XOCALIDA ZORAKI KOLLEKTİVLƏŞMƏ VƏ ONUN SOSİAL-İQTİSADİ NƏTİCƏLƏRİ

      Fəsildə, mənbələrə əsaslanaraq Azərbaycanın Xocalıda kollek­tiv­ləşmənin bərqərar edilməsindən və rayo­nun kəndlərinin tarixinə ən ağır, əzablı və dəhşətli dövr kimi daxil olmasından bəhs edilir. Göstərilir ki, Xocalıda həyata keçirilən kollektivləşdirmə dinə, milli ənənələrə qarşı mübarizə ilə müşayiət olunmuş, məscidlər dağı­dılmış, qadın­ların çadraları əllərindən alınmışdır. Kol­lek­tivləşmənin ən dəhşətli faciələrindən biri qolçomaqlara və onların tərəf­darlarına divan tutulması idi. Bəhs olunan dövrdə, Xocalıda minlərlə qol­çomaq, varlı kəndli məhv edildi və sürgün olundu. Kolxoz quru­culuğunda yol verilən əyintilər, səhvlər, zorakılıq və inzibatçılıq, qol­çomaqlara, varlı və ortabab kəndlilərə qarşı çevrilmiş kobud, qey­ri-insani təd­birlər kəndlilərin kütləvi narazılığına, sovet rejiminə və kollektivləşməyə qarşı müqavimət hərə­katına səbəb olmuşdur. Lakin sovet haki­miyyəti orqanları tərəfindən bu hərəkat amansızcasına yatırılmış, onlarla Xocalılı üsyançı həbs edil­miş, sürgün olunmuş və güllə­lənmişdir. Bununla da Xocalıda çox ağrılı, əzablı və dəhşətli yollarla aparılan kol­lek­tivləşdirmə nəticə­sində kol­xoz quruluşu yaradılmışdır. Bütün bunlar fəsildə tədqiq və təhlil olunmuşdur.

Sovet imperiyasının iqtisadi təməlini qurmaq üçün fərdi kəndli təsər­rüfatlarının kollektiv təsərrüfat halında yenidən qurulması tələb olunurdu. Sovet dövləti bu işə sənaye, nəq­liyyat və əsaslı tikinti sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də torpağın, kənd təsərrüfatı alətlərinin, qoşqu qüvvələ­rinin milliləşdirilməsi işindən baş­ladı.

Sovet hakimiyyətinin təşkili və möhkəmləndirilməsi uğ­runda mübarizə pro­sesində iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlər içərisində Azərbay­can İnqilab komi­təsinin torpağın milliləşdirilməsi haqqında 5 may tarixli dekreti mü­hüm yer tuturdu [1, s. 65]. Həmin dekret əsasən torpaq üzərinə xüsusi mülkiyyət ləğv olundu. 1920-ci ilin may-iyun aylarından Qarabağ böl­gəsində mülkədar torpaq mülkiyyəti müsadirə olunmağa başladı. 1920-ci il noya­brın 5-də Xocalıda kənd fəallarının toplanışı keçirildi [2, s.76]. Həmin toplanışda tor­pağın və təsərrüfat alətlərinin milliləş­dirilməsi məsələsi müza­kirə olundu. 1920-ci ilin sonunda Xocalı ərazisində 2000 desyatin torpaq sahələri, 1920-ci ilin yaz-əkin kompaniyası zamanı 15 min desyatin torpaq, bağ sahələri milliləşdirildi. Bütövlükdə Azərbay­canda 1921-ci ildə 362.947 desyatin torpaq sahələri milliləş­diril­mişdir ki, bu torpaq sahəsinin 160 min desyatindən çoxu nümunəvi torpaq sahələri idi. Həmin sahələr sovet təsərrüfatı təşkil etmək üçün toxunulmaz elan olundu [3, s.115].

Azərbaycan İnqilab Komitəsinin 1920-ci il mayın 15-də meşə­lərin, suların, yeraltı sərvətlərin dövlət mülkiyyəti olması haqqında dekret verdi [3, s.116]. Həmin dekretə əsa­sən Xocalının bütün meşə zolaqları, suları dövlət mülkiy­yətinə çevrildi. Torpağın, suların və s. milliləşdirilməsi kəskin sinfi, milli ziddiyyətlərin kəskin­ləşməsi şə­rai­tində həyata keçirilirdi. Bəhs etdiyimiz dövrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü baş vermiş və Xocalının kəndləri bərbad vəziyyətə düşmüşdü. 1920-ci ilin oktya­brında olan məlumata görə Azərbaycanda 300 min desyatinə qədər suvarılan torpaq sahələri sıradan çıxmışdır [2, s.25]. Xocalının üzümlükləri, digər meyvə bağları baramaçılıq üçün becərilən toxmacarlıq əsasən məhv olun­muşdur. 1921-ci ildə bütün kənd təsərrüfatı bitkiləri sahəsi 1913-cü ildəkinə nisbətən 38 faiz, dənli və paxlalı bitkilər – 32 faiz, iri­buynuzlu mal-qaranın sayı 1916-cı ildəkinə nisbətən – 39 faiz, xırdabaş heyvan isə, 2 dəfədən çox azal­mışdır. Xocalının tut ağac­ları, mal-qara üçün qışlaqlar tamamilə məhv edilmişdi. Xocalı kənd­lərinin çoxunda təsər­rüfat alətləri, araba, xış qalmamışdır [3, s.110-115].

Sovet hakimiyyətindən əvvəl Xocalı əhalisi əsasən heyvan­dar­lıqla məşğul idilər. Xocalının zəngin yaylaqları, biçənəkləri, ümu­miy­yətlə təbii şəraiti heyvan­darlığın inkişafı üçün əlverişli idi. Birinci Dünya müharibəsi, 1918-1920-ci illərdə törədilən milli qır­ğın, daşnak quldur dəstələrinin ara verməyən basqınları, qarətlər Xocalıda mal-qaranın kəskin dərəcədə azalmasına səbəb oldu. Məsə­lən, 1914-1920-ci illər arasındakı dövrdə qoyunların sayı 2,7 dəfə, qaramalın sayı 35 faiz, at ilxılarının sayı yarıbayarı azalmışdır. On­ların çoxu Ermənistana, İrana aparılmışdır [56].

