XANKƏNDİMƏ MƏKTUB

Dağların qoynunda havası, suyu, küçələri təmiz, açılan səhərləri, düşən axşamları insana hüzur verən, ruhunu oxşayan gözəl bir şəhər var... 35 il əlimiz çatmayan, ünümüz yetməyən, düşmən tapdağında qalan şəhər...15 yaşımda göz yaşları içində tərk etməyə məcbur qaldığım doğma şəhər...35 il uzaqlıqda qalan, yuxularımdan çıxmayan, əbədi həsrətim, kədərim olan şəhərim... Bilirsənmi səndə nəyim qaldı? Mənim səndə xoşbəxt, qayğısız, şıltaq, atalı-analı günlərim qaldı... Doymadığım yarımçıq uşaqlığım qaldı...Küçələrində, evimizə gedən yollarında izim qaldı...Divarlarına gülüşlərimiz,hay-harayımız, ata anamın mehriban, qayğıkeş səsi hopan, min zəhmətlə tikdikləri doğma evimiz qaldı...Yarımçıq qalan məktəbimin sinif otaqlarında səsim qaldı...Yaşamadığım gəncliyim qaldı...Gələcəklə bağlı arzularım, xəyallarım qaldı...Yaralı, incimiş, küskün ürəyim qaldı...Ruhum səndə qaldı, cismim kölgətək dolaşdı..                                                                               

Uşaq vaxtı kosmonavtlardan bəhs edən bir fantastik hekayə oxumuşdum. Kosmonavtlardan biri vəfat edir və vəsiyyət edir; "Məni elə bir yerdə dəfn edin ki, Yerin işığı üzərimə düşsün". Bu söz məni o qədər ağlatmışdı ki...Səbəbini özüm də bilmədən çox üzülmüşdüm. Yəqin o zaman uşaq qəlbim hiss etmişdi başımıza gələcək fəlakətləri. İllərlə səndən uzaq düşəcəyimizi, ancaq yuxularımızda görəcəyimizi, sənin həsrətinlə kül olub qovrulacağımızı... Sən demə, Vətən insana ən yaxın doğmasından belə əziz olurmuş, insanın bir parçası olurmuş. Ondan ayrı düşəndə ona görə özünü həyatda yarımçıq hiss edirmiş. Heç yerdə öz yerini tapa bilmirmiş. Bu illər ərzində sevinclərimiz, gülüşlərimiz, həyatımız da yarımçıq oldu. Ancaq, bilirsən, mən səndən başqa heç yerə isinə bilmədim, heç yeri sevə bilmədim. Yaşadığım, gəzdiyim yerləri sənlə müqayisə etdim, səndə olanları görmək istədim. Hər yerdə səni axtardım. Ancaq sənə bənzər yeri heç yanda tapa bilmədim. Yorulmadan səni mədh elədim, tanımayanlara gözəlliyindən bəhs etdim. Sənə qovuşacağım günü həsrətlə gözlədim, Allaha dua etdim hər zaman. Ümidimi üzmədim, bu ümid məni yaşatdı. Şükürlər olsun Allaha ki, sənin azad olduğunu görmək nəsib oldu. Sənin həsrətinlə yüzlərlə insan köçdü dünyadan. Qoy onların da ruhu şad olsun. Bizə gözəl, şərəfli, qürurlu günləri yaşadan Şəhidlərimizn məkanı cənnət olsun. Haqqınızı bizə halal edin, Şəhid ata anaları. Qəhrəman oğullarımız, Ali Baş Komandanımız var olsun. Minlərlə Şəhid qanı hopmuş, məğrur, üçrəngli bayrağımız hər zaman başın üstündə dalğalansın. Bilirəm, sən də bizim üçün darıxmısan. Qoynunda dünyaya göz açan, böyüyən, ürəkləri sənin həsrətinlə yanan övladların, əzizlərin üçün bərk darıxmısan, kövrəlmisən.         

Əzizinəm dur dağlar,                                            

Dayan dağlar, dur dağlar.                                      

Mən özüm ağlamıram,                                       

Məni görcək yurd ağlar.                                                     

Səni tez görmək, torpağını bağrıma basmaq, səninlə qucaqlaşıb itirdiyimiz illərə doyunca ağlamaq, sənə qovuşmaq üçün o qədər tələsirəm, həyəcanlanlıyam ki... Doğma övadların, Xanın nəvələri qoynuna qayıdır. Bizi qarşıla Vətən! 

Yurddan ayrı düşən ay on beş yaşım, 

Gözün aydın. Bitdi yurdun həsrəti!     

Aytəkin Quliyeva

Xankəndi sakini

Daha yeni Daha eski