıda baş vermiş üsyanın Gəncə, Zaqatala, Lənkəran, Naxçıvan üs­yan­ları ilə əlaqənin olmaması bu üsyanların müxtəlif vaxtlarda baş verməsinə, ayrı-ayrılıqda onların hər birisinin qırmızı Ordu hissələri tərə­findən asanlıqla məğlub edil­məsinə səbəb oldu.

Üsyanı idarə etmək üçün vahid mərkəz yaradıl­mamışdı. Bu isə öz növbə­sində üsyanın müxtəlif vaxtlarda, plansız keçirilməsinə və kortəbiiliyin baş vermə­sinə, son nəticədə isə ümumxalq üsyanına çevrilməməsinə və məğlub olmasına gətirib çıxarmışdır.

Bütövlükdə Qarabağda, o cümlədən Xocalıda baş ver­miş olan 1920-ci il xalq üsyanının qan içində boğulmasına baxmayaraq, çox böyük əhəmiyyəti ol­muşdur. Belə ki, bu üsyan yeni hakimiyyətə qarşı milli-azadlıq hərəkatının başlanğıcını qoyaraq onun ilk parlaq səhifəsini təşkil etdi. Eyni zamanda bölgəni işğal edən qüvvələr – erməni daşnaklarına və XI Ordu hissələrinə əyani sübut olundu ki, xalqımız öz azadlıq və ləyaqəti uğrunda mübarizə iqtidarına malik­dir. Üsyan yeni yaranmış hakimiyyəti sarsıdaraq, xalq hərəkatının gələcəkdə inkişafına təkan verdi. Üsyan nəti­cəsində bolşevik haki­miyyətinin siyasi böhranı daha da dərinləşdi. Xalqın qəzəbi aşıb daşırdı. Ermənilərin bolşevik hakimiyyəti ciddi təhlükə altında olduğundan, onlar ardıcıl olaraq azərbaycanlılara qarşı rep­res­siyalara əl atdılar. Min­lərlə dövlət məmurlarımız, ictimai-siyasi xadim­ləri­miz, nü­fuzlu elm adamlarımız, ümumiyyətlə, bütün namuslu və qey­rətli görkəmli şəx­siyyət­lərimizin bir hissəsi həbs edildi, sürgün edildi, istintaqsız və məhkəməsiz güllələndi, digər qismi isə vətənini tərk edib mühacir həyatı keçirməyə məc­bur edildilər.

ARPİİSSA-nın 410-cu fondunda saxlanılan sənədlərdə 1920-ci il üsyanı, onun məğlub olma səbəbləri və nəticələri haqda müfəssəl məlumatlar vardır. Həmin sənədlərə istina­dən deyə bilərik ki, Azərbaycanı bütövlükdə öz müstəm­ləkə­sinə çevirən Rusiya, artıq daşnakların bölgədəki qarət­ləri, dağıntıları ilə barış­maq istəmirdi. Odur ki, Qızıl Or­dunun 1-ci, 2-ci, 3-cü, 4-cü, 177-ci, 178-ci polkları və 1-ci Qafqaz korpusu 1921-ci il iyulun 3-də general Nijdenin qoşunlarını məğlub etdilər. Nijde Qafan dağlarına çəkilib Miqridən İrana qaçdı [s.1, i.293, v.36]. Daşnak qoşunları məğlub olsa da, ermənilərin məkirli ərazi iddiaları hələ də davam edirdi. Bütövlükdə Qarabağda, o cümlədən Xocalıda vəziyyət əvvəlki kimi böh­ranlı olaraq qalırdı. Bütün bunlara baxmayaraq, üsyanların və onun rəhbərlərinin Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsi tarixində çox mühüm yeri vardır. Onlar Azərbaycan xalında istiqlal ideyalarının hələ sönmədiyini, onun azadlıq uğrunda ölümə getmək əzmində olduğunu nümayiş etdirən hadisələr kimi tarixi­mizə daxil olmuşdur. Bu üsyanlar və müqavimət hərəkatı xalqımızın istiqlal arzusu ilə yaşayan sonrakı nəsillər üçün örnək rolunu oynadı.

