AZƏRBAYCAN RESPUBLİKASININ İŞĞAL OLUNMUŞ XOCALI RAYONU ƏRAZİSİNDƏ ERMƏNİ VANDALİZMİ


        Fəsildə, tarixi faktlara və materiallara əsaslanaraq XX yüzilliyin sonlarında Azərbaycan respublikasının Ermənistan tərəfindən müha­ribəyə cəlb olunması və Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı rayonuna qarşı apardığı hərbi əməliyyatların ağır nəticələri öyrənilmiş, Ermənistanın hərbi müdaxiləsi ilə Xocalı rayonu ərazi­sində maddi-mədəniyyət abidələrinin dağıdılması, məhv edilməsi faktları, habelə hərbi müdaxilə nəticəsində Xocalı rayonunun təbiə­tinə, ekologiyasına, iqtisadiyyatına vurulmuş ziyan hərtərəfli və yığcam olaraq tədqiq edilmişdir.

Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənis­tanın planlı və məqsədyönlü şəkildə həyata keçirdiyi cinayətlər tarixi və siyasi cəhətdən araşdırılmasının zəruriliyi, tədqiq olunan möv­zunun aktuallığını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 26 aprel 2011-ci ildə illik ümumi yığın­cağındakı çıxışında bildirmişdir ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur” [2].

Müasir Azərbaycan tarixi elmi-siyasi, hərbi-strateji və milli təh­lükəsizlik nöqteyi-nəzərindən milli tariximizin müxtəlif dövrlərində təbii sərvətlərin mənim­sənilməsi, XIX-XX əsrlərdə bununla bağlı yeni iqtisadi sahələrin – sənaye sahələrinin yaradılması, Şimali Azərbaycanın çar Rusiyası və sovet Rusiyası tərəfindən işğalı və bu ərazilərin vəhşicəsinə metropoliya üçün ucuz xammal bazasına verilməsi nəticəsində ekoloji tarazlığın pozulması, neft və qaz yataq­larının talan edilməsi, 1988-1994-cü illərdə Ermənistanın Azərbay­can Respublika­sına qarşı hərbi təcavüzü və 20 faiz ərazisinin işğalı, 30 ildən artıq davam edən işğal zamanı Azərbaycan təbiətinə vurulan ağır zərbələrin törətdiyi fəlakətlərin tarixinin hadisəsi xüsusi aktual­lıq kəsb edir. Buna görə də müasir dövrdə Azərbay­can Res­pub­likasında ətraf mühitin qorunması məsələlərinin, o cümlədən ekoloji problemlərin tarixinin öyrənilməsi işinə, bu məsələlərin tədqiqinə ehtiyac vardır. Mövzunun aktuallığı, həm də ondadır ki, ətraf mü­hitin qorunması tarixini mükəm­məl öyrənmədən Azərbaycan Res­publikasının ekoloji vəsiyyəti, ümumilikdə ekologiyası və onun inkişaf tarixi haqqında dolğun təsəvvür əldə etmək mümkün deyildir.

SSRİ-nin süqutundan sonra iqtisadi əlaqələrin qırılmasına bax­mayaraq, zəngin təbii ehtiyatlara, nadir flora və fauna nümunələrinə malik olan Azərbaycan Respublikası az vaxtda müxtəlif sahələrdə irəliləyişlər əldə etdi. Neft sektorunun güclü inkişafı, xarici inves­torların ölkəyə cəlb edilməsi, fermer təsərrüfatlarının yaradılması Azərbaycan Respublikasında iqtisadi inkişafı xeyli dərəcədə sti­mullaşdırırdı. Bütün bunlar özünü ölkənin ekoloji vəziyyətində gös­tərirdi. İqtisadiyyatın inkişafı bir tərəfdən ətraf mühitə ciddi təsir göstərirdisə, digər tərəfdən bu mühitə təsir edə biləcək amillərin qarşısını alan aztullantılı və tullantısız texnologiyanın istehsalatda tətbiqi, ölkəyə çoxlu miqdarda nəqliyyat növlərinin gətirilməsi, kənd təsərrüfatında və sənayedə yeni tipli istehsal müəssisələrinin sürətlə artması təsir baxımından antropogen faktor kimi mühüm əhəmiyyət daşıyırdı. Bu problem müxtəlif nəşr­lərdə öz əksini tapsa da, geniş təhlil tələb edən tədqiqata cəlb olunmayıb, elmi cəhətdən hərtərəfli ümumiləşdiril­məmişdir.

1991-1994-cü illərdə Rusiya Federasiyasının hərbi və siyasi yardımı ilə Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələri o cümlədən Xocalı rayonu işğal edildikdən sonra düşmən tərəfdən ekoloji soyqırımı cinayətlərinə məruz qalıb. 30 ildən artıq davam edən müharibə şəraiti təbii ehtiyatlara külli ziyan vurmuş, onların bir qismi qəsbkarlar tərəfindən dağıdılmış və ya qarət edilmişdir. Bu məsələyə öz müna­sibətini bildirən Ümummilli lider Heydər Əliyev demişdir. “...Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşu Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü digər sahələrdə olduğu kimi, milli mədəni və təbii sərvətlərimizə də olduqca ağır zərbə vurmuşdur”.

Azərbaycan Respublikasının Qarabağ regionunun o cümlədən Xocalı rayonunun mədəniyyətinə, təbiətinə, iqtisadiyyatına münaqi­şənin təsiri barədə elmi seminarlarda, elmi-praktik konfranslarda, monoqrafiyalarda, dövri mətbuatda geniş bəhs edilmiş, şərhlər verilmişdir. Lakin problemə sistemli, kompleks yanaşıl­ma­dığından ətraf mühitin qorunması məsələsinə yenidən toxunmaq lazım gəlmiş və bu istiqamətdə onu öyrənməyə çalışmışıq. Fikrimizcə bu problem elmi-tədqiqat işinin mövzusudur.

XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində SSRİ-nin tənəzzülü və süqutu şəraitində ermənilər yenidən Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddialarına, xalqımıza qarşı soyqırımı və deportasiya siyasətinə başladılar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində keçmiş sovet rəhbərliyi ermənilərə açıq şəkildə dəstək verdi. Milli-etnik münaqişələrin həllinə Qərb döv­lətləri də etinasız yanaşdılar. SSRİ dağıldıqdan sonra Cənubi Qafqa­za əvvəlki nəzarətini qoruyub saxlamağa can atan Rusiya nəinki problemin həllinə cəhd göstərmədi, əksinə, münaqişə nəticəsində yaranmış status-kvonun saxlanması üçün əlindən gələni etdi və bunu ölkəmizin müstəqilliyi üçün təzyiq vasitəsinə çevirdi.

Ölkədə gedən siyasi çəkişmə, hərc-mərclik, ordudakı özbaşı­nalıq, müdafiə işinin lazımi səviyyədə qurulmaması və sair nəticə­sin­də qısa müddət ərzində Xocalı rayonu və bütövlükdə Dağlıq Qarabağ erməni işğalçılarının nəzarəti altına keçdi. 1993-cü ilin sonuna yaxın isə ermənilər tərəfindən Dağlıq Qarabağ və ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni hərbi birləşmələri tərəfindən işğal olundu [9].

Ümumiyyətlə, 1991-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələ­ri tərəfindən işğal olunmuş ərazilər öz təbii ehtiyatlarına, iqlim-torpaq şərai­tinə və iqtisadi potensialına görə Azərbaycan Res­publikasının iqtisadiyyatın­da mühüm əhəmiyyəti olan region sayılır. İşğal olunmuş bu ərazidə fəaliyyət göstərən sənaye sahələri Res­publika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül, tikinti materialları sənayesi sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdi. Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammalı və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi.

Ermənistanın təcavüzünə məruz qalan rayonlarımızdan biri də, Xocalı rayonu olmuşdu.

Xocalının strateji əhəmiyyətini artırmış və mənfur siyasət sahib­lərinin diqqətindən yayınmamışdır. Bütün bunlarla yanaşı erməni cəlladlarının məkrli bir niyyəti də, var idi ki, bu da “dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq olmuşdur ki, Xocalı kimi qədim türk diyarının mövcudluğu bu “plan”a maneə olurdu. Məhz bütün bunlara görə, erməni vandalları Xocalı şəhərində tarixdə misli görün­məmiş soyqırımı törətdilər. Qədim türk diyarını dünya xəritəsindən silmək məqsədilə xalqımızın başına müsibətlər gətirildi. Şəhər yerlə yeksan edildi, 700-ə yaxın azərbaycanlı ağır işgəncələrlə öldürüldü, Xocalı əhalisi qaçqınlıq, köçkün­lük, didərginlik həyatını yaşamalı oldu.

Xocalı Azərbaycanın qədim yaşayış məskənidir. Ərazinin əl­verişli təbii coğrafi şəraitə malik olması uzun bir dövrdə ulu əcdad­larımızın burada düşərgə salmasına, yaşamasına imkan yaratmışdır. Ərazidə aparılan arxeoloji tədqiqat işləri nəticəsində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIII-VII əsrlərə) aid arxeoloji abidə Nekropol, Daş qutu və kurqanlar, 1356-1357-ci illərə aid Dairəvi Türbə, XIX əsrə aid memarlıq abidələri “Xocalı Qəbiristanı” və oradakı müxtəlif tipli saxsı qablar, silahlılar, qızıl və tuncdan hazırlanmış bəzək əşyaları, tunc alətlər və digər qədim maddi-mədəniyyət nümunələri aşkar edilmişdir ki, bütün bunlar ulu əcdadlarımızın Xocalı ərazi­sində qədimdən yaşadığını sübut edir [10, s.61].

Yeri gəlmişkən onu da qeyd edək ki, Xocalıda qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə təsadüf etmişdir. Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler, rus şərqşünası M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje buradakı arxeoloji abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan tapılmış eneolit, tunc və dəmir dövrünə aid əşyaları öz ölkələrinə aparmışlar. Azərbaycanlı tədqiqatçı alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri böyük əhəmiyyət kəsb etmişdir. Azərbay­canın görkəmli aliminin qənaətinə görə Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır. Ümum­milli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci illərində Xocalı abidələri tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid 28 abidənin olması aşkar edilmişdir. Tədqiqatlar nəti­cəsində tunc dövrünə aid 8 kurqan və nekropol, dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə aid 9 məbəd, IX-XVIII əsrlərə aid 5 qala, XIV əsrə aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar Vətənimizin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox təəssüflər olsun ki, 1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qüvvələri Xocalıda əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr toplusu olan zəngin Xocalı abidələrini də dağıtdılar.

