XOCALININ ŞƏXSİYYƏTLƏRİ

Xocalı rayonunun ərazisində yüzlərlə tanınmış şəxsiyyətlər yaşamışlar. Burada vaxtilə Xaçın knyazı İ.Həsən (XII-XIII əsrlər), onun ölümündən sonra Xaçın knyazı olan həyat yoldaşı Dəfnə xatun (XII-XIII əsrlər), görkəmli siyasi və dövlət xadimi, Xaçın knyazı, Alban hökmdarı Həsən Cəlal Mehrani (1215-1261). Qarabağın bəzi xanları, o cümlədən, Qarabağ xanı, Mehdiqulu xan İbrahimxəlil xan oğlu Cavanşir (1806-1822), Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, general-mayor, “Nəva” təxəllüsü ilə şeirlər yazmış dövrünün gör­kəm­li şəxsiyyəti Cəfərqulu xan Nəva (1783-1864), məşhur şair, xar­rat, musiqişünas Mirzəli Axundzadə “Aşiq” (1846-1903), görkəmli yazıçı, publisist, dramaturq, tərcüməçi, müvəkkil, müfəttiş, əməkdar incəsənət xadimi (1928), ictimai xadim Əbdürrəhim bəy Əsədbəy oğlu Haqverdiyev (1870-1933), Qarabağın adlı-sanlı tarzənlərindən biri, dövrünün nüfuzlu şəxsiyyəti, fövqəladə hazırcavablığı ilə şöhrət qazanmış Abbasqulu ağa Nəcəfqulu ağa oğlu Cavanşir (1886-1944), dövrünün görkəmli ziyalısı Kərim bəy Qalabəyov, dövrünün tanın­mış şəxsiyyəti Əbrəxan ağa, nüfuzlu, mərd, qorxmaz şəxsiyyətlər - Qaçaq Mahmud, Qaçaq Mürsəqulu, tanınmış Xocalı bəylərindən olan Allahverdi bəy, Səfiyar bəy, Peterburqda təhsil almış və sonralar repressiya qurbanı olmuş nüfuz sahibi Abdulla bəy Səfiyar bəy oğlu, Qəhrəman bəy, Cəfər bəy, Camal bəy, Şükür bəy, Məhəmməd ağa və başqa tanınmış hörmətli, nüfuzlu şəxslər yaşamışlar.

Usubovlar (onlar eramızın əvvəllərində hunların tərkibində Qafqaza gəlmiş türk mənşəli kəngər tayfasından olan kəngərlilərlə bağ­lıdır. Kəngərlilər V əsrdən əsasən Naxçıvan ərazisində yaşamış, Səfəvilər dövründə isə Ustaclı tayfasının tərkibində ölkənin siyasi hə­ya­tında fəal rol oynamışlar), Əbdüləzizovlar, Cəfərovlar, Xələfli tay­fası, Nağılar, Əbrəxanovlar, Anaxanımlar tayfası köklü xocalılar­dır.

Mirzə Məhəmmədxan bəy Cavanşir əslən Xocalı kəndindəndir. O, atası minbaşı Səlif bəyin ölümündən sonra Cavanşir tayfasının başçısı, bir qədər sonra isə Şuşanın qalabəyisi (komendantı) ol­muş­dur.

İbrahim xanın vəziri, Qarabağ xanlığında baş mirzə və vəzir olmuş məşhur Qarabağ tarixçisi Mirzə Camal Məhəmmədxan bəy oğlu Cavanşir 1773-cü ildə Qarabağın Xocalı kəndində doğulub. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşa qalasının mü­hasirə etdiyi zaman, Mirzə Camal və onun atası Məhəmmədxan bəy İran sərbazlarına qarşı göstərilən müqavimətdə fəallıq göstərmişlər. 1797-ci ildə İran qoşunlarının Şuşaya ikinci yürüşü zamanı Ağa Məhəmməd şahın öldürülməsindən sonra İbrahim xan Şuşaya qayıt­dıqda Mirzə Camalı, xidmətlərini nəzərə alaraq həlak olmuş Molla Pənah Vaqifin əvəzinə vəzir təyin etmişdir. Mirzə Camal fars, ərəb, türk, avar və ləzgi dillərini də gözəl bilirdi. Onun tarix, astronomiya və coğrafiya haqqında çox geniş məlumatı olmuşdur. O, tibb elmini gözəl bildiyi üçün istefaya çıxandan sonra, ömrünün sonuna kimi xəstələri pulsuz müalicə edirdi, bu səbəbdən də onun xalq arasında böyük nüfuz və hörməti vardı. 1805-ci il “Kürəkçay” sazişi (mayın 14-də general Sisianovla İbrahim xan arasında imzalanmışdır) bağ­lanması mərasimində Mirzə Camal da iştirak edib. İbrahim xandan sonra, Mehdiqulu xanın yanında da Mirzə Camal vəzir vəzifəsində işləmişdir. O, 1847-ci ildə Qarabağ xanlığından bəhs edən “Qarabağ tarixi” əsərini yazmışdır. Əsərdə, Pənahəli xan və İbrahimxəlil xanın xarici istilaya qarşı apardıqları mü­haribələr öz əksini tapmışdır.

