VAHİD MƏKTƏBLİ FORMASI ŞAGİRDLƏR ARASINDA NİZAM-İNTİZAMIN, SOSİAL BƏRABƏRLİYİN RƏMZİDİR

                Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Ötən tədris ilində bütün ümumtəhsil müəssisələrdə keçirilən Pedaqoji Şuraların müvafiq qərarı ilə hər məktəb 4 cür geyim formasından birinin seçmişdir.

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  Xocalı rayonunun 12 təhsil ocağında da vahid məktəbli formasına keçidlə bağlı Pedaqoji Şuralarda bu məsələ müzakirə
edilmiş və müvafiq qərara əsasən hər məktəb öz geyim formasını təyin etmişdir. Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Nəcəf Həsənov bildirdi ki, 2023-2024-cü tədris ilində Xocalı rayonu üzrə 1470 nəfər təhsilalanlarımız olacaq. Valideynlərin iştirakı ilə keçirilmiş Pedaqoji Şuralarda hər məktəb öz istəyinə - qərarına uyğun olaraq 4 geyim formasından birini seçib. Bununla əlaqədar olaraq rayonumuzda aztəminatlı ailələrdən olan 44 nəfər şagirdin və 8 nəfər şəhid övladının vahid məktəbli forması ilə təmin edilməsi nəzərdə tutulub.  

Yeni tədris ilinin yaxınlaşması ilə şagirdlərdə məktəb həyəcanı və vahid məktəbli formasını geyinməyin həvəsi hiss olunur. Bəs, ümumi olaraq bu yeniliyə valideynlərin münasibəti necədir? Bu barədə bəzi valideynlər öz fikirlərini bildirdilər.

Günay Quliyeva, valideyn komitəsinin sədri:

- Düşünürəm ki, vahid məktəbli formasına keçid şagidlərin hüquqlarının eyni olmasını onlara aşılamaq baxımından əhəmiyyətli qərardır. Gərək uşaqlar bilsinlər ki, onların ailələrinin imkanlı olub-olmamasından asılı olmayaraq, onlar parta arxasında, müəllim qarşısında eyni məsuliyyəti daşıyırlar. Şagirdlərdə vahid məktəbli formasına xüsusi istək də yaranacaqdır. İllər ötdükcə, məktəb həyatından sonra həmin formalar şagirdlərin yaddaşında uşaqlıq illərinin ən xoş xatirəsi kimi də qalacaq.

Ancaq istərdim ki, geyimlər keyfiyyətli və qiymətləri münasib olsun. Ucqar kəndlərdə yaşayan, şəhərdən uzaq olan təhsilalanların valideynlərini nəzərə alaraq vahid məktəbli formasının həmin yaşayış yerlərində satışını təmin etmək və imkanı aşağı olan ailələrin və şəhid ailələrinin övladlarına bu geyimlərin pulsuz çatdırılması yaxşı hal olar. 

Vasif Həşimov, valideyn:

-  Şagirdlərin səliqəli, nizamlı görünməsi vacib məsələdir. Vahid məktəbli forması ilə şagirdlər eynihüquqlu olduqlarının fərqinə varacaqlar. Qiymətlərlə maraqlandım, maddi baxımdan da valideynlər üçün sərfəlidir. Nəzərdə tutulandan artıq vəsait xərcləməyə ehtiyac qalmır. Formalar yeni dəbə uyğundur. Mən deyərdim ki, nizam-intizamlı geyinmək şagirlərin dərslərə də hazırlıqlı gəlmələrinə təsir edəcək.

Bəxtiyar Əhmədov, valideyn, müəllim:

-  Məktəb uniformaları şagirlərin həvəslə oxumalarına, nizam-intizamlı olmalarına səbəb olacaqdır. Bu eyni zamanda şagirdlər arasında sosial bərabərliyi də təmin edəcəkdir. Ölkəmizdə vahid məktəbli formasına keçid təqdiralayiqdir. Geyimləri dəbli və qiymətini münasib sayıram. İnanıram ki, bu yenilik ənənə halını alacaq və hər kəs bu qaydaya əməl edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən növbəti, 2023-2024-cü tədris ilindən etibarən məktəblər üzrə bütün siniflərdə vahid məktəbli forması tətbiq ediləcək. Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub. Təhsilalanların geyim forması qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək, oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket, oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket. Məktəblərin sifarişi əsasında bu qərarda göstərilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunur və azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

                                                    Qalib BƏYMƏMMƏDOĞLU

Daha yeni Daha eski