Dünyanın müxtəlif bölgələrinə səpələnmiş ermənilərin Azər­bay­cana köçü­rül­­məsi ilə burada yaşayan xalqların çətin və məşəq­qətli günləri başlamışdır. Azər­baycanın qədim İrəvan xanlığında Erməni vilayəti yaradıb, sonralar tarixi torpaq­larımızı müxtəlif yollar və vasitələrə həmin qondarma quruma birləşdirib Ermə­nistan adlı “dövlət” yaradan ermənilər və havadarları təəssüflər olsun ki, bu­nunla kifayətlənmədilər. Bütün XX yüzillik ərzində Azərbaycanın tükənməz və təbii yeraltı və yerüstü təbii sərvətlərə malik Qarabağ bölgəsinə əsassız ərazi iddiası edən Ermənistan 80-ci illərin son­larında ölkəmizə qarşı açıq tətil, nümayiş və ən nəhayət irimiqyaslı hərbi əməliyyatlara başladı. Azərbaycanda yaranmış dərin siyasi böhrandan məharətlə istifadə edən arxalı düşmən xalqımızın başına tarixdə misli-bərabəri olmayan müsibətlər gətirdilər. Bu dövrdə erməni terroru miqyaslı xarakter aldı. Türk qanına susayan erməni kafirləri elan olunmamış “Qarabağ savaşı”nda ağsaqqal qocalara, qadınlara, südəmər körpələrə də aman vermədi. Erməni vandalları tarixdə analoqu olmayan faciələr törətdilər. Belə faciələrdən biri də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni cəlladları tərəfindən törədilən Xocalı qırğını idi. Xocalı soyqırımını erməni quldurları Rusiyanın 366-cı atıcı alayının köməyi ilə törətmişdilər.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu ardın­ca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu məntəqələrini də işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermə­nistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nələr öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.

Marşal Sapajnikovun “qeydləri”ndə isə göstərilirdi ki, “Xocalı soyqırımının izini itirmək üçün ruslara məxsus 366-cı alay dərhal, faciədən sonra Gürcüstana köçürüldü və Alayın tərkibi 02 mart 1992-ci il tarixli “Əmr”lə müxtəlif hərbi hissələrə verildi” [12, s.144]. Eyni zamanda xarici dövlətlərdən gətirilmiş muzdlu quldurlar da bu qırğında nankor düşmənə köməkçi olmuşdu. Xocalı şəhəri üzərinə hücum planını milliyətcə erməni olan mayor Seyran Ohanyan hazırlamışdı. Plana görə, fevralın 25-də, gecə şəhərə 6 istiqamətdə qəflətən, sürətlə hücum etməli, əhalinin şəhərdən çıx­masına imkan verməməli, hamını bir nəfər kimi güllələməli və şəhər yandırılmalı idi [13, s. 7-9]. Xocalı üzərinə hücuma 366-cı rus ala­yının 180 hərbi mütəxəssisi ağır texnikası ilə birlikdə ermənilər tərəfindən hücuma hazır vəziyyətdə gətirilmişdi. 1992-ci il fevralın 25-də 366-cı alayın batalyonlarına rəhbərlik edən mayor Ohanyan, mayor Nabogixin, mayor Lixodiya, mayor Yuri Girçenko, pod­polkovnik Azarov və digər 50-dən çox qəddar, təcrübəli erməni zabiti öz dəstələri ilə Xocalı ətrafında cəmləşdilər [15]. Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetiril­mişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. Düşmənin hücum edəcəyini Xocalı şəhər rəhbərliyi əvvəl­cədən bilirdi. Belə ki, Xocalı şəhər prokuroru Atakişi Ata­kişiyevin Azərbaycan Respublikası prezi­denti A.Mütəllibova və Respublikanın baş prokuroru M.Babayevə 25 fevral 1992-ci ildə gündüz saat 1200-da ünvanlandığı növbəti teleqram yuxarıda deyilənləri sübut edir. Teleqramı olduğu kimi diqqətinizə çatdırırıq: “Əziz rəhbərlərimiz! Xocalı rayonu artıq əldən gedir. Bütün bu hadisələr Xocalının üstün­dədir. Xocalı gedərsə DQMV-i ermənilərin olacaq. Biz Xocalını saxlasaq DQMV-i bizim olacaq. Ona görə də Əsgəran aradan götürülməlidir. Artıq 25 gündür Xocalıya heç bir vertolyot işləmir. Hazırda Xocalı şəhərində 7 min əhali yaşayır. Arvad, uşaq, qoca və s. Əgər siz bizə kömək etməsəniz 4 illik zəhmətimiz hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək gözləyirik. Xocalı Azərbaycanın taleyini həll edir” [13, s.9-10].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 yanvar 2012-ci ildə Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar Sərəncam imzalamışdır ki, həmin Sərəncamında deyilirdi: “Azərbay­can xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə (gecə yarısı hücum edildiyi nəzərdə tutulur – N.M.) hücum edərək azərbaycanlılara qarşı soy­qırımı aktını törətmişlər. Bu hərbi təcavüz zamanı, Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürü­lən­lərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Qanlı Xocalı qır­ğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü. 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən fəlakətlə üz-üzə qaldı. Birləşmiş Millətlər Təşkilatı Təh­lükəsizlik Şurasının, Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və prob­lemin ölkəmizin ərazi bütöv­lüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərar­larına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçi­vəsində aparılan danışıqlar heç bir nəticə verməmişdir. Azərbay­can­lılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqət­lər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çaldırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Sərəncamda göstərilir ki, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini faciənin iyirminci ildönümü ərəfəsində dərin hüznlə bir daha yad edərək Azərbaycan Respublikası Prezi­dentinin Administrasiyası Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin” [25].

Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olan vandalizm hərəkətləri indi işğal olunmuş ərazilərdə tətbiq olunur. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan xalqının tarixi keçmişini, və bu gününü əks etdirən maddi mədəniyyət nümunələrini planlı surətdə məhv edir və ya özününküləşdirirlər. Rusiya arxeoloqu Muravyo­vun dediyi kimi: “Dağlıq Qarabağda ermənilər hər şeyi 10 il qabağa nəzərə almaqla özününküləşdirirlər” [26].

Azərbaycan torpaqlarına ermənilər tərəfindən edilən təcavüz nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini, şərəfli keçmişini əks etdirən dünya əhəmiy­yətli 11, ölkə əhəmiyyətli 223 və yerli əhə­miyyətli 453 tarix və mədəniyyət abi­də­ləri, dünya əhəmiyyətli ar­xeoloji abidə olan paleolit dövrünə aid Azıx və Tağlar mağara düşərgələri, b.e.ə. VI-VII əsrlərə aid olan və insan sivilizasiyasını öyrən­mək üçün indi də aktuallığı ilə fərqlənən eneolit dövrünə aid Xantəpə, Kültəpə və Şomutəpə arxeoloji abidələri, həmçinin Azərbaycanın xristianlıq dövrünə aid olan (Alban dövrünə IV-XIX əsr) Qanzasar məbədi, Ağdərə şəhəri yaxınlığındakı məbəd, Şuşa şəhərindəki qala, Laçın rayonundakı “Ağoğlan” məbədi, Xocalı rayonundakı Əsgəran qalası, Amaras məbədi və nəhayət 1977-ci ildə Azərbaycan hökuməti tərəfindən tarix-memarlıq qoruğu elan edilmiş əvəzedilməz gözəlliyə malik Şuşa şəhəri işğal altında qalmışdır. Şuşadakı gözəl memarlıq abidəsi olan məscidlər, qədim qəbi­ristanlıq, Azərbaycanın görkəmli şairi Qarabağ xanının və­ziri olmuş Molla Pənah Vaqifin türbəsi, Ağdamda Pənah Xanın Şahbulaq ima­rəti, türbəsi və qalası, Laçında Sultan Həmzənin və Sultan Əhmədin sarayları dağı­dılmışdır. Füzuli, Qubadlı, Zəngilan şəhərlərində məs­cidlər yandırılmışdır. Azıx, Qaraköpəktəpə, Üzərliktəpə kimi unikal arxeoloji abidələr Ermənistan tərəfindən hərbi məqsədlər üçün istifadə edilməkdədir [27]. Tunc dövrünə aid Xocalı-Gədə­bəy arxeo­loji mədəniyyətinin ən xarakterik arealı olan Xocalı şəhərində ermənilər 1992-ci ilin fevralında Sovet ordusunun 366-cı alayı ilə birgə misli görünməmiş vəhşiliklər törətmişlər. Bir gecənin içində şəhər yerlə yeksan edilərək xəritədən silinmişdir [28].

Xocalı şəhəri işğal edildikdən sonra Ermənistan Silahlı birləş­mələrinin əsarəti altında qalan, qarət edilən, yandırılan tarixi abidələr və maddi-mədəniyyət nü­mu­nə­ləri aşağıdakılardır: Daş qutu nekro­polu – tunc dövrü (Xocalı şəhəri Əsgəran dağı); Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda); Xocalı kurqanları – ilk tunc və dəmir dövrü (Xocalı rayonu); Küp qəbirlər nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində); Kurqan – dəmir dövrü (Xankəndi yaxın­lığında); Xankəndi kurqanları – tunc dövrü (Xan­kəndidən şimalda); Xaçınçay kur­qanları – ilk tunc və orta tunc dövrü (Seyidli kəndindən şimal-şərqdə); Küp qəbirləri nekropolu – tunc dövrü (Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf); Kurqan – tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində); Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbiristanlığın yaxınlığında); Köhnə qəbiristanlıq – tunc dövrü (çanaqçı kəndi); Daş qulu nekropolu – dəmir dövrü (Saruşen kəndi); Daş qulu nekropolu dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində); Dairəvi məbəd – 1356-1357-ci il (Xocalı şəhəri); Türbə – XIV əsr (Xoca­lı şəhəri); Alban məbədi – 1100-ci il (Çanaxçı kəndi); Alban məbədi – 1065-ci il (Çanaxçı kəndi); Alban məbədi – 1905-ci il (Şuşa kəndi); Alban məbədi – 1122-ci il (Xansıx kəndi); Alban məbədi – 1100-ci il (Xaç­maz kəndi); Alban məbədi – 1202-ci il (Armudlu kəndi); Qala – X əsr (Maşxmaat kəndi); Qırxlar qalası – orta əsrlər (Badara kəndi); Məbəd kompleksi – VII əsr (Badara kəndi) [29]. Hazırda işğal zona­sında geniş miqyasda qanunsuz arxeoloji qazıntı işləri aparılır və tapıntılar Ermənistana daşınır.

Xocalı rayonu ərazisində təsdiq edilmiş ehtiyatları uyğun olaraq 32 min kub m. və 2039 min kub m. olan və istismara cəlb olunan Zərinabağ və Ağçay üzlük daşı yataqları, ehtiyatları 12434 min ton olan və istismara cəlb olunan, qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, 962 min kub m. ehtiyatlara malik, kərpic istehsalına yararlı Xocalı gil yatağı, ehtiyatları 7280 min kub m. olan Xankəndi qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatları 9 min kub m. gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur. Xocalı rayonu ərazisində, Badara çayı hövzəsində “yeddi kilsə” adlanan yer­də Xankəndi meşə təsərrüfatının tabeliyində olan Pirkal meşə­çiliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu [29].

