Torpaqlarının 20 faizi işğal altında qalan xalqımız
bu vəziyyətlə hüç cür barışa bilməzdi. Düşmən nə qədər işğal etdiyi torpaqlarda
möhkəmlənsə də, hər birimizdə inam var idi ki, Qarabağı düşmən tapdağından
gec-tez azad edəcəyik. Bunun üçün isə düzgün vaxt seçilməli, yaxşı zəmin
yaranmalı idi. Gündən-günə dövlətimiz inkişaf etdikcə onun ordusu da qüdrətləndi.
Məlumdur ki, müharibədə qalib gəlmək üçün ilk öncə gərək iqtisadi tərəfdən
güclü olasan. Cənab Prezidentimizin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz
iqtisadi gücünü artırdı. Müasir silahlar alınmaqla yanaşı, ölkədə müdafiə sənayəsinin
yaranması da hərbi gücümüzün artırılmasına böyük təkan verdi. Azərbaycan
ordusu dünyanın ən güclü orduları arasında özünə yer tapdı.
Ordumuzun Böyük Qələbəyə
doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda
uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. 2016-cı il
Aprel döyüşlərində əldə edilən qələbə böyük zəfərlərin müjdəçisi idi. 4
günlük döyüşlərdə Ermənistan ordusunun "qüdrətli", "yenilməz"
mifi darmadağın oldu. Lələtəpədən Qarabağa açılan pəncərə düşmənə tezliklə daha
ağır zərbələri endirəcəyimizin mesajını verirdi.
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə
bir döyüş də - Tovuz döyüşləri də qızıl
hərflərlə yazıldı. Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu
birliyinin yenidən təcəssümünə çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi
ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir. Həmin günlər Azərbaycan
xalqı ayaqda idi, hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək
üçün ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı
nifrət, axıdılan nahaq qanların qisasının alınması hamıda döyüşkənlik əhval-ruhiyyəsi
yaratdı.
Vətən müharibəsinin
başlanması ilə Azərbaycan xalqının qisas arzusu, mübarizlik əzmi pik həddə çatdı.
Xalq orduya, Ali Baş Komandana güvənərək onun arxasında sıx birləşdi. Hər kəsdə
əminlik var idi ki, biz qələbə çalacağıq. Bu inamı bizə ölkə başçısının qətiyyətli
siyasəti, ordumuzun gücü verirdi. İlk gündən kəndlərimizin düşmən tapdağından
azad edilməsi xalqımızı böyük sevincə boğdu. Bu anı xalqımız 30 ilə yaxın idi
ki, səbrsizliklə gözləyirdi. Artıq məqam yetişmişdi. Düşmən törətdiyi cinayətlərin
hesabını verməli, torpaqlarımızdan təmizlənməli idi.
44 günlük haqq savaşımızda
erməni ordusu darmadağın edildi. Dəmir yumruq qarşısında onlar tab gətirə bilmədi.
Ordumuzun hələ döyüş əməliyyatlarının başlanıldığı ilk gündə bir neçə yaşayış məntəqəsini
işğaldan azad etməsi düşmənin şəxsi heyəti arasında vahimə və qorxu yaradıb. Hər
addımda məhv edilən düşmən hərbçiləri çıxış yolunu yalnız geri çəkilməkdə
görüblər və sağ qalanlar bununla canlarını qurtarmağa çalışıblar.
44 gün davam edən döyüşlər
zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri
və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun
Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi
və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi,
Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, həmçinin
Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə
Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətini
anlayaraq kapitulyasiya aktını imzaladı. Noyabrın 10-da Azərbaycan Prezidenti
İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti
Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın
rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb.
Lakin Ermənistan 44 günlük
müharibədən dərs alıb nəticə çıxarmadı. Noyabrın 10-da sənədi imzalamaq üçün
gözə görünməyən Baş nazir Nikol Paşinyan şərtləri yerinə yetirmədi. Azərbaycan
tərəfi rəsmi İrəvana öhdəliklərini yerinə yetirməyin vacibliyini müxtəlif vasitələrlə
başa salsa da, əlavə şərtlər irəli sürüldüyünü gördük. Separatçıların təxtibatçı əməlləri, terror aktları
anti-terror tədbirlərini qaçılmaz etdi. Cəmi 24 saat çəkən antiterror tədbirlərində
seperatçı qüvvələr böyük itkilər vərərək ağ bayraq qaldırdılar. Bununla da
Qarabağın erməni seperatçılarından təmizlənməsi prosesi daha da sürətləndi.
İndi Şanlı bayrağımız, Xocalı, Ağdərə torpaqlarında dalğalandırılır.
Zəfər günlərini yaşadığımız
üçün özümüzü xoşbəxt saymalıyıq. Bu qürurlu, şərəfli günləri gördüyümüz üçün nə
qədər şükür etsək, yenə
də azdır. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və
zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət
eləsin!
Şəhidlərimizin ruhu
qarşısında baş əyirik!
Akif RÜSTƏMOV,
Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin tarix müəllimi