Azərbaycanda kənd təsərrüfatının sosialistcəsinə yeni­dən qurul­ması – kollektiv­ləşmə Respublikamızın 1920-1930-cu illər tarixinin ən dəhşətli səhifələ­rindən biri hesab edilir. Bu illər Qarabağın kən­dinin o cümlədən Xocalının tarixinə ən ağır, əzablı və dəhşətli dövr kimi daxil olmuşdur. 1920-ci illərdə sənayeləş­dirmədə baş verən yeniliklər kəndin ictimai-iqtisadi həyatında köklü dəyişik­liklər keçirilməsini də şərtləndirdi. Qarabağda, o cümlədən Xocalıda kənd təsərrüfatı pərakəndə vəziyyətdə idi və xırda fərdi təsərrüfatlar üs­tünlük təşkil edirdi. Bu sahədə yaranmış böhrandan çıxış yolunu Stalin kənd təsərrüfatını hər vasitə ilə kollektivləşdirməkdə görürdü. XV partiya qurultayı (dekabr 1927-ci il) xırda fərdi kəndli təsər­rüfatlarını birləş­dirməyi və onları iri kollektivlərə çevirməyi kənddə əsas vəzifə kimi qoymuşdu [1]. Qurultayda kooperasiyanın bütün forma­larının inkişaf etdirilməsi, yeni texnika əsasında təd­ricən tor­pağın elliklə becəril­məsinə keçilməsi nəzərdə tutulurdu. Kənd təsər­rüfatının kooperativ­ləşməsi haq­qında qərarda müddət, xüsusilə for­ma və üsulları barədə konkret vəzifələr müəy­yənləşdirilməmişdi. Qurultayın qolçomaqlar haqqında qərarında iqtisadi metodlarla on­ların istismar imkanlarını azaldan tədbirləri nəzərdə tutulurdu, hətta qeyd olunurdu ki kollektiv­ləşmə “ancaq zəhmətkeş kəndlilər tərə­findən razılıq olması şərti ilə” həyata keçirilə bilər.

XX yüzilliyin 20-ci illərinin ikinci yarısından bu siyasət Qarabağda, o cümlədən Xocalıda həyata keçirilməyə başlandı. Kol­lektivləşmənin məna və mahiyyətini hələ tamamilə dərk etmə­miş, ona hazır olmayan Xocalı ərazisi üçün bu proses çox dəhşətli keçmişdi.

Rusiyada başlamış bu proses Qarabağda, o cümlədən Xocalıda daha çətin həyata keçirilmişdi. Azərbaycan rəh­bərliyi o cümlədən Qarabağ və Qaryagin ali hakimiyyət orqanları “yarışmaq” prin­sipin­dən istifadə etmişdi. Mərkəz­dən müəyyən olunmuş müddətə görə hələ dörd il vaxtın qalmasına baxma­yaraq, Azərbaycan rəhbərliyi tələsərək qısa bir vaxtda elliklə kollektivləşməni başa çatdırmaq qərarına gəlmişdi. Həmin məqsədinə çatmaq üçün Xocalının yerli sovet, partiya orqanları zorakılıq yolu ilə kəndliləri kolxoz­lara toplamağa başlamışdılar. Bu məqsədlə iyirminci illərin ikinci yarı­sından kollektivləşmə həftəlikləri təşkil edilmişdi. Kolxoza könüllü gəlməyənləri məcbur edir, həbs edir, “kulu­ka” salır, hədələyir və digər inzibati tədbirlər həyata keçi­rirdilər [2]. Hətta Xocalının yerli hakimiyyət orqanları öz bölgələrini elliklə kollektivləşmə rayonları elan etmiş, geniş miqyasda kağız üzərində kolxozlar yaratmağa baş­lamışdılar.

Xocalıda kollektivləşmə həyata keçirilərkən ən dəhşətli faciə­lərindən biri qolçomaqlara və onların tərəfdarlarına divan tutulması ilə müşayiət olunurdu. Sovet rejimi yaran­dığı gündən qolçomaqlara düşmən münasibət bəsləyirdi [3]. 1928-ci ildən sonra onları məh­dudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yüksək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur sax­lamaq, torpağını və texnikasını icarəyə vermək məhdudlaşdırılırdı. Lakin kütləvi kolxoz hərəkatı başlandıqdan sonra elliklə kollek­tivləşmə əsasında qolçomaqları bir sinfi kimi ləğv etmək siyasətinə keçildi. Xocalıda yüzlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edildi və ya sürgün olundu. Bütün bunlarla yanaşı Xocalıda kollek­tivləşmə dinə, milli ənənə­lərə qarşı mübarizə ilə müşayiət olundu. Bu prosesdə çox yerlərdə məscidlər ya dağıdılır, ya da anbara, kluba, kitabxa­naya çevrilirdilər. Qadınların çadraları əlindən alınırdı.

Xocalıda ehtiyatla həyata keçirilməsi nəzərdə tutulan siyasətin pozulması kəndlərdəki ciddi təsərrüfat çətinlik­lərini aradan qaldır­mağa mane olurdu. Kəndlilərin yoxsul, qismən də ortabab təbəqəsi iflas səviyyəsində idi. Bütün bunlar Xocalı ərazisinin əhval-ruhiy­yəsinə təsir edir, on­ların narazılığına, hətta kənd­lərdə sinfi mübari­zənin kəs­kinləşməsinə səbəb olurdu.