Xocalı rayonunun Seyidbəyli kəndinin şimal-şərqində Xaçın­çayda tapılmış kurqan Erkən Tunc dövrünə aid olub, 1-2,5 m hün­dürlüyündə və 10-20 m dia­metrində olması ilə diqqəti cəlb edirdi. Bu kurqan düzbucaqlı və trapes formalı mü­dafiə mərkəzindən ibarət idi.

Ən böyük qəbir abidələri Xocalıda mövcud idi. Azərbaycan tarixində son tunc, ilk dəmir dövrü arxeoloji və orta əsr memarlıq abidələrinin böyük bir qismi Xocalı mədəniyyəti adı ilə məşhurdur. Burada yüzdən çox kurqan, daş sənduqə, bir neçə türbə vardı. Tədqiqatçılar Xocalı qəbiristanlığında dövr etibarı ilə biri digərini əvəz edən beş tip kurqanlar müəyyənləşdirmişlər. 50 hektar sahədə yerləşən qədim qəbiristanlıqlar, kurqanlar, neçə-neçə adı məlum olmayan qəhrəman və tarixi şəxsiyyətlərin daş sənduqə qəbirləri erməni millətçiləri tərəfindən dağıdılıb yerlə yeksan edilmişdir. Əsgəran Rayon Partiya Komitəsinin birinci katibi V.Qriqoryan Daşbulaq kəndinin yaxınlığındakı qədim qəbiristanlıqda “karçovka” apartdıraraq torpağı “yararlı” hala salmışdır. Qeyd etmək lazımdır ki, Xocalı dəfələrlə erməni vandalizminin qurbanı olmuşdur. Hələ 1905 və 1918-ci illərdə ermənilər Xocalını yandırmış, mədəniyyət abidə­lərini vəhşicəsinə dağıtmışlar [30].

Xocalıda aparılmış arxeoloji qazıntılar nəticəsində aşkara çıxa­rılmış müxtəlif avadanlıqların əksər hissəsi e.ə. I minilliyin ortalarına qədər Qafqazda davam etmiş tunc dövrünə aiddir. Xocalı Kurqan çölünü bir növ yeraltı muzey də adlandırmaq olardı. Burada tunc dövrünə aid küllü miqdarda Azərbaycan abidələri saxlanmışdı. 1893-1894-cü illərdə E.Resler tərəfindən Xocalıda tədqiq edilən 11 saylı daş qutu qəbirdən çoxlu gil qablar, tunc quş fiquru, bıçaq, iki ədəd üzük, qızıl lövhə və silindirik möhürlə yanaşı e.ə. VIII əsrdən gec olmayaraq hakimiyyət sürmüş Assuriya şahı Adadnirarinin (e.ə.807-788) mixi yazı ilə üzərində adı qeyd olunmuş muncuğa da rast gəlinmişdir. Sonralar İ.Meşşaninov, R.Virxov, T.Passek, B.Lati­nın, İ.Cəfərzadə, İ.Dyakonov və digər alimlər tərəfindən orada geniş tədqiqatlar aparılmış və bu tapıntıların həmin dövrdə Azərbaycanın Yaxın Şərq ölkələrilə mədəni və iqtisadi əlaqəsinə dair nadir materiallar olduğu sübuta yetiril­mişdir. Lakin çox təəssüf ki, bu cür qədim abidə, həmçinin buldozerin qabağına qatılıb düzənliyə çevrilmiş, XVI əsrdən qalma əzəmətli müsəlman qəbiristanlığı da er­məni vəhşiliyinin qurbanı olmuşdur [31].

Yeri gəlmişkən, özlərinin dağıtdıqları Xocalıdakı abidələrin “bərpasına” dair qərar verən qondarma “DQR”-nın keçmiş “rəhbər” A.Qukasyan bu məqsədlə “xüsusi tədbirlər” həyata keçirmişdir. Xocalının qədim qəbirləri Fransa arxeoloq­larının iştirakı ilə hazır­lanmış “Qədim ermənilər” filmində nümayiş etdirilmiş və bu ərazinin “qədim ermənilər”in yaşadıqları ərazi olduğunu sübuta yetirməyə çalışmışlar [32].

Baxmayaraq ki, Xocalı 1992-ci il 26 fevralda ermənistan Silah­lı birləşmə­lərinin Azərbaycan əhalisinə qarşı genosid törətdikləri şəhər kimi tanınıb, onun adı həm də “Xocalı-Gədəbəy” arxeoloji mədəniyyəti ilə də məşhur idi. Bu mədəniyyət Son Tunc və Erkən Dəmir dövrlərinə (e.ə.XIII-VII əsrlər) aid olub, Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Buraya yaşayış binaları, sənətkarlıq emalat­xanaları, qəbirlər və məbədlər daxildir. “Xocalı-Gədəbəy mədə­niyyəti”nin ilk abi­də­ləri Xocalı şəhəri yaxınlığında, qəbiris­tanlıqda XIX əsrin sonlarında aşkar edilib və qəbir daşlarından və kurqanlardan ibarətdir. Bu abidələr bizim eradan 2 min il əvvəldən e.ə.VII-VI əsrlərə qədər dağlıq və hündür ərazilərdə geniş yayıl­mışdı. Tək və ya qrup dəfnlərində adətən kurqan qəbirlərdən istifadə olunurdu. Onlardan bəziləri 9 m uzunluğunda idi. İnsanlar ana bətnində olduqları formada onlara aid olan əşyalarla birlikdə dəfn edilirdilər. Xocalı qəbiristanlığında arxeoloji qazıntılar aparılarkən 5 tip kurqan, müxtəlif tipli gil qablar, silahlar, qızıl, tunc, aqat, şüşə bəzək əşyaları, tunc əmək alətləri və at ləvazimatları tapılmışdı [33].