Xocalıda Sovet hakimiyyəti qurulduqdan sonra maldar­lığın inkişafına diqqət artırıldı. 1923-cü ildə Qarabağda açılan Kənd Təsərrüfatı Texnikomu zootexniklər hazır­lamağa baş­ladı. 1924-cü ildən başlayaraq mal-qaranın sayı ildən-ilə artdı. 1926-cı ildə Qarabağda 3 baytarlıq məntəqəsi təşkil edildi. “Turşsu” damazlıq sov­xozunda diaqnoz kabinəsi də yaradıldı [6]. Bütün bunlar Xoca­lıda heyvan­darlığın inkişafına təkan verdi. Kolxoz və sovxozların yara­dılması, heyvandarlıq fer­malarının təşkil edilməsi, mal-qaranın sayının artmasına, onun cinsinin yaxşı­laşdırılmasına təsir etdi. 1939-cu ildə olan məlu­mata görə Xocalıda qoyun­ların sayı 1913-cü ildəkindən 1,3 dəfə, qaramalın sayı isə 88,5 faiz artmışdır [19, s.1, iş 112, v. 23]. Bəhs olunan dövrdə Xocalı ərazisində iribuy­nuzlu mal-qaranın sayı 9876 baş (bundan 5893 başı şəxsi təsərrüfatlarda sax­lanılırdı), qoyun və keçilərin sayı 5894 baş (şəxsi təsər­rüfatlarda 1586 baş) idi. Aparılan tədqiqatlardan məlum olur ki, 1913-cü illə müqayisədə 1939-cu ildə Xocalı ərazisində mal-qaraların sayı 27 faiz çoxalmışdı. 1920-ci ildə Qarabağın kəndləri ağır vəziyyətdə idi. S.Ağamalıoğlu belə bir vəziy­yəti xatırlayaraq sonralar yazmış­dır: “Dağılmış və qılıncdan keçirilmiş Şuşa, özülünədək yan­dırıl­mış bölgənin dəhşətli günləri, azğın quldur özbaşınalığı, fəhlə və kəndlilərə qarşı zorakılıq və təhqirlər əsrlər boyu unudulmuş və əzilməz kəndlilər üzərində cəhalətpərəstlərin ağalığı, ermənilər ilə türklər (azərbaycanlılar - N.M.) arasında ən iyrənc milli ədavət və qarşılıqlı məhvetmə – Müsavatdan Sovetlərə irs qalan bax budur”.

Buna görə də, xalq təsərrüfatının bərpa edilməsi çox böyük qüvvə və enerji tələb edirdi. Burada dağılmış Şuşa kimi şəhəri bərpa etməklə yanaşı, bərbad bir vəziyyətə salınmış yüzlərlə kəndləri, sahibsiz qalan bağları bərpa etmək lazım gəlirdi.

1921-ci ildə Ermənistanın Azərbaycana hərbi müda­xi­ləsi qis­mən aradan qaldırıldıqdan sonra Xocalıda dinc quru­culuq işlərinə başlandı. Dinc quruculuq işləri çox mürəkkəb bir dövrdə sənaye bazası nisbətən zəif, xırda əmtəə istehsalı çox üstün olduğu bir şəraitdə davam etdirildi.

Xalq təsərrüfatının bərpa edilməsi, bütövlükdə Qara­bağda məh­suldar qüv­vələrin inkişafı, milli dövlət qurucu­luğu işində Azər­bay­canda işləmiş və ya Moskvanın bila­vasitə göstərişi və xüsusi tap­şırığı ilə buraya gəlmiş M.İ.Ka­linin, F.D.Stasov, M.V.Frunze, A.P.Serebrovski, KQ.N.Ko­minski və xüsusən partiyanın Zaqaf­qaziya ölkə komitəsinin birinci katibi Q.K.Orconigidze inkişaf üçün isti­qamətlər verirdilər.

Xocalıda xalq təsərrüfatının bərpası və inkişafı, hər şeydən əvvəl milli məsələlərin, Sovet imperiyasının tələbləri əsasında, həllindən asılı idi. Xocalıda millətlər arasında siyasi hüquq bəra­bər­liyinin təmin edilməsi bayrağı altında geniş tədbirlər görüldü. Millətlər arasında faktiki bərabərlik pərdəsi altında bölgədə qeyri-azərbaycanlıların yerləş­diril­məsinə xüsu­si diqqət verildi. Belə bir tədbirləri həyata keçirərkən 1921-ci ilin martında keçirilən RK(b)P X qurultayı millətlərin faktiki bərabərliyini yaratmaq haqqında qərarını əsas götü­rürdü.

Sovet təsərrüfatı sisteminin təşkili işinin planlı qaydada apar­ılması üçün 1920-ci ilin avqustunda Azərbaycanın SSR Xalq Torpaq Komissarlığının nəzdində kolxoz və sovxoz şöbələri yaradıldı. Kolxoz quruculuğu üçün tədbirlər həyata keçirilməsi üçün respub­likanın bütün qəzalarında və o cüm­lədən Qarabağda torpaq şöbələri nəzdində xüsusi kolxozlar bölməsi təşkil olundu. Sovet təsərrüfatı yaratmaq üçün “əsasnamə” hazırlandı. Sovet təsərrüfatı quruculuğu üçün ştat vahidi müəy­yən olundu, vəsait ayrıldı.

1920-ci ilin avqustunda Bakıda Azərbaycan Xalq Torpaq Komis­sarlığının torpaq komitələri sədrlərinin qurultayı keçi­rildi. Qurul­tayda bəylərin, xanların, məscid və kilsə torpaq sahələrinin tamamilə müsadirə olunması barədə qərar qəbul edildi. Partiya ən yaxşı təş­kilat və təşviqat qüvvələrini yoxsul kəndlilərə arxa­lanmaq, ortabab kəndliləri qorumaqla mülkə­darların tama­milə məhv edilməsi planını irəli sürdü.

Azərbaycan Kommunist Partiyasının 1921-ci ilin oktya­brında keçirilən II qurultayında da sovet təsərrüfatı quru­culuğu məsələlərinə toxunuldu. Qurultay respublikada olan ən iri təsərrüfatlarda sovet təsərrüfatının yaradılmasını irəli sür­dü. Bu tədbirlər Sovet Rusiya­sında və digər res­pub­likalarda olduğu kimi həyata keçirilmişdir. Belə ki, 1920-ci il iyunun 4-də Xocalıda nümunəvi təsərrüfatlarda sovxoz təşkil etmək üçün tədbirlər görüldü. İyul-avqust aylarında Xocalıda sovet təsərrüfatı yaradıldı [5].

Yeni İqtisadi Siyasətə keçidlə əlaqədar yaranmış kolxoz və sovxozların ömrü çox çəkmədi. 1922-ci il martın 1-də müvəq­qəti olaraq bölüşdürülməmiş və ehtiyat fondunda qalmış torpaq sahə­lərinin müddəti 3 ildən yuxarı olmaq şərti ilə müqavilə əsasında, xüsusi şərtlərlə icarəyə verildi. 1922-ci il iyunun 3-də Xocalıda olan bağların bir hissəsi keçmiş sahiblərinə qaytarıldı [6, i. 3786, v.10].