Varlılar, mülkündən məhrum olmuş təbəqələr, sovet hakimiy­yətinə qarşı olan qüvvələr hələ də sovet üsul-idarəsini devirmək ümidində idilər. Onlar ağır təsərrüfat pozuntusu, əhalinin maddi vəziyyətinin ağırlaşması və keçən əsrin 20 illərinin ortalarında inzi­bati-amirlik orqan­larının fəaliyyəti ilə bağlı ölkənin daxili vəziy­yətində yaranmış siyasi böhrandan istifadə edərək, öz arzu və məq­sədlərini həyata keçirməyə cəhd göstərirdilər [5].

Bu vaxt Xocalıda kəndli həyəcanları baş verirdi. Bu çıxış­lar rəsmi hakimiyyət orqanları tərəfindən “əksinqilab” kimi qiymət­ləndirilir və ya “siyasi quldurluq” hesab olunur­du.

1927-1929-cu illər kollektivləşmə ərəfəsində Qaraba­ğın hər yerində o cümlədən Xocalıda varlı kəndlilərin, din xadimlərinin, AXC dövlət xadimlərinin kolxoz quruluşuna, hüquqlarının tapdalan­masına, əmlaklarının müsadirəsinə zo­ra­kı­­lıqlara, inzibatçılığa qarşı müqaviməti genişləndi. Bəhs olunan dövrdə Xocalıda milli müqa­vimət hərəkatı müxtəlif formalarda təzahür edirdi. Varlı kəndlilər ilk növbədə kolxoz quruluşu əleyhinə təbliğat-təşviqat aparır, narazı kəndliləri öz tərəflərinə çəkirdilər. ARPİİSSA-də saxlanılan sənəd­lərdən birində göstərilir ki, Qarabağın kəndlərində qolçomaqlar və din xadimləri kəndliləri öz ətrafında toplayaraq həmin kənddəki kolxozu dağıtmağa çalışmışdılar [10].

Həmin Arxivin başqa bir vərəqində göstərilir ki, 1928-ci ilin sonlarında Xocalının kəndlərindən birində yeni yaranmış kolxozu dağıtmaq üçün qolçomaqlar kəndlilər və kolxozçular arasında belə bir fikir formalaşdırırdılar ki, dövlət kolxoz tarlalarından becərilən və yığılan bütün məhsulu alacaq, hər adama yalnız iki girvənkə məhsul saxlayacaqdır…[18]. Aclıq, yoxsulluq və qıtlıq 1928-ci ildə son həddə çatmışdı... Xocalıda həmin ilədək süni surətdə yaranmış bütün kollektiv tə­sər­rüfatların dağılması ilə nəticələnmişdir. Lakin bölgəyə əlavə-yeni sovet işçi he­yə­tinin daxil olması ilə Xocalıdakı dağılan kolxozlar yenidən bərpa edilmişdir [6].

1928-1929-cu illərdə mülkiyyətdən məhrum edilən­lə­rin müqa­vi­mət formala­rından biri də kənd təsərrüfatı alət­lərinin, xüsusən trak­torların sıradan çıxarılması, kolxoz ti­kililərinin yandırılması ilə mü­şayiət edilmişdir. Mənbə­lər­dən birində göstərilir ki, 1929-cu il yaz əkini kampaniyası zamanı Xocalı ərazisində qolço­maqlar tərəfindən kənd təsərrüfatı maşın­la­rının, o cümlədən traktorların xarab edilərək sıradan çıxarıl­ması halları qeydə alınmışdır [20].

Xocalıda qolçomaqların müqavimətinin güclənməsi Sovet haki­miyyətinin kənddə həyata keçirdiyi torpaq quruluşu tədbirlərinə maneə olmaqda da özünü göstərirdi. Çünki torpaq quruluşu siyasəti ilə yaxşı və məhsuldar torpaqlar varlı kəndlilərin əllərindən alınaraq kolxozların ixtiyarına verilirdi. Bu siyasət varlı kəndlinin iqtisadi mövqeyini kökündən sar­sıdır və onu sıxışdırırdı. Ona görə də torpağı əlindən alınan sahibkar, torpaq quruluşunun keçirilməsinə var gücü ilə mane olurdu. 1928-ci ilin yayında Xocalı ərazisində kollektiv təsərrüfatlarda yer quruluşu aparılarkən torpaq sahib­ləri bu işə mane olmuş və müqavimət göstər­mişlər [21].