Xocalının dəyərli ziyalısı, Mirzə Camalın oğlu Rzaqulu bəy Vəzirov da “Qarabağnamə” adı ilə salnamə yazaraq, atasının yolunu davam etdirmişdir. Qarabağ xanı Mehdiqulu xan İbrahimxəlil xan oğlu (1780-1845), dövrünün maarifpərvər ziyalısı, Şuşa tarixi əsərinin müəllifi Həsən İxfa Əlizadə, 1826-1900-cü illərdə yaşamış dövrünün görkəmli şairi Həsən bəy Rzaqulu bəy oğlu (Həsən Qara Hadi Qarabaği) da əslən Xocalıdandırlar.

Xocalı torpağı onlarla tanınmış alim, ziyalı, hüquqşünas, həkim, mühəndis və s. yetirmişdir. XIX əsrdə yaşamış dövrünün böyük nüfuz sahibi, varlı mülkədar Əli bəy, XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşa­mış dövrünün böyük nüfuz sahiblərindən biri, xeyirxah tacir Bəbir Tağıyev, SSRİ-nin fəxri dəmiryolçusu, Respublikanın əmək­dar mühəndisi, dəmiryolu generalı Tələt Bəbir oğlu Tağıyev, görkəmli ziyalı, Azərbaycanın əməkdar müəllimi, Xankəndi şə­hərində və Kərkicahan qəsəbəsində azərbaycanlılar üçün ilk orta ümumtəhsil məktəbinin yaradıcısı Əli Yusif oğlu Əliyev, tanınmış ziyalı, fizika-riyaziyyat elmləri doktoru, professor, Beynəlxalq Ekoener­getika Akademiyasının aka­demiki Vidadi Yusif oğlu Əliyev, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni və bir neçə digər medallarla təltif olunmuş, Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, hazırda Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Elman Camal oğlu Məmmədov, Xocalı özünümüdafiə batalyonun üzvü, müharibə veteranı, hazırda Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Şahmar Şahhüseyn oğlu Usubov, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı şəhər Hava limanının komandiri olmuş, mayor Əlif Lətif oğlu Hacıyev (24.06.1953-26.02.1992), Azərbaycanın Milli Qəhrə­manı, hazırda Şuşa rayon po­lis şöbəsinin rəis müavini vəzifəsində çalışan Mövsüm Şahin oğlu Məmmədov (1967), Qarabağ savaşında Əsgəran RPŞ-nin əməkdaşı kimi iştirak edərək şücaət göstərmiş, müharibə veteranı, “İgidliyə görə” medalla təltif olunmuş, hazırda Xocalı RPŞ-nin rəisi vəzifəsində çalışan, polis polkovniki Eldar Həsən oğlu Bağırov, Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, hazırda Xocalı rayon təhsil şöbəsinin müdiri Şakir Sabir oğlu Əliyev, respublikanın ziyalı həkimi, Xocalı rayon xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, “Azərbaycan Bayrağı” or­denli, “Əlif Hacıyev” mükafatı laureatı Məhəmməd Ağalar oğlu Nağıyev, Turşsu istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərmiş döyüşçü, Xızı rayon polis şöbəsinin rəisi vəzifəsində çalışmış, polis polkovniki Yelmar Şahhüseyn oğlu Usubov və digərləri.  



        
      (Ramil Usubov gənc dostları arasında)


Təbii ki, Xocalının şəxsiyyətləri sırasında Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil İdris oğlu Usubov mütləq xatırlanmalıdır. Ramil Usubov 1948-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1970-ci ildən polis orqanlarında çalışan Ramil Usubov adi milis nəfərindən tutmuş Azərbaycan Respublikasının Daxili İşlər Naziri vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Polis Akade­mi­yasının məzunu, İxtisasca hüquqşünas olan və hər bir azərbaycanlıya atalıq qayğısı göstərən Ramil Usubov 14 il DQMV-da müxtəlif vəzifələrdə çalışmışdır. Şuşa rayon polis şöbəsində məsul vəzifələr tutan Ramil Usubov 1980-1984-cü illərdə Vilayət Polis İdarəsinin rəis müavini vəzifəsində işləmişdir. 1984-1987-ci illərdə Əli Bay­ram­lı şəhər Daxili İşlər Şöbəsinin rəisi vəzifəsində işləyən vətən­pərvər general Ramil Usubov 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikasında Daxili İşlər Naziri, 1989-1993-cü illərdə isə respub­lika DİN-də Cinayət-Axtarış, Viza və Qeydiyyat İdarələrinin rəisi olmuşdur. 1993-1994-cü illərdə yenidən Naxçıvan MR-nın daxili işlər naziri olan Ramil Usubov 1994-cü ilin aprelindən Azərbaycan Respublikasının Daxili İşlər naziridir. Ümummilli liderimiz Heydər Əliyevin qeyrətli mənəvi xələfi və bizim üçün o dahi şəxsiyyətin ləyaqət abidəsi olan çox hörmətli Ramil usubov dövlətinə, xalqına, millətinə, Prezidentinə və qanunlara sədaqətlə xidmət edən təəssübkeş Vətən övladıdır.
Daha yeni Daha eski