Xocalıda sovet təsərrüfatları ilə yanaşı artellər, kommunaların yaradılmasına da cəhdlər olundu. 1920-ci il avqustun 22-də kənd təsərrüfatı artelinin, av­qustun 24-də isə kommunaların yaradılması barədə nizam­namə qəbul edildi [7]. Burada artelə və ya kommunaya daxil olanların hüquq və vəzifələri müəyyən olundu. Kollektiv təsərrüfat yaratmaq məqsədi ilə Bakıdan respublikanın ayrı-ayrı qəza­larına xüsusi təlimatçı qruplar göndərildi. Təli­matçılar artel və kommunaların yaradılması, onların kənd təsərrüfatı avadan­lıqları ilə təchiz olunmasında bilavasitə iştirak etməli, eyni zamanda torpaq sahələri ayrılarkən orta­ya çıxa biləcək hər hansı münaqişəli məsə­lələri yerindəcə həll etməli idilər. 1921-ci ilin aprel ayında Azərbay­can SSR XTK-nın bilavasitə göstərişi ilə Qarabağa 52 nəfər nüma­yəndə göndərilmişdir. Həmin nüma­yəndələrin cəmisi 10 nə­fə­ri kənd təsərrüfatı mü­təxəssisləri idi. Qeyd edək ki, həmin 52 nəfərdən 8 - nəfəri Xocalıda fəaliyyət göstərmişdi [7].

1921-ci il mayın 28-də Azərbaycan SSR XTK-nın kolle­giya­sında komissar­lı­ğın kolxozlar şöbəsi və onun yerli orqanları haq­qında “əsasnamə” qəbul olundu. Əsasnaməyə əsasən respublikanın bütün qəzalarında torpaq şöbələri öz işlərini – yaradılacaq artellər üçün yararlı torpaq sahələri ayırmaq, suvarma işlərinə nəzarət etmək, kənd təsərrüfatı alətləri və qoşqu qüvvələri ilə təchiz etmək, artelə daxil olmaq istəyən təsərrüfatların maddi-texniki köməyini təşkil etmək və s. vəzifələri həyata keçirməli idilər. Bütün bu vəzifələri həyata keçirmək üçün xüsusi fond yaradıldı. Bu fonda ilk növbədə 100 milyon manat məbləğində pul ayrıldı [9, f.89, s.1, i.3787, m.10].

Azərbaycan İnqilab Komitəsinin 15 dekabr 1920-ci il tarixli dekretinə əsasən Xocalıda 21.874 desyatin otlaq, 42 desyatin meşə milliləşdirilərək yerli əhalinin ixtiyarına veril­di. 1921-ci il 17 mart tarixli “bütün növ məhsul inhi­sarının ləğv edilməsi haqqında” veril­miş dekretə əsasən Xocalı ərazisində ərzaq sapalağı ləğv olundu [9, i. 3787, v.10]. Azərbaycanın hər yerində olduğu kimi, Xocalıda da “Çanaq” tətbiq edildi. Kənddə artel, kommuna quruculuğu işləri genişləndirildi. Xocalıda hər biri 30 təsərrüfatdan ibarət artel təşkil edilmişdir. 1921-ci ilin yaz əkin kompa­niyası zamanı apa­rılan hesab­lamalara görə Xocalıda olan 5400 fərdi kəndli təsərrüfatının 2,8 faizi artellərdə birləşdirilmişdi. Bəhs olunan dövrdə Xocalıda 157 artel fəaliyyət göstərirdi ki, bu artellərdə 20 xış, 9 kotan, 50 qoşqu qüvvəsi qeydə alınmışdı. Qeyri-azərbaycan­lılardan ibarət yaradılmış təsər­rüfatların təşkili prosesində Azərbay­can kəndlərini bu təsər­rüfata cəlb etmək məqsədilə bey­nəl­miləlçilik təbliğatına diqqət artı­rılırdı. Bölgədə artel təsər­rüfatlar yaradılarkən təmtəraqlı adlar seçi­lirdi. Məsələn, Xocalıda təşkil olunan artellərə “Bolşe­vik”, “Şəfəq”, “Zəh­mət”, “Paris kommu­nası”, “Litvinov” və s. adları veril­mişdir. Xocalıda ilk kollektiv təsərrüfatlarının yaradıl­ma­sında rus, erməni əsgərlərindən istifadə olunmuşdur.

Respublikanın bir çox bölgələrində olduğu kimi Xocalıda da, artel­lərə, kommunalara, kolxoz və sovxozlara daxil olmaqla öz mülklərini qoruyub saxlamağa cəhd edən, iri torpaq sahibləri, varlı kəndlilər də az olmamışdır. 1921-1926-cı illərdə Xocalının kəndlərdə 104 nəfər iri təsərrüfat sahibləri bu cür üsullardan istifadə etməyə cəhd göstər­mişlər. 1923-cü ilin yazında respublika Xalq Torpaq Komis­sarlığının, Qara­bağ partiya və təsərrüfat orqanları ilə apar­dıqları yoxlama zamanı məlum olmuşdur ki, 60 nəfərdən çox iri torpaq sahibləri artel, kommuna, kolxoz yaratmışdır. Xocalıda təşkil olunan artel yalnız qolçomaq və onların qohumlarından ibarət idi. Kənddə yaradılmış artellərə ancaq iri torpaq sahibləri cəlb olun­muşlar [10].

1920-1921-ci illərdə Xocalıda artel, kommuna və sovxozların yaradıl­ması işi qismən sürətlə getmişdir. 1922-ci ilin sonu və 1923-cü ilin payı­zında bu təsərrüfatların çoxu dağıdıldı. 1925-1926-cı təsərrüfat ilindən başlaya­raq artel və sovxozların yaradılması işində yenidən canlanma yarandı [12].

Xocalıda kollektiv təsərrüfat formalarının yaradıl­masını şərti olaraq bir neçə mərhələyə bölmək mümkündür. Onun ilk mərhələsi 1921-26-cı illər kimi qiymət­lən­dirmək olar. Bu vaxt yaradılmış kollektiv təsərrüfatlar içərisində kommunalar, artellər və ilk sovet təsərrüfatları daha çox yer tuturdu. Bu illərdə respublikada 132 kommuna, 46 kənd təsərrüfatı arteli, 40-a yaxın sovet təsər­rüfatları yaradıl­mışdır [13, s.37, i.64, v.49]. 1921-1926-cı illərdə Xocalıda 3 sovet təsərrüfatı, 5 artel, 3 kommuna var idi. Bunların 70 təsər­rüfatı, 240 desyatin yararlı torpaq sahələrini, 689 baş mal-qarası var idi [13]. Bu təsər­rüfatlar xırda təsərrüfatlar olduğundan uzun müddət fəaliy­yət göstərə bilmədi. 1925-1926-cı illərdə Xocalıda cə­misi bir neçə sovxoz və kolxoz fəaliyyət göstərirdi. Bəhs etdiyimiz dövrdə Xocalıda kommunalar, xırda artellər ləğv olunmağa başlandı.