Qarabağın təbii şəraiti burada silahlı yolla müqavimət göstər­məyi şərtlən­dirirdi. Ərazinin əlçatmaz dağları, çətin keçilən yolları, çıxılmaz meşələri və sair silahlı dəstələrin fəaliyyətini şərtləndirirdi. “İttihad” və “Müsavat” partiya­ları xal­qın düşdüyü ağır vəziyyəti görür və 1927-1929-cu illər Qarabağ müqavimət hərəkatını dəs­təkləyir, onlara düz­gün məsləhətlər verirdilər. “Müsavat” Partiyasına Məmməd Əmin Rəsulzadə, “İttihad” Partiyasına isə Xosrov bəy Sul­tanov başçılıq edirdi [23]. Çox təəssüflər olsun ki, sovet tarix­şünas­lığında hər iki tarixi şəxsiyyət “müti qul”, “qanlı cinayətkar”, “vəhşi cəllad” kimi təqdim edilirdi. Çünki hər iki şəxsiyyət Azərbaycanın müstəmləkə əsarətini istəmir, döv­lətimizin müstəqilliyi, ərazi bü­tövlüyünü təqdim edir və buna çalışırdılar. Bütün bunlar isə rəsmi Moskvanı və onun müstəmləkələrə təyin etdiyi rəhbərləri qane etmirdi. Ona görə də hər iki qeyrətli Azəri-türk oğlunu xalqın gözündən salmaq üçün min-bir cəfəng qarayaxmalara məruz qoyur­dular.

Sovet dönəmində Azərbaycan xalqına düşmən kimi təqdim edilən hər iki partiya İstanbulda bir araya gələrək “Azərbaycan Milli Komitəsi”ni təşkil etmiş­dilər [24]. Bununla yanaşı, Qafqaz regio­nunu əhatə edən, onların vətən­pərvər qüvvələrinin iştirakı ilə “Qaf­qaz Konfenderasi­yasının İstiqlaliyyət Komitəsi” adlı təşkilat yara­dılmışdır. Onu da qeyd edək ki, “Komitə”nin tərkibinə mülkədarlar, knyazlar, bəylər, xanlar, neft sənayeçiləri, din xadimləri, qolço­maq­lar, tacirlər daxil idilər [25]. Hər iki “Komitə” xalqları ümumi düş­mənə qarşı vahid cəbhədə birliyə çağırırdı. M.Ə.Rəsulzadə çıxış­larından birində göstərirdi ki, “İnsanpərvərlik və mədəniyyət naminə Avropa, Asiya və Amerika ictimaiyyəti və hökumətləri qüdrətli Zaqaf­qaziya Konfederasiyasının yara­dılması işinə kömək etmə­li­dirlər” ... [26]. Onların vahid bir məqsədi var idi: “Zaqafqaziyadan qırmızı inqilabı qovmaq, bölgəni dünya ilə ticarət apara biləcək əsas məntəqəyə çevirmək və bolşevizmin Şərqə yayılmasının qarşısını almaq” [27].

Çox keçmədi ki, “Qafqaz Konfederasiyasının İstiqla­liy­yət Ko­mi­təsi” “Ukray­na xalqlarının Müdafiə Komitəsi” ilə birləşib “Qafqaz və Ukrayna xalq­larının Milli Müda­fiəsi” adlı təşkilat yaratdılar. Bütün yuxarıda adıgedən Komitə və Təşkilatların Parisdə nəşr edilən “Prometey” adlı aylıq jurnalları da var idi. Jurnalın səhifələrində “Qırmızı terrorun” mahiyyəti, SSRİ hökumətinin gizli məqsəd və məramı açıqlanır və bu bəladan xilas olmaq üçün xalqları birgə mübarizəyə səsləyirdi [28].

“Müsavatçılar və İttihadçılar” Qafqaz və Ukrayna mühacirləri ilə birlikdə “Prometey” jurnalının nəşrində fəal iştirak etməklə bərabər, xüsusi orqana da malik idilər. Belə ki, onlar Parisdə “Yeni Qafqaziya” adlı qəzeti və “Azər­baycan” adlı jurnalı nəşr etdirib xalqın içərisində yayır­dılar. Onu da qeyd edək ki, İran və Türkiyə dövlətləri də sosializm bəlasının onların ölkələrinə yayılmaması üçün Azərbaycan mühacirləri ilə eyni cəbhədən Sovet rejiminə qarşı çıxırdılar [29]. Hətta, Təbrizdə “Müsavat Azərbay­canın bərpa edil­məsi” adlı komitə də yaradıl­mışdı ki, onun fəaliyyət proqramında islamın müqəddəsliyinin müdafiəsi, kəndliyə qarşı tətbiq edilən qeyri insani tədbirlərin dayan­dırılması xüsusi mülkiy­yətin toxunulmazlığı, yeni rejimin məhvi və onun yayıl­masının qarşısının alınması var idi [32].

