Şanlı Bayrağımız bu gün azad torpaqlarımızda qürurla, vüqarla dalğalanır

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq öz yurduma, öz hakimliyim.

Elə bir vətəndaş olmaz ki, mənsub olduğu dövlətin bayrağı ilə qürur duymasın, fəxr etməsin. Mübaliğələrdən uzaq şəkildə deyim ki, bütün zirvələrdən uca, yüksəkliklərdən daha əzəmətli bir ucaqlıqdır bayraq ucalığı, bayraq sevgisi isə hər sevdaya bənzəməz. Bayraq heysiyyət, vətəndaşlıq qürurdur. Konstitutsiyamızda deyildiyi kimi Respublikamızın Dövlət Bayrağı onun dövlət rəmzlərindən biridir.
Bayrağın simvolu, rəngləri ümumiyyətlə dəyişilməzdir. Hər rəng, simvol da bir özəl məna daşıyır, xalqımızın tarixi keçmişi ilə səsləşir. Əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub-saxlamaq arzusunda olub. Biz bu cür xoşbəxtlik və sevinc dolu duyğulara sahibik. Tarixi köklərə mənsub bir xalqın, qürurlu vətənin övladlarıyıq. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinin, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir. İlk dəfə 1918-ci ildə noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabineti Şurasının yerləşdiyi binada qəbul edilmiş və Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23ay yaşadı. İmperiya onu süquta uğratdı. Nəticədə növbəti dəfə Ümummilli liderimiz Heydər Əliyevin təkidli tələbi ilə 1991-ci il noyabrın beşində ikinci dəfə bayrağımız dövlət rəmzi kimi qəbul edildi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Ulu Öndər Heydər Əliyev: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. ”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayan bayrağımızın 100 ildən artıq tarixi var. 1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra, həmin il 9 noyabr tarixində Azərbaycan bayrağı AXC Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1920-ci il aprelin 28-də cümhuriyyət süqut etdi və Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq 70 il sonra ikinci dəfə 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırıldı.
... və 30 il sonra ərazi bütövlüyümüzün, Azərbaycan xalqının birliyinin simvolu olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə - Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda və bütün Qafqazın incisi, qədim mədəniyyət mərkəzi, Qarabağın mirvarisi olan Şuşa şəhərində qürurla, vüqarla dalğalanır.
Pis günümüzdə də, yaxşı günümüzdə də dayağımız olan ay-ulduzlu bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Nə zaman başımızı qaldırmışıqsa, onun inamla kükrədiyini görmüşük. Hisslərin bütün növlərində ona sarılmışıq. Onunla ovunmuşuq, göz yaşımızı onunla silib, güc toplayaraq yenidən ayağa qalxmışıq. Və budur, artıq uzun illərdir ki, biz birlikdə güclüyük və bayrağımız dünyanın siyasi, iqtisadi, mədəni arenalarında öz yerini və mövqeyini qoruyub saxlamaqdadır...
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üç rəngli bayrağınla məsud yaşa!
Harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün müstəqil Azərbaycanın üçrəngli Bayrağı qürur mənbəyidir. Bayrağımızın Xocalılı, Xankəndili, Bütöv Azərbaycanda daim məğrur dalğalanması diləyi ilə. Bayramımız mübarək!
Ülviyyə Rəhimli,
Xocalı şəhər 4nömrəli tam orta məktəbin müəllimi
Daha yeni Daha eski