1926-cı ildən kolxozların və sovxozların fəaliyyətində qismən canlanma yaran­dı. Bu illərdə Xocalıda daha çox yoldaşlıq cəmiy­yətləri inkişaf edirdi ki, bunların sayı 4-ə çatmışdı. 1926-cı ildə Xocalı ərazisində 3 təsərrüfat arteli, 2 bağçılıq fəaliyyət göstərirdi. Ümumi kollektiv təsərrüfatın sayı isə 6 idi [14, s.37, i. 571, v.49]. 1926-cı ildə sənaye sahəsində olduğu kimi kənd təsərrüfatı sahəsində də xüsusi canlanma yarandı. 1924-1926-cı illərdə taxıl əkini sahəsi 60 faiz, mal-qaranın ümumi sayı 45 faiz, texniki bitkilərin səpini isə 35 faiz artmışdır. Bu artım Azərbay­canın hər yerində olduğu kimi Xocalıda da təbəqələşməni güclən­dirirdi. Xocalının təsərrüfat həya­tında və əhalinin sosial vəziy­yətində yara­nan nisbi canlanma, siyasi gərginliyin güclən­məsinə səbəb oldu.

1924-cü ildən başlayaraq istər mərkəzi və istərsə də yerli mətbuat səhifələrində “kimi qolçomaq, kimi zəhmətkeş hesab etmə­li?” ifadələri ortaya atıldı. “Bakinskiy raboçi” qəzetinin 1924-cü il martın 3-də “Sovet hökuməti yoxsul­ların hökumə­tidir”, “Kommu­nist” qəzetinin 23 fevral 1925-ci il tarixli sayında “Yad ünsürlərə münasibət necə olma­lıdır?”, “Bazar­da alver edənləri qolçomaq ad­landırmaq olarmı?” çağırışları Xocalıda sinfi mübarizəni genişlən­dir­mək şüarı kimi səslənir. Bu şüar Xocalıda milli münasi­bətlərin də yenidən alovlanması kimi də əks səda doğururdu.

Sovet dövlətinin Xocalıdakı yerli orqanları mərkəzin verdikləri göstərişlərə, mətbuatın çağırışlarına cavab olaraq sosial-siyasi pro­seslərin səmtini, imperiya siyasətinə uyğun­laş­dırmağa çalışdı. Bu məqsədlə əhalinin ilk növbədə yoxsul təbəqəsini sosializm quru­culuğuna cəlb etmək üçün koope­rativ­ləşdirmə, kredit verilməsi, va­hid kənd təsərrüfatı ver­gisi, yer quruluşunda güzəştlər, yoxsul fondunun yaradıl­ması və s. tədbirlərindən istifadə etməyə başladılar.

1927-ci ildə Respublikada kənd təsərrüfatının bankının nəz­dində xüsusi yoxsullar fondu təşkil olundu. Həmin fond yoxsullara kömək üçün ildə 160 min manat, 1927-ci ildə isə 350 min manat pul buraxmışdır. Bu vəsaitin bir hissəsi Xocalıya ayrılmışdır. Bununla yanaşı Xocalıda kolxoz qurucu­luğunun genişlən­dirilməsinə diqqət artırıldı. Kollek­tiv təsər­rüfatlar üçün bəzi güzəştlər edildi [16].

Azərbaycan K(b)P-nin VIII qurultayının (noyabr 1927-ci il) “Kənddə iş haqqında” qəbul etdiyi qətnamədə deyilirdi: “Kəndin kollektivləşdirilməsi bizim əməli şüarı­mız olmalı­dır” [22, s.1, iş 147, v.13].

ÜİK(b)P-nın XV qurultayının (dekabr 1927-ci il) “kənd təsər­rüfatının kol­lek­tiv­ləşdirilməsi haqqında” qərarı kolxoz quruculuğunu genişləndirilməsinə yeni bir mərhələ oldu. Bu mərhələdə başlıca diqqət kənddə kapitalist ünsür­ləri adlan­dırılan təbəqə üzərinə hücu­mu genişləndirmək və onları ləğv etmək xəttinin həyata keçiril­mə­sinə yönəldildi. Qurultaydan bir qədər sonra Bakıda kollektiv təsər­rüfat nümayəndələrinin ümumres­publika qurultayı (fevral-mart 1928-ci il) çağırıldı [16]. Qurultayda kollektiv təsərrüfat­ların təsər­rüfat sahələrini geniş­lən­­dir­mək, yer quruluşu işlərini nizama salmaq, bu məq­sədlə kredit ayırmaq haqqın­da qərar qəbul olundu. Qurultay, eyni zamanda kolxoz quruculuğu işinə bilavasitə rəhbərlik etmək üçün mərkəzi idarə – “kolxoz sentr”in yaradılması barədə də gös­təriş verdi [17, s.24].

XV qurultaydan sonra kollektiv təsərrüfatların geniş­lən­diril­məsinə, onların texniki bazalarının gücləndirilməsinə diq­qət artırıldı. Kənddə varlı təbəqələrin üzərinə hücum geniş­ləndirildi. Bu məqsədlə qəza partiya komitəsinin işinin yox­lanıl­masına da diqqət artırıldı. 1928-ci ildə Xocalı partiya komitəsinin işi Azərbaycan KP (b) MK tərəfindən yoxlanıldı. Yoxlama zamanı yerlərdə gedən sosial-siyasi proseslərə ciddi diqqət verildi [19].

1927-1928-ci ildə keçirilən ərzaq kompaniyasında yaran­mış böhranlı vəziyyət respublikanı çıxılmaz bir hala saldı. Qolçomaq adı altında varlılara qarşı necə mübarizə aparmaq ciddi bir məsələ kimi ortaya çıxdı. Bu dövrdə Buxarin-Rıkov və onların tərəfdarları qol­çomaqlara qarşı tətbiq edilən tədbirlərə, kolxoz və sovxozların genişlən­dirilməsinə qarşı çıxdılar. Onlar təsərrüfat sahəsində özünü doğrultmayan kolxoz və sovxozların çıxış yolunun olmadı­ğını bildirdilər. Buxarin-Rıkov qrupu eyni zamanda keçid dövründə sinfi mübarizənin labüd bir hal olduğunu inkar edir, qolçomaqlara dinc yanaşmanı vacib hesab edirdilər. Buxarin-Rıkov qrupu­nun bu ideyaları ölkənin əksər yerlə­rində, o cümlədən Azərbay­canda, onun ziddiyyətlərlə dolu bir bölgəsi olan Xocalıda də tərəfdarları meydana çıxdı. Xocalının təşkilat­larında Buxarin-Rıkov qrupunun ideyasını dəstəkləyənlər tapıl­dı. Bu təşkilatlar kənddə partiya siyasəti əleyhinə çıxdılar. Onlar kolxoz və sovxozların təsərrüfat fəaliyyətini kəskin şəkildə tənqid edirdilər. Xocalı dairə fəallarının yığıncağında qol­çomaqlara göstərilən müqavi­mətin düzgün olmadığını qeyd etmişlər: “Qolçomaq bir o qədər qorxulu deyil və onu sıxışdırmaq yersizdi. “Sahib­karlara qarşı müba­rizə, təsərrüfatı dağıtmaq, əhalini bir-birinə qarşı qoymaq deməkdir”. Səhləbad kəndinin ilk partiya özəyinin Xocalı partiya təşkilatına 1928-ci il 3 oktyabr tarixli məktubunda yazılırdı: Kəndinizdə qolçomaq yoxdur, ortabab hesab olunan bir neçə ailə 35 təsərrüfatdan ibarət olan artelin təsərrüfat işində fəal iştirak edir… Onlar öz təsərrüfat alətləri qoşqu qüvvələri ilə xırda təsərrüfatlara da kömək edirlər” [14, s.37, iş 382, v.49].