Xocalıda Qala divarları çay daşlarından tikilmiş, hündürlüyü 9 m, eni 2 m-dir. Burada 8 ədəd dairəvi qala vardı. Qalanın Qarqarçay çayının sağ sahilində yerləşən üst hissəsinin hündürlüyü alçaqdır, lakin daha aşağı hissəsi çayın dağətəyi sahilində yerləşirdi. Qalanın hər iki hissəsi bir-birilə əlaqəlidir. Abidə 1986-1988-ci illərdə bərpa edilmişdi [34].

 Azərbaycan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zən­gindir. Bunlardan biri də qədim Xocalı ərazisində yer­ləşən Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhə­rinin 12 km cənubunda, Qarqar çayının sağ və sol sahillərində dağ döşündə yerləşir [35]. Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çayı vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan iba­rətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət olan qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir [16]. Uzun müddət Qarabağ xanlığının mərkəzi Şuşaya can atan düşmənlərin yolunu kəsmiş qalanın Qarabağ xanı İbrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan tərəfindən 1758-1760-cı illər də tikildiyi göstərilir [17].

Erməni hərbi təcavüzü nəticəsində digər abidələrlə yanaşı Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib. Belə ki, enməni “alimi” Şaqen Mkrtçyanın “Исто­рико ­архитектурные памятники Нагорного Карабаха” adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı “Mayraberd-Əsgəran” kimi gös­tərilərək qalanın orta əsr “erməni kəndi” olan Mayraberd kəndi ya­xın­lığında salındığından kəndin adı ilə Mayraberd, qoşunların da­yanacaq yeri olduğu üçün isə Əsgəran adlandırıldığını bildirilir [18].

Erməni müəllifinin təqdim etdiyi qalanın adının birinci hissəsi, yəni Mayra­berd adına bu bölgədə nə orta əsr, nə də sonra bu adda yer adına, nə də toponi­mi­kasında bu cür mənşəli sözə rast gəlin­məyib. Əsgəran sözünün mənşəyinə gəldikdə isə bu toponim XVIII əsrdə tikdirilmiş Əsgəran qalasının adı ilə əlaqələndirilir. Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir [19]. Q.Qeybul­layev Əsgəran toponimini Azərbaycan dilindəki “əski” (qədim, köhnə) sözündən və Aran etnonimindən ibarət olduğunu yazır: “Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş “Əsgəran” qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmış, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgaran, yəni Əksi aran ilə məlum idi” [20]

Hazırda erməni işğalı altında olan və erməniləşdirilməyə məruz qalan Əsgəran qalası bütün dünyaya “qədim erməni” qalası kimi təqdim olunmaqdadır.                                                                            

Şuşaya gedən yolun kənarındakı Yuxarı Xanbağı deyilən yerdə vaxtilə bütün Qafqazda məşhur olan Tanrıverdi kişinin karvansarası yerləşirdi. Öz gözəl ənənələri və qonaqsevəri iyi ilə seçilən bu karvansarada çayxana, musiqi salonu və dəlləkxana vardı. Bərdəyə, Gəncəyə, Bakıya, Tiflisə, İrəvana və Qafqazın başqa şəhərlərinə gedən faytonlar, furqonlar həmişə burada düşərgə salardı [21].

Burada həmçinin Bədərə kəndində VII əsrə aid olan məbəd kompleksi, XIV əsrə aid Xocalı şəhərində qəbirlər, Xanabad, Xan­yeri, Meşəli, Şuşakənd, Xaçmaz və Çanaqçı kəndlərində Alban məbədləri var idi.

1992-ci il fevralın 26-da erməni silahlıları, rus hərbiçilərinin köməkliyi ilə Xocalı şəhərini işğal etməklə bir daha özlərinə xas olan vəhşilik və vandalizm xüsusiyyətlərini nümayiş etdirərək azərbay­canlılara qarşı xüsusi amansızlıqlarla səciyyələnən irimiqyaslı soy­qırımı törətdilər. Şəhər də əhalisi kimi erməni vəh­şiliyinin qurbanı oldu, özündə Azərbaycanın qədim tarixini yaşadan abidələr isə darmadağın edildi [34].

Xocalıda dəfələrlə olmuş, baş verən hadisələrin canlı şahidi, amerikalı jur­nalist Tomas Qolds özünün “Azərbaycan xronikası” kitabında yazır: “Xocalı mənim xatirəmdən silinməyəcək. O şəhər gözdən uzaq, könüldən iraq bir yerdəydi. İndi ora yerlə yeksan olunubdur. Əlimdən heç bir şey gəlmədi, mən elə hey ağla­dım, ağladım”[35].

Tədqiqatlar zamanı müəyyən edilib ki, Xocalıdakı ekolojı sistemlərin pozulması (meşələrin qırılması, torpaq və suların zərərli maddələrlə ifrat çirklən­məsi, çəmənliklərin kobud şəkildə tap­danması) ilə əlaqədar bəzi növlər ya tamamilə sıradan çıxır, ya da cəmi bir neçə fərdi əhatə edən nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin tükənmək qorxusu yaranır, bölgənin biomüxtəlifliyi deqradasiya olunur. Hazuda erməni işğalçılarının əsarəti altında qalan və taleyi tam bəlli olmayan Xocalı ərazilərində onlarla canlı təbiət abidəsi, çoxlu sayda nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri var idi. Bu növlərin bir çoxu endemik və relikt olub, adları Qırmızı kitaba daxil edilmişdi. Hesablamalara görə, o dövrdə erməni işğalçılarının dağıdıcı fəaliyyəti nəticəsində ümumilikdə münaqişə zonsının təbii kompleksinə 316834454 manat ziyan vuru­lub.

