Zülfü Süleymanov

 

Fevralın 27-si səhər tezdən bilinməyən istiqamətdə yola davam etdik. İki saat yol getdikdən sonra, saat 10-11 arası bir kənd gördük. Silahlılar öndə gedirdilər. Mən də silah var idi. Bizi ermənilər görəndə dedilər ki, qorxmayın, gəlin, azərbaycanlı kəndidir. Biz Dəhraza yaxınlaşanda məlum oldu ki, bu kənddə ermənilər yaşayır. Atışma başladı. Atışmada bir neçə nəfər şəhid verdik. Arxaya baxdıq ki, vurulan çox olacaq. Silahları tullayıb ermənilərə təslim olduq. Əsirləri kəndə gətirib ictimai binaya yığdılar. Bir neçə saat keçəndən sonra ermənilər dedi ki, bizim bir ailənin tək oğlunu öldürmüsünüz. Ona görə aranızdan 13 nəfəri aparıb öldürəcəyik. Axşam tərəfi erməni quldurları 13 nəfər əsiri seçdilər. Mənim əynimdə hərbi geyim yox idi. Yanımda duranlardan da seçdilər. Ancaq mənə heç nə demədilər.

-                        Seçilib aparılan əsirlərdən kimləri tanıyırdınız?

-                        Hamısını tanıyırdım. Qaçay müəllimin oğlu Rövşəni, Şahini, Yusifəli kişini və digərlərini apardılar. Təxminən 20 dəqiqədən sonra avtomat səsləri gəldi. Ermənilərin biri dedi ki, onların hamısını öldürdük. Hal-hazırda Xocalı Rayon İHB-nın müavini Lamiyə Qarayeva da əsirlərin arasında idi və o, atasının arxasınca qışqıraraq ağlayırdı. Balaca Lamiyə səhərə qədər ata deyib çığırırdı. Özü səhərə qədər yatmadı, onun səsindən heç kəs gözlərini yuma bilmədi. O, çox qavqarışlı uşaq idi. Başa düşürdü ki, atasını aparıbdılar. Kiçik yaşlı Lamiyənin atasının arxasınca ağlamağı hamıya öz dərdini unutdurmuşdu. Həmin ərəfədə erəminlər bizə amansız işgəncələr verdilər. Avtomatla, dəmir alətlərlə səirləri döyürdülər. Odun doğradırdılar, müxtəlif işlər gördürürdülər. Bu gün xəstəliklərimin üzə çıxmasının səbəbi çətin əziyyətlərdən, qorxulardandır. Hər cür soyuq silahlarla işgəncələr verirdilər. Ucu şişlənmiş armaturları əsirlərin qarnına, qılçına soxurdular. Brmaqlarımızı bir yerə qoyub üstündən basıb əzirdilər. Üç gündən sonra ermənilər üstümüzdə olan pulumuzu, sənədlərimizi əlimizdən aldılar. Mart ayının 2-də ermənilər əsirlərə dedilər ki, kimin uşağı varsa bir tərəfə, subay olan isə bir tərəfə keçsinlər. Mənimlə əsirlikdə olan qonuş Əlövsətin üç uşağı yanında idi. Birini özü, o birini isə yoldaşı götürdü. Oğlu Anarı isə mən yanıma götürdüm. Cərgədə dayandıq. Bu məqamda üstüörtülü “Kamaz” maşını gəldi. Subay kişiləri, ağsaqqaları “Kamaz”a yığdılar. Onların haraya apardılar bizim xəbərimiz olmadı. Sonra bizə dedilər ki, sizə aparıb Ağdamın Abdal-Gülablı kəndindən yola salacağıq. Erməni quldurları bizi gətirib Ağdamda bir neçə erməni erməni əsirləri dəyişdilər. Təxminən 100-120 nəfər olardıq.

-                        Xocalı soyqırımı sizə hansı acıları yaşadıb?

-                        Xocalı soyqırıım heç bir zaman yaddaşımızdan silinməyəcək. Ailə üzvlərim çətinliklə faciədən sağ çıxa bildilər. Yoldaşımın yaxın qohumları şəhid oldular. Üç aylıq övladım Vüsal çöllərdə bərk soyuqladığından 11 ay müalicə olundusa da, onu yaşada bilmədik. Ermənilər hər acını yaşatdılar bizə...

 

 

XOCALILARIN MƏŞUM FEVRAL AYI

 

Fevral ayı xocalılar üçün illər ötsə də ən ağrılı günlərin yaşandığı tarix kimi öz mənfi ab-havası ilə yavaş-yavaş təqvimdən yarpaqlarını salır. Bu qısa ay əslində Xocalı sakinləri üçün mənəvi iztirabları ilə ən uzun ay kimi ötüşür. Qaysaq bağlamayan yaralar fevral ayında yenidən şiddətlənir. Görünür ömrümüzün sonuna kimi hər fevral ayı Xocalı soyqırımının ağrı-acıları yaddaşımızı ağır çəkic kimi möhürləyəcək, çəkdiyimiz müsibətlər əbədi yaddaşımıza getdikcə daha dərindən həkk olunacaq. Fevral ayında xocalılar xeyir işləri görməz, toy məclisləri qurmazlar. Nə qəribə qismətdir ki, Xocalı soyqırımının hər ildönümündə uzun müddət göylərdən asılı qalan qar bizim dərdimizə dözməyərək yerə düşür, dənə-dənə də olsa özünü yetirərək o müdhiş, qarlı-şaxtalı gecənin təəssüratlarını yaşadır.

Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsində - fevral ayının 15-də  Xocalı yadigarı, dəyərli ziyalımız, söz ustdadı Allahyar Xocalının vəfatı bu soyuq, məşum fevral ayını xocalıların gözündən daha da saldı. Allahyar Xocalı yurd həsrətli şair idi. Onun şeirlərinin əsas sujet xəttini mübarizlik, doğma yurd həsrəti, Xocalı soyqırımının dəhşətləri təşkil edirdi. Allahyar müəllimin 88 yaşlı babası Xocalı soyqırımında şəhid olmuşdur.

Qəzetimizin saytında və sosial şəbəkələrdə əvəzedilməz insan olan Allahyar Xocalının həyatı və yaradıcılığı haqqında yazılar paylaşılır. “Xocalının səsi” qəzeti öz səhifələrinə taleyüklü Xocalının salnaməsini yazması böyük məsuliyyətdir. Xalqımızın, elimizin sevincinə sevinib, qəminə kədərlənən “Xocalının səsi” yazdığı salnaməsində oxucularının maraqlarına, arzu-istəklərinə uyğun yazılar dərc etməkdədir.

“Xocalının səsi” qəzetinin arxivinə, onun saytına fevral ayında daha çox müraciətlər olur. Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsində “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyasının paylaşımlarına istinad edilərək öz səhiflərimizdə paylaşım edirik. Ayda bir dəfə 8 səhifədən ibarət olmaqla 600 sayda dərc edilən “Xocalının səsi” qəzeti öz mənəvi əhəmiyyətinə görə rayon qəzetləri arasında önəmli yer yutur.

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru,

16.02.2022

 

 

 

Daha yeni Daha eski