Kənd təsərrüfatını fəal surətdə inkişaf etdirməyə çalışan sahibkarlara qarşı müqavimətin dayandırılmasının tərəfdarı gənclər təşkilatının içərisində də ortaya çıxdı. Həmkarlar, gənclər təşkilat­larının yığıncaqlarında sənayenin kəndlərin hesa­bına inkişaf etdir­məklə onların dilənçi vəziyyətinə salın­ması barədə partiya siyasətinə yenidən baxılması tələb olunurdu.

1928-ci ildə kənddə aparılan vergi siyasəti Xocalı əhalisini dilənçi kökünə gətirib çıxarmışdı. 1929-cu ilin əvvəllərində Xocalı ərazisi üzrə fərdi kəndli təsərrüfatlarının vahid kənd təsərrüfat ver­gisinə cəlb olunması məsələsinə baxılan zaman məlum olmuşdur ki, yoxlanılan təsərrüfat­larının hər birinin üzərinə qoyu­lacaq vergi nəzərdə tutul­duğundan iki dəfə və bəzən hətta üç dəfə artıq alın­mışdır [19, s.37, i. 27, v.24]. 1928-ci ilin payızında Xocalıda 54 nəfər varlı kəndli siyahıya götürülmüş, onların əmlakları əllərindən alınmışdır. Araşdırma­lardan məlum olur ki, həmin əmlakı müsadirə olu­nanların hamısı azər­baycanlılar idi. Beləliklə, qolçomaqlara qarşı aparılan “sinfi mübarizə” Xocalıdakı sosial-siyasi vəziy­yətə ağır təsir gös­tərdi.

1928-ci ilin yanvarında İ.Stalinin Sibirə olan səfəri zamanı göndərilən direktivlərdə yerlərdə yaranmış böhran, ərzağın baha­laş­ması qolçomaqların bazar cəbhəsini yarması kimi qiymətləndirildi. Buna görə bütün alverçiləri, qolço­maqları həbs etmək vəzifəsi irəli sürüldü. Eyni zamanda, varlılara, xüsusilə iri təsərrüfatçı hesab olu­nan qolçomaq­lara, ticarətlə məşğul olan adamlara qarşı “yumşaqlıq göstərən” partiya, sovet işçiləri cəzalandırıldı, onların böyük ək­səriyyəti vəzifə­lərindən kənar edildi [27, s. 59].

1929-cu ilin yaz taxıl kompaniyası zamanı ölkədə fövqəladə tədbirlər görüldü. Həmin dövrdə “Pravda”, “Kom­munist”, “Bakin­skiy raboçi” və s. qəzetlər kənddə sinfi müba­rizənin genişlənməsini böyük “ilhamla” işıqlan­dırdılar. “Kom­­­mu­nist” və “Bakinski raboçi” qəzetləri 1929-cu ilin təkcə aprel-may aylarında öz səhifələrində bu məsələyə aid 200-dən çox məlumat dərc etmişdir. Mətbu­atda “Sinfi düş­mənə qarşı hücum”, “Aramızda qolçomağa yer olmama­lıdır”, “Kulaq­lar”, “Qolçomaqları hər vasitə ilə susdurmalı”, “Yad ün­sürlər” və s. başlıqları altında yazılar dərc olun­muşdur. Ölkədə yaranan belə bir vəziyyət kənd­lərin kütləvi çıxışlarına səbəb oldu. 1929-cu ildə təkcə Xocalıda 11-dən çox kəndli çıxışı, 5 silahlı toqquşma qeydə alınmışdır [20].

1930-cu il yanvarın 11-də “Pravda” qəzetinin “Qolço­maqları bir sinif kimi ləğv etmək günün vacib məsələsidir” adlı baş məqaləsi Azərbaycanın hər yerində olduğu kimi Xocalıda da qolçomaqlara qarşı mübarizə təbliğatı geniş vüsət aldı. “Pravda” qəzetinin irəli sürdüyü bu tezis İ.Stalinin hələ 1929-cu il dekabrın 28-də marksist-aqrarların konfransında hərtərəfli “əsaslandırılmışdır”. İmperiyanın başçısı İ.Stalin qeyd edirdi ki: “Biz qolçomaqları istis­marçılıq meyil­lərinin məh­dud­laşdırılmamaq siyasətindən qolçomaqların bir sinfi kimi ləğv olunması siyasətinə keçmişik” [24].

Bütün ölkədə olduğu kimi, Xocalıda da qolçomaqlara qarşı mübarizə əsasən üç istiqamətdə, antisovet, antibol­şevik, əksinqilabçı bayrağı altında aparılırdı. Bu qəbildən olan adamlar ailə başçısı olarsa güllələnir, ailə üzvləri Sibirə, Orta Asiyaya sürgün edilirdi. Kəndlərin digər şübhəli adam­ları respublikanın daxilində ayrı-ayrı regionlara köçü­rülürdülər.

İqtisadi cəhətdən geridə qalmış rayonlarda ən çox əyintilərə yol verildiyinə görə ÜİK(b)P MK-si 1930-cu il fevralın 20-də “İqtisadi cəhətdən geridə qalmış milli rayon­larda kollektivləşmə və qol­çomaqlara qarşı mübarizə haq­qın­da” xüsusi qərar qəbul etdi [21, s.90]. MK xəbərdarlıq etdi ki, bu rayonlarda əsas diqqət kollektiv­ləşmənin yüksək faizi dalısınca qaçmaq deyil, kütləvi kollek­tivləş­dirmə üçün təşkilati-siyasi və iqtisadi zəmin yaratmağa yönəldil­məlidir. Sosializmin bütün cəbhə boyu hücumu ilə bərabər kənddə “sinfi düşmən” hesab olunan bacarıqlı təsərrüfatçılara, “ku­lak” ad­lan­dırılan adamlara qarşı mübarizə genişlən­dirildi. Bu məqsədlə 1929-cu ilin sonu, 1930-cu ilin əvvəl­lərində res­publikanın kəndlərinə və o cümlədən Xocalıya “Mər­kəzdən” partiya, sovet işçiləri, baca­rıqlı fəhlə adı altında xüsusi “təlimat” keçmiş şəxslər göndərildi. Bəhs olunan dövrdə Bakıdan Xocalıya 55 nəfər nümayəndə gön­dərildi [22, i. 74, v.131]. Bu nümayən­dələrin böyük əksəriyyəti mil­liy­­yətcə ermənilər idi. Yerli partiya, sovet orqan­larının rəsmi nüma­yəndələri ilə Xocalıda “yad ünsürlər” adı altında azərbay­canlılara qarşı mübarizə aparıldı.