1927-ci ildən Qarabağda kollektivləşmənin ilk illərin­dən məs­cidlər dağı­dıldı, din xadimləri sıxışdırıldı, milli-adət-ənənələrimiz qadağan edildi, kolxoz quru­culuğunda əyintilər, səhvlər, zorakılıq, inzibatçılıq, qolçomaqlara, varlı və ortabab kəndlilərə qarşı çevrilmiş kobud, qeyri insani tədbirlər kənd­lilərin kütləvi narazılıqlarına səbəb oldu [30]. Belə bir şəraitdə Azərbaycan mühacirləri öz nümayən­dələrini Azərbaycana göndərir, qolçomaqlar, burjua ziyalı­ları, din xadimləri, bəylər, tacirlər, səlimçilərlə əlaqə yaradır və xalqı birgə mü­barizəyə istiqamətləndirirdilər. 1927-ci ilin aprelindən, Türkiyə və İran­dakı Azərbaycan mühacirləri sərhədləri keçib öz vətən­lərinə gəldilər. Onlar “Azərbaycan xalqına” müraciət edərək Sovet rejiminə qarşı silahlı çıxış etməyə çağırdılar. Müha­cirlər sərhədi keçdikdən sonra Qarabağın müxtəlif yerlərində gizli təşkilatlar yaratmağa başladılar [31]. Qarabağda ilk belə təşkilat Xocalıda da yaradılmışdı. İttihad­çılardan ibarət olan həmin təşkilat yerli qolçomaqlar, varlı və ortabab kəndlilər din xadimləri, keçmiş ziyalılarla əlaqə yaradaraq, onların öz xahişləri əsasında təşkilata daxil etdilər. Onların birgə qəbul etdiyi qərara əsasən 1927-ci il mayın 1-də Qarabağın qəza­larında üsyan qaldır­malı, Yevlax stansiyasını tutmalı və Bakı ilə əlaqəni kəsməli idilər [27]. Təşkilatın yerlərdəki dayaqlarının zəif­liyi, əhalinin bütöv­lükdə hamısının bu işə cəlb edilə bilməməsi, qüvvələr nisbətindəki uyğun­suzluq həmin üsyanın məğlub olması ilə nəticələndi. 1927-ci il aprelin 28-də Qarabağda fəaliyyət gös­tərən “İttihad” təşkilatının başçıları və üsyançıların ək­səriy­­yəti həbs edil­dilər. Lakin bütün bunlar üsyançıları sarsıtmadı. Onlar 1927-ci il mayın 15-də yenidən üsyan etsələr də məğlubiyyətə uğuradırlar [28].

Bəhs etdiyimiz dövrdə Xocalıda Sovet rejiminə qarşı müqa­vimət göstər­məyin ən kəskin forması kiçik süvari qaçaq dəstələri ilə mübarizə aparmaq olmuşdur. Həmin dəstələrin tərkibi keçmiş bəylər, mülkədarlar, qolçomaqlar, varlı və ortabab kəndlilər tacirlər, yüz­başılar, din xadim­lərindən ibarət idi. Xocalının yerləşdiyi təbii-coğ­rafi mövqe qaçaq silahlı dəstələrinin geniş fəaliyyət göstər­məsini şərtləndirirdi. Həmin dövrdə Xocalıda baş verən silahlı milli-müqavimət hərəkatı qan içində çox amansızlıqla boğuldu. Müqa­vimət hərəkatı iştirakçıları həbs edildi. Bir hissə güllələndi digər bir hissə isə sürgün edildi. 1927-1929-cu illəri əhatə edən milli müqa­vimət hərəkatının məğlub olması səbəbləri üsyançılar arasında əlaqələrin zəifliyi, üsyanların qeyri-mütəşəkkili, Qarabağ erməni­lə­rinin Qırmızı Ordu tərəfindən döyüşməsi, üsyançıların hərbi cəhət­dən, xüsusilə silahlanma cəhətdən qarşı tərəfə nisbətən zəif olması ilə bağlı olmuşdur [33]. Xocalıda baş verən 1927-1929-cu il milli-müqavimət hərəkatı məğlub olmasına baxmayaraq xalqımızın müstə­qillik ideyalarının hələ də sönmədiyini, gələcək nəsillər üçün örnək olduğunu nümayiş etdirdi.

Qeyd edək ki, kənd təsərrüfatının kollektivləşməsinin ikinci mərhələsi 1930-cu illəri əhatə etmiş və Xocalının tarixinə ən ağır, əzablı və dəhşətli dövr kimi daxil olmuş, kolxoz quruculuğunda yol verilən səhvlər, zorakılıq, qolçomaqlara, varlı və ortabab kəndlilərə qarşı çevrilmiş kobud tədbirlər kənd­lilərin narazılığına səbəb olmuş, bölgədə sovet rejiminə qarşı kütləvi xalq üsyanları baş vermiş, lakin sovet hərbi hissələri tərəfindən çox qəd­darlıqla yatırılmış kütləvi repressiyalar, sürgünetmə, soy­qırımı tətbiq edilmiş kənd təsərrüfatı zorakılıq yolu ilə kollektiv­ləşdirilmişdi.