Araşdırmalar göstərir ki, zəbt edilmiş Xocalı ərazisində ekosid həyata keçirilir. Məsələn,     ayıfındığı meşəsinin kütləvi şəkildə qırı­laraq xarici ölkələrə satılır. Apardığımız tədqiqatlardan məlum olur ki, ümumilikdə, yalnız bir il ərzində (1993-cü ildə) işğal edilmiş ərazilərdən Ermənistana 206,6 min m2 qiymətli ağac növləri kəsilib aparılmışdır. Xocalı rayonunda meşələr tamamilə məhv edilib. Rayonun ərazisindəki yaşlı çinar ağaclarının böyük bir qismi 2003-cü ildən başlayaraq, İrana və Yunanıstana daşınır.

Hazırda işğal olunmuş Xocalı rayonundakı torpaqlarındakı bi nəcib təbiət abidələrinin tamamilə məhv edilməsinin qarşısını almaq üçün Ermənistan silahlı birləşmələri tezliklə qeyri-qanuni işğal etdikləri ərazidən çıxarılmalıdır.

Ermənistan silahlı birləşmələrinin təcavüzü ilə əlaqədar Xoca­lının kənd təsərrüfatına yararlı torpaqlarının 456 hektarı işğal altın­dadır. Böyük vəsait hesabına yaradılan dağlıq və dağətəyi rayonun əkin sahələrinin, otuz ilə yaxın bir müddətdə işğal olunmuş ərazidə özbaşına, istifadəsiz qalaraq yararsız hala düşməsi onun deqra­da­siyasına, torpağın münbit qatının yuyulması və ya dağıdılması nəti­cəsində eroziyaya uğramasına səbəb olur.

Heç bir qaydaya əhəmiyyət verməyən Ermənistan silahlı birləş­mələri zəbt etdikləri torpaqları nüvə tullantıları ilə çirkləndirməkdən də çəkinmirlər. Belə ki, Ermənistan AES-in radioaktiv tullantını işğal edilmiş Xocalı torpağında basdırır.

Xocalı ərazilərində tez-tez törədilən yanğınlar da torpağın ekosisteminə mənfi təsir göstərir. Yalnız 2006-2007-ci illər ərzində Xocalının işğal altında olan torpaqlarında erməni işğalçıları tərəfin­dən 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

Döyüş bölgələrində dağıdıcı silahlar və ağır texnika ərazinin ekoloji şəraitinə güclü ziyan vurur. Döyüşlərin intensiv aparıldığı ərazidə, mərmilərin və texniki qurğuların nizamsız hərəkəti nəti­cəsində münbit torpaqlar yeni eroziya formasına-hərbi eroziyaya məruz qalır. Xocalı rayonunun ərazisinin erməni işğalçıları tərə­findən zəbt olunması su sərvətlərimizə də öz təsirini göstərib. Belə ki, Ermənistan ərazisindən axıb gələn Oxçuçay sututumunun Araza qarışaraq onun təbii mikroflorasını 65 km axın boyu 80% məhv edir. Ermənistan Respublika­sındakı bir sıra müəssisələrin çirkab suları Araz çayına tökülür. Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan suvarma sistemləri və mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilib. Buna, vaxtaşırı ermənilərin Sərsəng su anbarı ilə bağlı bilərəkdən yarat­dıqları problemi misal göstərmək olar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlan­masından sonra ermənilərin diqqətini daha çox cəlb edən də ölkəmi­zin zəngin təbii sərvətləri olub. Ümumilikdə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları qalıb. Qeyd etmək lazım­dır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşürdü.

Hazırda Ermənistanın İstisu və Turşsudan qazanc məqsədilə istifadə etmələri, Kəlbəcərdəki İsti suyu isə qablaşdıraraq öz saxta nişanları ilə dünya bazarlarına çıxarmaları barədə məlumatlar vardır. Bu, onların vandalizm xarakter­də çıxış etdiklərini göstərir.

Əksəriyyəti müxtəlif xarici ölkələrdən gələn, o cümlədən bir çox xarici ölkələrin şirkətləri beynəlxalq qanunlara zidd olaraq, Ermənistan Azərbaycan dövlətinin mülkiyyətində olan təbii sərvət­ləri o cümlədən Xocalının sərvətlərini talan etməklə məşğuldurlar. Ermənistan tərəfindən işğal edilmiş Xocalı ərazisində faydalı qazıntı yataqlarının vəhşicəsinə istismar edilməsi və dağıdılması siyasəti həyata keçirilir.

onu da qeyd edək ki, Azərbaycanın işğal olunmuş rayonlarının Ermənis­tanla sərhəd bölgələrindəki zəngin qızıl yataqları qanunsuz istismar olunub və bu proses indi də davam edir. Əvvəlcə Kəlbə­cərdə, sonradan Ağdərə və Zəngilanda da qızıl yataqlarının talan edilməsinə başlanıb. Ermənistanın qızılçıxaran şirkətlərin­dən biri öz fəaliyyətinə 2001-ci ildən başlayıb və 16 tondan çox qızıl əldə edib. 2002-cı ildə 3,2 ton qızıl, 5,5 ton gümüş, 2003-cü ildə 2,0 ton qızıl, 2004-cü ildə 2,5 ton qızıl, 2005-ci ildə 3,0 ton qızıl, 2006-cı ildə 5,0 tondan çox Azərbaycana məxsus qızıl çıxarılıb.