Sosializmin bütün cəbhə boyu hücumu “düşmən” ad­lanan sinfi qüvvələr tərəfindən kəskin müqavimətlərlə qar­şılandı. Xocalı əra­zisinə qarşı kütləvi repres­siyalar baş verdi. Xocalının bütün partiya, dövlət orqanları bir növ ermə­niləşdirildi. 1930-cu ilin sonu 1931-ci ilin əvvəllərində olan məlumatlara görə Xocalıda fəaliy­yət göstərən partiya və sovet orqanlarında çalışan adamlar əsasən qeyri-azərbay­canlılardan iba­rət idi [23, i.76, v.19]. Yerli partiya orqanları Xoca­lının bütün əhalisini siyasi sa­yıq­lığa, dövlət idarə orqan­larını bürok­ratik ünsürlərdən qorumağa qarşı mü­barizəyə çağırırdı. Bu çağırış azərbaycanlıların kütləvi şəkildə dövlət və partiya orqanlarından qovulması ilə nəti­cələndi. Beynəlmi­ləlçilik bayrağı altında həyata keçirilən bu tədbirlər Xocalıda qorxulu bir vəziyyətin yaranmasına səbəb oldu.

Belə bir şəraitdə Azərbaycan K (b) P-nin XIII qurultayı çağırıldı. Qurultayın “məramı” belə idi: “daha çox xalq düşməni” “aşkara çıxarmaq” hesabat məruzəsi ilə çıxış edən Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırov son sözündə demişdir: “Belə bir şəraitdə kimisə əfv etmək par­tiya­mızın mərkəzi komitəsini, Stalin yoldaşı aldatmaq demək­dir. Heç kimi əfv etmək olmaz. Son günlərin faktları bir daha göstərir ki, biz hələ düşmənlərin hamısını aşkara çıxarıb ifşa etməmişik. Mən bir daha təkrar edirəm ki, buna görə də bizi döyürlər, həm də haqlı olaraq döyürlər” [23].

Azərbaycan K(b)P MK-nın təkcə 5 noyabr 1937-ci il tarixli büro iclasında 279 nəfərin partiyadan çıxarılması təsdiq olundu ki, bunlardan 7 nəfəri Xocalının mərkəzi orqanlarında işləyən partiya işçisi idi.

1930-cu il aprelin 3-də Stalin “Pravda” qəzetində “Kol­xozçu yol­daşlara ca­vab” adlı məqaləsində yazırdı: “Qolço­maq Sovet haki­miyyətinin düşmənidir. Onun­la bizim aramız­da sülh yoxdur və ola bilməz. Qolçomaqlar barəsində bizim siyasətimiz onları bir sinif kimi ləğv etmək siya­sətidir”. O, qolçomaqları kənddən qovmağa, cismani məhv etməyə çağırırdı. Belə bir göstəriş nəticəsində də Azər­bay­canda və o cümlədən Xocalı rayonunda 1930-cu illərin əvvəllərində varlı kəndli təsərrüfatlarının 2,4 min hektar torpaq sahəsi və 540 min baş mal-qarası müsadirə olundu. Buna görə də orta və ya varlı təsərrüfat sahibləri mal-qara­larının müsadirə olunma­ması üçün ya kəsir, ya da dəyər-dəyməzinə satırdılar. 1930-cu ilin yanvarında SSRİ MİK və XKS “mal-qaraların kəsilmə­sinə qarşı mübarizə aparmaq haqqında” qərar qəbul etdi [24, s.271].

1930-cu ilin fevralında “Qolçomaq təsərrüfatlarının özbaşına köçməsinin və onlar tərəfindən əmlakın satıl­masının qadağan edilməsi haqqında” qərar qəbul edildi. Respublikanın yerli idarə orqanlarına tapşırıldı ki, özbaşına köçən və əmla­kını satan qol­çomaqların əmlakı dərhal müsa­dirə edilsin. Belə­liklə, hər bir təqib­lərə və təzyiqlərə məruz qalan kənd­lilərin özbaşına yerdə­yişməsi qadağan olundu. Bu, əslində təhkimçilik hüququ­nun tətbiq olunması və onun yeni forması demək idi. Digər tərəfdən kənd “fəalları” tərə­findən məcbur edilən kəndlilər onların kəndlərdən qovul­masını və məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edir­dilər. Beləliklə, qol­çomaq adı altında kənd varlılarına və hətta ortabablara qarşı mübarizə başlandı. Belə bir müba­rizənin gedişində öz fərdi təsər­rüfatlarından asanlıqla ayrıl­maq istəməyən ortabab qol­çomaq adı altında məhv edil­məyə başladı. Kəndli təsərrüfa­tının kollek­tiv­ləş­dirilməsi ərəfə­sində “kulak” təsərrüfatının sayı 2,7 faiz göstərilsə də, ilkin hesablamalara görə “kulak” hesab olunan təsərrü­fatların sayı bundan iki dəfə çox hesaba alınmışdır. Bu vaxt Xocalı əra­zisində qolçomaq təsərrü­fatı qalmadığı bir halda, 1930-cu ilin yazında bu bölgələrdə 84 nəfərə qədər iri təsərrüfatçının olması qeydə alınmışdır [26, s.1, iş 1, v.6]. 1931-ci ildə Xocalıda qolçomaq­ların sayı süni şəkildə bir neçə dəfə artıq şəkildə qeydə alındı [25].

Azərbaycan K(b)P MK bürosunun 1930-cu il 11 avqust tarixli qərarında varlı təsərrüfatlara qarşı mübari­zənin geniş­ləndirilməsi mühüm bir vəzifə kimi qoyul­muşdur [26]. Xocalı partiya komitələrindən tələb olunurdu ki, avqustun 18-dən gec olmayaraq qolçomaq həyətləri üzə­rində nəzarəti ciddi şəkildə gücləndirib, onların artıq əmlak­ları müsadirə olunsun [27]. Dövlət taxıl tədarük planını ödəməyən, bu işdən boyun qaçıran, sabotajlıq edən varlı kənd­­lilərə qarşı bir həftə müd­dətinə inzibati aktların tətbiq olun­masını, qolçomaq təsər­rüfatlarını yenidən qeydə almağı Dövlət Siyasi Orqanlarına tap­şırdı. Eyni zamanda, avqust ayının sonunadək qolçomaq təsər­rüfatının yenidən hesaba alınması təxirə salınmadan icra edilsin. 1930-cu ilin payı­zında varlı təsərrüfatların hesaba alın­ması işi başa çatdırıldı [28].