Keçən əsrin iyirminci illərinin ikinci yarısından Qara­bağda o cümlədən Xocalıda sosializm ideyalarının əməli olaraq reallaşdırıl­ması məqsədilə xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yenidən qurulmasına baş­landı. Yenidənqurmanın başlıca istiqamət­ləri sənayeləşdirmə, kol­lektivləşdirmə və bolşevizmin ideologiyasına xidmət edən mədəni quruculuq idi ki, bununla Moskva planlaş­dırmada və idarəçilikdə sərt mərkəzləşdirmə və kommunist par­tiyasının şəriksiz ağalığını bərqərar etmək niyyətində idi. Kollektiv­ləşdirmə Xocalıya ən ağır, əzablı və dəhşətli bir dövr kimi daxil olmuş və Vətənimizin tarixinin ən dəhşətli səhifələrindəndir. Çünki, həmin dövrdə sovet və partiya orqanları zorakılıq yolu ilə kəndliləri kolxozlara toplayır, kolxozlara daxil olmaq istəməyənlər məcbur edilir, həbs edilir və sürgün edilirdilər.

XX yüzilliyin iyirminci illərinin axırlarından mərkəzin irəli sürdüyü yeni siyasi xətt Qarabağın hər yerində, o cümlədən Xocalıda əhalinin böyük bir hissəsinin nara­zılığına səbəb olmuş və bu da bölgədə sovet hakimiyyəti, kollektiv­ləşdirmə əleyhinə üsyanlarla nəti­cələnmişdir. Kol­lektivləşmə siyasətinin ilk illərində qolçomaq­larla bağlı heç bir göstəriş verilməmişdi. Lakin 1930-cu il yanvarın 11-də “Pravda” qəzetinin “Qolçomaqları bir sinif kimi ləğv etmək günün vacib məsələsidir” adlı baş məqaləsindən sonra kənddə varlı təbəqəyə qarşı repressiyaların genişlənməsinə rəvac verilmiş oldu [41].

Artıq həmin vaxtdan qolçomağı “yer üzündən silmək” fikri formalaşdı. Qolçomaqların bir sinif kimi ləğv etmək siyasətinin kon­kret üsul və yolları ÜİK(b)P MK-nın 30 yanvar 1930-cu il tarixli “Elliklə kollektivləşmə rayon­larında qolço­maq təsərrüfatlarının ləğv edilməsi tədbirləri haqqında” qərarında göstəril­mişdir. Qərarda, varlı kəndlini kollektivləş­mənin qatı düşməni kimi güllələnməsi, sürgün edilməsi kimi tədbirlər göstərilmişdi. Bu dövrdə yoxsulları varlı kəndlilərə qarşı qoyur, onlar arasında düşmənçiliyi qızışdırırdılar [42]. Bu siyasət ağır faciə­lərə gətirib çıxardı. Eyni zamanda, əhalinin şəxsi təsərrüfatında olan hər şeydən vergi alınırdı ki, bu da kütləvi narazılıq yaradırdı. Apardığımız araşdırmalardan məlum olur ki, 1930-cu illə müqayisədə 1931-ci ildə Xocalıda qolçomaq təsər­rüfat­ların sayı 50 faiz azalmışdı [43]. Onlar gəlirlərinin 100 faizini vergi kimi verirdilər. 1930-cu il fevralında “Qolçomaq təsərrüfatlarının özbaşına köçməsinin və onların əmlak­larının satılmasının qadağan edilməsi haqqında” qərardan sonra Xocalıda özba­şına köçən və əmlakını satan varlı kəndlinin əmlakı müsadirə olundu və kolxozlara verildi [44]. Bu tədbir praktik olaraq qolçomaqların bir sinif kimi ləğvinə yönəlmişdi. Əmlakı əlindən alınan varlı kəndli etiraz olaraq mal-qaranı gizli yolla kəsməyə başladı. Lakin Azərbaycan XKS “Azərbaycan SSR-də heyvanların gizli kəsilməsinə qarşı mübarizə haqqında qərar qəbul etdi [45]. Bütün bu və ya digər tədbirlər Xoca­lıda heyvandarlıq təsər­rüfatına böyük zərbə vurdu və kütləvi aclığa səbəb oldu”.

Belə bir vəziyyətdə kollektivləşməyə qarşı gizli və açıq yolla müqavimət hərəkatı genişləndi. Qolçomaq fəallarının məhv edilməsi məqsədilə 2 fevral 1930-cu ildə Baş Dövlət Siyasi İdarəsi “Qolço­maqların ləğv edilməsi və onların əksinqilabçı hərəkətlərinə zərbə endirilməsi” qərarını qəbul etdi və bundan sonra onların kütləvi sürgününə başlandı [12]. Ağır vergilər, müsadirəçilik kompaniyası, sürgünlər aclıq, yoxsulluq Xocalıda xalqın sovet rejiminə və kol­lektivləşməyə qarşı kütləvi müqavimət hərəkatına səbəb oldu. 1930-cu ilin birinci yarısında Xocalının kolxozlarında qolçomaqlar və onların tərəfdarları tərəfindən sovetləş­məyə qarşı 20-dən çox akt törədilmiş və hətta kolxoz quruluşu təşkilatçıları əleyhinə terror fəaliyyəti də güclənmişdi. Xüsu­si olaraq, Xocalıdakı Qaçaq hərəkatı yeni cəmiyyət üçün çox təhlükəli idi. Ona görə də, Mərkəz ciddi tədbirlər həyata keçirdi. Belə ki, 25 fevral 1930-cu ildə ÜİK(b)P Siyasi Şurası, “Geri qalmış milli rayonlarda kollektivləşmə və qolço­maqlara qarşı mübarizə haqqında” xüsusi qətnamə qəbul etmiş və bütün respub­likalara qolçomaqların dərhal tutulub islah düşərgə­lərinə göndərilməsi tapşırığı verildi [47]. Həyata keçirilən kütləvi sürgünlər heç də xalq hərə­katının qarşısını ala bilmədi. Əksinə 1931-ci ildə Qarabağda antisovet üsyan­ları geniş vüsət aldı.