Beləliklə, göstərilən faktlardan aydın olur ki, Ermənistan-Azər­baycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ekoloji problemlər mövcud şəraitdə həll edilə bilmir. Məsələnin yeganə həll yolu işğal olunmuş torpaqlarımızdan Erməni­stan silahlı birləşmələrinin çıxarıl­masıdır. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın milli-mədəni və təbii irsinin qorunub saxlanılması milli parklar proqramı” Beynəlxalq Konfrans iştirakçılarına ünvanlandığı 1 may 2002-ci il tarixli müraciətində “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşə­riyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir” deyə bu məsləyə ayrıca yanaşmağı tövsiyə et­mişdir. Məhz onun 23 may 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yara­dıl­mışdır. Hazırda bu struktur ölkənin ekologiyası və təbii sərvətlərinin qorunmasında xüsusi rol oynayır. Heydər Əliyev çıxışlarından birində göstərmişdir ki, “dünyada mövcud qlobal problemlərdən biri­nin yaradıcısı Ermənistan Respublikasıdır.... Azərbaycan torpaq­larının qeyri-qanunu işğalıdır...”.

18 fevral 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında ekoloji problemlərə həsr olunmuş müşavirədə döv­ləti­mi­zin bu məsələyə böyük önəm ver­diyini xüsusi olaraq diqqətə çatdırmışdır: “Bu gün ekoloji məsə­lələrin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaş­dırılmasıdır. Bu istiqamətdə vacib addımlar atılıb, konkret proqram qəbul edilibdir. Bu gün hesab edirəm ki, biz əlavə tədbirlər haqqında danışmalıyıq. 2010-cu il Azər­baycanda “Ekologiya ili” elan edilmişdir. Cəmiyyətimizdə bu təşəbbüs müs­bət qarşılanır və görülən tədbirlər əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstək­lənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir. Ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşma­malıdır. Məhz bundan sonra həyata keçirilmiş ardıcıl tədbirlər əvvəlki illərlə müqayisədə Azərbaycan Resbublikasının ekoloji durumunda əsaslı dönüş yaratdı. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü il birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında: “...Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq”, - demişdi. Bu, döv­lətimizin ekoloji problemlərin həllinə necə həssaslıqla yanaşdığını göstərir. Əldə edilmiş uğurlar əhalinin ətraf mühitə münasibətində müsbət dəyişikliklərə gətirib çıxarmış, ekoloji vəziyyətin yaxşılaş­dırıl­masına yönəldilmiş tədbirlər onların bu sahədə fəal iştirakına zəmin yaratmışdır. Lakin, çox təəssüflər olsun ki, hazırda ermənilər işğal altındakı Xocalı ərazisində təbiətə vəhşicəsinə ziyan vururlar. Meşələrdəki qiymətli ağaclar kütləvi surətdə doğranaraq Ermə­nis­tana daşınır. Torpaqlarımızda gizli şəkildə narkotik maddələr əkilib becərilir, terrorçu dəstələr hazırlanır.

Xeyli vaxtdır ki, Qarabağ torpaqlarının düşmən tapdağından azad edilməsi üçün danışıqlar aparılır. Bu danışıqlarda iri dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar iştirak edirlər. Azərbaycan dövləti torpaqlarımızda yenidən müharibə başlamasını, qan tökülməsini istəmir, çalışır ki, sülh danışıqları nəticə versin. Danışıqlarda Azər­baycanın nümayiş etdirdiyi mövqe haqq-ədalət mövqeyidir. Azər­baycan dövləti heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür, eyni zamanda öz torpaqlarımızın bir qarışının da düşmən tapdağında qalmasına imkan verməyəcək, Lakin ermənilər hər vəchlə sülh danı­şıqlarını yubatmağa çalışır, BMT-nin çıxart­dığı qətnamələri yerinə yetirməkdən yayınırlar. Ermənilərin tutduqları belə qeyri-ciddi möv­qeyin sonu yoxdur. Sülh danışıqları baş tutma­yacağı təqdirdə xal­qımız bir nəfər kimi ayağa qalxıb torpaqlarımızı mənfur düşməndən azad etməyə hazırdır. İndi, düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz forma­laşıb. Ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuz da güclənir. Dövlət büdcəsindən ordunun ehtiyacları üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır ki, bu da Azərbaycan silahlı qüvvələrinin maddi-texniki təminatının daha da möhkəm­lənməsi, kadr hazırlığının daha da yaxşılaşması deməkdir. Nizami Ordu­mu­zun möhkəmlənməsi, beynəlxalq miqyasda Azərbaycanın haqq əda­lətin mövqeyinin dəstəklənməsi, insanlarda düşmənə nifrət hissənin artması, yekdil əhvalı-ruhiyyənin yaranması onu deməyə əsas verir ki, Qarabağ torpağı tezliklə düşmən əsarətindən azad ediləcək. Ordumuzun, xalqımızın düşmən üzərində zəfər yürüşünə çıxacağı, üç­rəngli bayrağımızı doğma Qarabağ torpağına o cümlədən, əsirlikdə olan Xocalıya sancacağı günə az qalıb.

Azərbaycan Prezidenti Azərbaycanın mövqeyini qəti şəkildə ifadə edərək demişdir: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşa­malıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq ki, bütün imkanları işə salaq, bu məsələni tezliklə, ədalətlə, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər” [3].

Daha yeni Daha eski