Beləliklə, apardığımız araşdırmalardan məlum olur ki, 1931-ci ilin altı ayı ərzində Xocalıda 54 varlı təsər­rüfatı dağıdılmışdır [29, s.79]. Avqust ayının 1-də olan məlu­mata görə respublikada 3483, sentyabrın 20-də isə 3802 varlı təsərrüfat qeydə alınmışdır. 1931-ci ilin fevra­lında aparılan hesablamalara görə varlı kəndli təsərrüfat­larının sayı birdən-birə 5309-a qaldırıldı. Xocalıdan olan 2764 kəndli təsərrüfatının təxminən 308-i varlı kəndlilər kimi qeyd edil­mişdir. Bu kəndlərin böyük əksəriy­yəti öz yerlərindən Sibirə, Qazaxıstana “kulak” arxipelaq­larına sürgün edilmişdir [30]. Siyahıya alınan var­lıların bir hissəsi məhkəmə məsuliy­yətinə cəlb olunmuş, qalanları isə əmlakdan məhrum edilmişdir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Xocalı ərazi­sində ət, yun tədarükü də inzibati yollarla aparılmışdı. Ət, yun təda­rükü aparılarkən çox hallarda onun varlı və yaxud yoxsul olmaları belə nəzərə alınmırdı. Araş­dır­malar­dan məlum olur ki, Xocalıda ət tədarükü zamanı kəndlilər bir növ qarət olunmuş, onların mal-qaraları, hətta toyuq-cücələri belə əllərindən alınmışdır. Xocalının kənd təsərrüfatı şöbəsinin Azərbaycan K(b)P MK-nə 1930-cu il 28 noyabr məktubunda verilmiş tapşırığı 150 faiz yerinə yetirdikləri bildirilirdi [30]. Bir çox hallarda “xalq düşməni” adı altında kənd­lilərin əmlakı hər­raca qoyulurdu. Bu cür repressiyaya məruz qal­mamaq üçün az-çox imkanlı kəndlilər mal-qaralarını tələf edir, öz əmlak­larını bir növ dağıdırdılar. İmkanlı kəndlilərin böyük bir his­səsi özlərini qolçomaq damğasından xilas etmək üçün kolxozlara girir, təsərrüfat işində fəallıq göstərməyə çalı­şırdılar. ÜİK(b)P MK 14 mart tarixli qərarından sonra 1930-cu il aprelin 14-də “Azər­baycanda kolxoz hərəkatın­dakı səhvlər və əyintilər haq­qında” [31, s.2, iş 525, v.30] qəbul olun­muş qərarda Respublikanın bir çox rayonlarında, o cümlədən Xocalı rayonunda kollektivləşmənin gedi­şində yol verilmiş səhvlər, nöqsanlar qeyd olundu. Həmin ilin yayında kütləvi şəkildə kolxozlara girən kəndlilərin çoxu 1930-cu ilin sonunda kolxozlardan çıxdılar. AK(b)P MK-nın məlum qəra­rında göstə­rilirdi ki, “rəqəmlər arxasınca qaçan bir sıra yerli təşki­latlar qolçomaqlıqdan salmaq işində çox ağır səhvlərə yol ver­mişlər”. AK(b)P MK-nın X qurultayında MK-nın birinci katibi N.F.Qikalo hesabat məruzəsində etiraf edərək bildir­mişdi ki, kollektivləşdirmədə yol verilən səhvlərin ən baş­lıcası inzibat­çılığa görə Azərbay­can birinci yeri tutur. 1930-cu ilin yaz əkin kom­paniyası zamanı Xocalı ərazisində 30 qolçomaq təsər­rüfatının mü­sadirə edilməsində kobud səhvlərə yol verilməsi rəsmi orqanlar tərəfindən təsdiq edilmişdir [33, s.1, iş 3, v. 15]. Aparılan elmi araş­dırmalara görə 1930-cu ildə Xocalının kəndli təsər­rüfatının təxminən 12 faizi qol­çomaq təsərrüfatı hesab olunmuş, onların çoxu seçki hüquq­larından məhrum edil­mişdir [34].

1930-cu ilin sonundan başlayaraq Xocalıda kolxoz hərəkatı yenidən canlandı. 1931-ci ilin yaz əkin kompaniyası zaman kol­lektivləşdirmənin faizi 11-dən 16-ya çatmışdır. 1932-ci ilin sonunda Xocalıda kəndli təsərrüfatlarının yarıdan çoxu kolxozlara daxil olmuşdur [33, i.96, v.11]. Kollektivləşmənin faizi artdıqca kəndli əmə­yi­nin istismarı da güclənirdi.

1933-1937-ci illərdə qolçomaqlara qarşı mübarizə “kənd­də qol­çomaqlara qarşı kolxozlar uğrunda” şüarı al­tında həyata keçirilməyə başladı. Bu dövrdə partiya, sovet və hüquq mühafizə orqanlarının başlıca hədəfi varlı kənd­lilər idi. Xocalıda kollektivləşmənin faizi artdıqca qolçomaq damğa­sına məruz qalan kəndlilərin də sayı artırdı. Kənddə partiya və sovet orqanlarından tələb edilirdi ki, “bütün cəbhə boyu qolçomaq­ların üzərinə hücumu güc­ləndirməli, bütün sahələr­də onların müqavimətini qırmalı”. Dağınıq fərdi kəndli təsər­rüfat­çı­larına qarşı apa­rılan mü­barizə 1933-cü ildə ölkədə kütləvi aclığın baş verməsinə səbəb oldu, bu isə Xocalıda əhalinin kütləvi yerdəyiş­mə­sinə səbəb oldu [35].

1933-1934-cü ildə sovxozlarda, MTS-da yaradılan siya­si şöbə­lər bu cür əhali axınının qarşısını inzibati yolla ala bildilər. İş yer­lərindən qaçan işçilərin bir çoxları məhkəmə məsuliyyətinə alındı. 1935-1937-ci illərdə kol­xozların möh­kəm­ləndirilməsi üçün görülən tədbirlərin sayı genişləndirildi. Beləliklə, 1937-ci ildə Xocalı ərazi­sində sosialist istehsal münasibətləri zor gücünə olsa da qalib gəldi. 1937-ci ilin oktyabrın 1-nə olan məlumata görə Xocalının kəndli təsərrüfatının 80 faizini, əkin sahələrinin 91 faizini kollektiv təsər­rüfatı əhatə edirdi [37, s.1, iş 118, v.22]. Bu dövrdə Xocalıda nisbi sinfi “sabitlik” yaradıl­mışdır.