“RK(b)P və milli məsələ (1928-1933) (I kitab, Moskva, 2005)” adlı mənbədə “İranla sərhəd rayonlarında siyasi vəziyyət haqqında” tərtib edilmiş arayışda göstərilirdi ki, sərhəd ərazilərdə müxtəlif millətlərin nümayəndələri yaşa­yırdılar. İranla sərhəd ərazilərdə mühacir qruplar “Müsavat” və “İttihad” partiyalarının üzvləri dəstə­lər şək­lində sərhədi keçərək müqavimət hərəkatını dəstəkləyir, çox hallarda onları istiqamətləndirirdilər. 1930-cu ildə “Müsa­vat” parti­yasının başçılarından olan Mirzəbala Məm­mədov, Sultan bəy Sulta­novla əlaqə yaradaraq Azərbay­canda “Azərbaycan milli mərkəzini” yaratmış və xalqı, hüquq­larının bərpası üçün birgə mübarizəyə çağırmışdır. Onlar, “biz kiminsə köləsi ola bilmərik”, “Azərbaycan azər­baycanlılar üçündür” şüarını irəli sürmüşdülər. Lakin bu təşkilat sovet hakimiyyəti orqanları tərəfindən qısa bir müddətdə dağıdıl­mışdır. Bakı Baş Məxfi Siyasi İdarədən Moskvaya verilmiş 1930-cu il “arayış”ında bildirilirdi ki, 1930-cu il ərzində Azərbaycanın bir sıra ərazilərində, o cümlədən Xocalıda kollektivləşmə zamanı yol verilən nöq­sanlar nəticəsində kütləvi silahlı üsyanlar baş vermiş və bu üsyanlarda yalnız kasıb və ortabablar deyil, həmçinin bəzi sovet işçiləri, partiyaçılar, komsomolçular da iştirak etmiş­dilər.

Mərkəzin keçirdiyi güclü hərbi əməliyyat nəticəsində Xocalıda 1930-cu ildə baş verən üsyan qəddarlıqla yatırılır və hətta üsyanda iştirak edən kəndlər yan­dırılır, yerli əhali bir növ soyqırıma məruz qalırdı. Hətta, araşdırmalardan mə­lum olur ki, bəhs olunan dövrdə güllələnmiş, yandırılmış insanlar arasında körpə uşaqlar da olmuş­dur.

ARPİİSSA-də saxlanılan sənədlərdən birində göstərilir ki, bü­töv­lükdə Qara­bağda, o cümlədən Xocalıda baş verən üsyanlar Azər­baycan rəhbərliyini narahat etmiş və “kolxoz quruluşundakı əyintilər və səhvlər” AK(b)P-nin X qurul­tayında (31 may – 4 iyul 1930-cu il) təhlil edilmiş və onlar öz səhvlərini AK(b)P MK-nın birinci katibi N.F.Qikaloya hesa­bat məruzəsində bu cür ifadə etmişdilər: “Biz Azərbay­canda kollektivləşdirmə işində bir sıra kobud səhvlər burax­mışıq… həmin səhvlər təkcə yerli partiya təşkilat­larının səhvləri de­yil, bizim rəhbərliyin, yəni AK(b)P MK-nın səhvləridir…. Azərbay­canda yol verilmiş səhvlər Sovet İttifa­qında birinci yerdə dayan­mışdır… Yoxsul və ortabab kəndlilərə kobud münasibət zəhmətkeş kəndlilərə də sirayət etmiş və onları bir cəbhədə birləşdirmişdir” [f.1, s.74, i.300, v.84, 125].

Kollektivləşdirmə hərəkatı kəndin bütün təbəqələrinin mənafe­yinə toxunur, öz əmlaklarını, mənliyini və varlığını qoruyub saxla­maq uğrunda müqavimət göstərən qolçomaq­larla qəti döyüş başlan­mışdı. Qarabağda qolçomaqlar sovet hakimiyyətinə qarşı mübarizə­nin bütün formaların­dan istifa­də edirdilər.