Birinci beşillikdə kənd təsərrüfatının 60 faizdən çoxu­nun kol­lektivləşdiril­məsi, kolxozlar üçün maşın-traktor stan­siya­larından ibarət maddi-texniki baza yaradılması, sovxoz şəbə­kəsinin genişlən­dirilməsi – bütün bunlar kənd təsər­rüfatının yenidən qurulmasının əsasən başa çatması, kənddə yeni rejimin yaradıl­ması demək idi. Lakin, yaradılan kolxoz, sov­xoz və MTS-lar Xocalıda iqtisadi tələb­lərə cavab ver­mirdi. Bunun nəticəsi olaraq 1933-1934-cü illərdə ölkədə və o cümlədən Xocalı ərazisində güclü aclıq baş verdi. Ölkə­də baş verən belə bir böhranlı vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görüldü. Xocalıda kolxozlara zor ilə cəlb olunan və bu təsərrüfatda ürəklə çalışmayanlara qarşı kəskin müba­rizə aparıldı. Sovxozların və MTS-lərin yanında siyasi şöbələr yaradıldı. Siyasi şöbələrdə işləmək üçün kəndə çoxlu yeni qüvvələr göndərildi. Siyasi şöbələr kolxoz, sovxoz və MTS-nı möhkəmləndirmək üçün tədbirlər gördü. Elliklə kol­lek­tivləşmə yarışı nəyin bahasına olursa-olsun davam etdirildi. Xocalı ərazisində kollektivləşmə 45 faizdən 65 faizə çatdırıldı [39]. Təkcə 1934-1935-ci təsərrüfat ilində kollek­tivləş­dirmənin faizi 80-ni keçmişdi. Xocalıda həbslər, sürgün­lər adi hala çevrildi. Sosializm yarışı bayrağı altında kütlələr təsərrüfat quru­culuğuna cəlb olundu. MTS-lərdə iki il yarım fəaliyyət göstərən siyasi şöbələr 1934-cü il noyabr ayından ləğv edildi.

1934-1935-ci illərdə Bakıdan respublikanın ayrı-ayrı rayonla­rına və o cümlədən Xocalıya göndərilən nü­mayəndələr kolxozların möhkəmlən­dirilməsi üçün kütləvi təbliğat iş aparır, “yad ünsürlər” adlanan bəzi kolxozçular kolxoz­lardan qovularaq məsuliyyətə alın­mışlar. Bəhs olunan dövrdə Xocalıda 74 nəfər kolxozçu məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Xocalı rayonunun kənd­lə­rindən 65 nəfərdən çox kolxozçu kolxozdan xaric edil­miş­dir. Bu cür tədbirlər fərdi təsərrüfatçıların kollektiv təsər­rüfata daxil olması işinin daha da sürətlənməsinə səbəb oldu. 1936-cı ildə Xocalıda 645 nəfər fərdi təsərrüfatçı zor ilə kolxozlara daxil olmuşlar. 1934-cü ildə Xocalıda kollektivləşmənin faizi 81-i idisə, 1937-ci ildə 94-ə çatmışdır. Bəhs olunan dövrdə Xocalıda kollektiv­ləşmə 25 faiz artmışdır.

Kənddə Sovet imperiyasının mövqelərinin möhkəm­ləndiril­mə­sində kollek­tivləşdirmə xətti mühüm rol oynadı. Kəndli kütlələrinin sosial-iqtisadi həyatında baş vermiş hadisələr Xocalı ərazisində kapi­talist münasibətlərinin yox edilməsi ilə nəticə­ləndi. Kollektivləşmə ölkənin hər yerində olduğu kimi, Xocalıda da əhali­nin əsas kütləsinin həyat tərzini imperiyanın prinsipləri əsasında dəyişdirdi. Xocalıda milli, etnik tərkibində xeyli dəyişikliklərə səbəb oldu. Bu sahədə daha güclü sosial baza yaradılması üçün zəmin hazırladı.

Beləliklə, 1920-1930-cu illər ərzində Xocalıda mərkəzin pla­nına uyğun inzibati amirlik və zorakılıq yolu ilə kənd təsərrüfatının kollektivləşməsi başa çatdı. Kolxozlar kənd təsərrüfatı mallarının istehsalçısına çevrildi. 20-30-cu illərdə Mərkəzin maraqları əsasında Xocalıda həyata keçi­rilən tədbirlər, kənddə köklü dəyişikliyə səbəb oldu. Belə ki, kapitalist təsərrüfatları tamamilə ləğv edildi. Mərkəzin “xüsusi” nəzarəti ilə xüsusi mülkiyyət aradan qaldırıldı və bununla da ticarət zəiflədi. Vəziyyətdən istifadə edərək Xocalıda hakimiyyəti ələ keçirən qeyri-azərbaycanlıların təsərrüfatsızlığı, məsuliyyətsizliyi və “əli­açıqlığı” nəticə­sində xalq əmlakı Rusiyaya və Ermə­nistana daşınır, talan edilirdi. Kollektiv əmək, kəndlinin necə və nə qədər işlədiyini pərdələyir, bu isə əməyə marağı aşağı salırdı. Kənddə bərabərlik psixologiyası formalaş­dırılır, əs­lin­də kənd­li asılı olduğu erməni rəhbərliyinin bütün tələb­lərini yerinə yetirən “robota” çevri­lirdi. Yeni cəmiyyət möh­kəmləndikcə erməni rəhbərliyinin Xoca­lının təsər­rüfat, partiya orqanlarına müdaxiləsi artmış və nəzarət etmək im­kanı geniş­lənmişdir. Xocalı ərazisində ixtisaslı mütəxəs­sislərin sayı artmışdır. Ümumiyyətlə Respublikamız keç­miş SSRİ-nin “ikinci pambıq bazası”na çevrilmiş, kənd təsər­rüfatının inkişafı nəticəsində Rusiya sənayesini canlandıra bilən xammal mənbəyi yaradılmışdır.

Kənd təsərrüfatının sosialistcəsinə yenidən qurulması – kollek­tivləşdirmə Xocalının 20-30-cu illər tarixinin ən dəhşətli səhifə­lərindəndir. Bu illər rayonun kəndlərinin tari­xinə ən ağır, əzablı və dəhşətli dövr kimi daxil oldu. Kollek­tivləşmənin ən dəhşətli faciə­lərindən biri qolço­maq­lara və onların tərəfdarlarına divan tutulması idi. Bu dövrdə Xocalıda minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edildi və ya sürgün olundu. Azərbaycanın hər yerində olduğu kimi Xocalıda da kollektivləşmə dinə, milli ənənələrə qarşı mübarizə ilə müşayiət olundu. Bu proses zamanı məs­cidlər dağıdıldı qadınların çadraları əllərindən alındı Kolxoz quruculuğunda yol verilən əyin­tilər, səhvlər, zorakılıq və inzibatçılıq, qolçomaq­lara, varlı və ortabab kəndlilərə qarşı çevrilmiş kobud, qeyri-insani tədbirlər kənd­lilərin kütləvi narazılığına səbəb oldu. Xocalı ərazisində sovet rejiminə və kollektivləşməyə qarşı kəndli üs­yanları kütləvi müqavimət hərəkatı baş verdi. 1930-cu ildə Xocalıda qaçaq dəstələri öz fəaliyyətlərini genişləndirdi. Lakin sovet hökuməti bu hərə­katı güclü hərbi hissələr vasi­təsilə çox amansızlıqla yatırdı Üsyançıların bir hissəsi güllələndi, bir hissəsi həbs edildi, digər bir hissəsi isə sürgün olundu Bununla da Xocalıda çox ağrılı, əzablı və dəhşətli yollara aparılan kol­lek­tivləşmə nəticəsində kolxoz quruluşu yaradıldı.

 

Daha yeni Daha eski