1931-ci ildə də Qarabağda, o cümlədən Xocalıda sovet rejiminə və kollek­tivləşməyə qarşı kütləvi müqavimət hərə­katı davam etmiş­di. Təkcə 1931-ci ildə Qarabağda kollek­tiv­ləşməyə qarşı 15 qaçaq dəstəsi mübarizə aparırdı. Qarabağda qaçaqlıq edənlərin sayı iki minə yaxın idi. Lakin əvvəlki illərdə olduğu kimi 1931-ci ildə də sovet hakimiyyəti orqan­ları bu hərəkatı hərbi hissələr vasitəsilə çox amansızlıqla yatırmışdır. 1931-ci il Qarabağ əməliyyat­larında ələ keçiril­miş 694 nəfərin 195 nəfəri güllələnmiş, 156 nəfəri cəza düşər­gələrinə, 343 nəfəri isə Sibirə, Qazaxıs­tana sürgün olunmuş­dur [48].

Bütün otuzuncu illər ərzində Xocalıda kollektiv­ləş­məyə və sərt sovet rejiminə qarşı milli-müqavimət hərəkatı davam etmişdi. Lakin Moskva, qolçomaq­lara qarşı mübarizə məq­sədilə ciddi qərarlar qəbul etmiş və qolçomaqların bir sinif kimi məhvini reallaşdırmışdır. Belə ki, ÜK(b)P Siyasi Büro­sunun “Zaqafqaziyadan qolçomaqların sür­gün olun­ması haqqında” 23 aprel 1933-cü il qərarı [49], “Azər­bay­canda antisovet elementlərin sürgün olunması haqqında” 23 dekabr 1934-cü il qərarı [50], “Qolçomaqlar və antisovet element­lərin rep­ressiyasına dair” SSRİ Daxili İşlər Komis­sarlığının 30 iyun 1937-ci il, 00447 №-li “Əmri” ilə Azər­bay­canda o cümlədən Qarabağda və Xocalıda on minlərlə insan güllələn­miş, həbs edilmiş, respublikadan kənara sürgün edilmişlər [50]. Dəhşətli soyuq, aclıq və xəstəliklər nəticəsində sürgün olunmuş azərbaycanlılar ailəliklə və bütövlükdə nəsillikcə məhv olurdular. Sağ qalan “xalq düşməni və vətən xain­ləri” üçün isə həyat əsl cəhənnəmə çevrilmişdi. Ümumiyyətlə, elliklə kollektivləşdirmə illərin­də baş verən hadisələr, çıxışlar kəndlilərin istər fəal, istərsə də passiv müqaviməti qolço­maqların sinfi müba­rizəsi kimi qələmə verilmiş, sosializmdə “sinfi mübarizənin” güclən­məsi pərdəsi altında Azərbaycanın bütün kənd rayonlarında o cümlədən Xocalıda soyqırıma bənzər ağır cinayətlər törə­dilmişdi.

Beləliklə, Xocalıda baş verən otuzuncu illər xalq üs­yanları güclü sovet hərbi hissələri tərəfindən çox aman­sızlıqla yatırıldı. Üsyanların məğlub olması səbəbləri – təşkilati və əməli cəhətdən üsyançılar arasında əlaqələrin, vahid rəhbər­liyin olmaması, əks tərə­fin hərbi-texniki cəhət­dən üstünlüyü, beynəlxalq şərait, erməni millətçilərin bu soyqırımda da XI Qırmızı Ordu ilə eyni cəbhədən çıxış etməsi, bütövlükdə yerli dinc əhalinin hamılıqla üsyançıların tərəfində olmaması ilə bağlı olmuşdu. Üsyanın məğlub olma­sına baxmayaraq xalqı­mızın azadlıq və istiqlal müba­rizəsi tarixində çox mühüm yer tutmuşdur. Xocalı üsyanları Azərbaycan xal­qının istiqlal ideyalarının hələ sönmədiyini, onun azadlıq uğrunda ölümə getmək əzmində olduğunu nümayiş etdirən hadisələr kimi tariximizə daxil olmuşdur.

Beləliklə, keçən əsrin 30-cu illərinin sonlarında Xocalıda mər­kəzin planına uyğun inzibati-amirlik və zorakılıq yolu ilə kənd təsərrüfatının kollektivləşməsi başa çatdı və əzablı əmək düşərgəsini xatırladan kolxozlar kənd təsər­rüfatı məhsulla­rının istehsalçısına çev­rildi. Xalqımızın ağır zəhməti ilə isteh­sal olunan strateji kənd təsərrüfatı məhsul­ları isə gizli və açıq yollarla Ermənistana və Ru­siyaya daşınır, əhalinin kənd təsər­rüfatı məhsullarına olan tələbatını ödəməklə yanaşı, sənayeni canlandıra bilən xammal mənbə­yinə çevrildi.

Daha yeni Daha eski