Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.
Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis
edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi
bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün
şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu gün səhər saatlarından başlayaraq
respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş
ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını
fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
27 Sentyabr - Anım Günündə Vətən Müharibəsində qəhrəmancasına
döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və
zabitlərimizin Anım Günü Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində
müvəqqəti məskunlaşmış xocalılar tərəfindən də dərin hörmət və ehtiramla yad
edildi. Anım Günündə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov,
millət vəkili Elman Məmmədov, rayon icra hakimiyyəti aparatının üzvləri,
rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid ailələri,
qazilər və rayon ictimaiyyəti iştirak etdilər.
Mərasim iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı
abidəsini ziyarət edərək abidə önünə qərənfillər düzdülər. Şəhidlərimizin ruhu
bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının
müavini Lamiyə Qarayeva mənfur qonşularımızın torpaqlarımıza
qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açdı. Bildirdi ki, ATƏT-in
Minsk qrupu 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolu ilə tənzimlənməsi
istiqamətində heç bir addım atmadı. Azərbaycan xalqı bu işğalla heç cür barışa
bilməzdi. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri xalqımızın qisasa
hər zaman hazır olduğunun nümayişi idi. Vətən müharibəsində Müzəffər Ali Baş
Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün ərzində torpaqlarımızı
işğaldan azad etdi. Bu şanlı tarix şəhidlərimizin qanı, canı bahasına yazıldı.
Biz şəhidlərimizin hünəri hesabına Şanlı zəfər tarixini yaşayırıq.
Sonra Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısı, erməni
əsirliyində olmuş Xumar Səlimova çıxış
edərək bildirdi ki, 27 sentyabr tarixi həm Allahın cənnətilə müjdələdiyi şəhidlərimizin anım günü,
həm də şanlı zəfər tariximizin başlandığı gündür. 44 günlük Vətən müharibəsində
əldə etdiyimiz qələbə ilə Xocalı qisası da alındı. Vaxt var idi, qüssə ilə göz
yaşları axıdırdım. İndi qürur və fəxr hissi ilə yaşayıram. İgidlərimiz
şəhidlərimizin qanlarını yerdə qoymadı, Xocalı müsibətinin əvəzi döyüş
meydanında alındı. Qəhrəman oğullarımız bizim alnımızı açıq, başımızı uca
etdilər. Şükür Allaha, şükür bu günlərə...
Daha sonra II Qarabağ
müharibəsi iştirakçısı, "Suqovuşanın azad olunması", "Vətən
müharibəsi iştirakçısı" medalı ilə təltif edilmiş, gənc Prezident təqaüdçüsü
Məmmədli Şamil Kamil oğluna söz verildi. Şamil Məmmədli 27 Sentyabr tarixinin
Anım günü kimi qeyd olunsa da, Zəfər tariximizin başlanğıcı olduğunu qeyd etdi. Bildirdi ki, zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını
üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən
tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Bu qələbə təkcə
ordunun qələbəsi deyildi. Bu qələbə xalqın qələbəsi idi, bu qələbə irəlidə
döyüşən oğullarla bərabər, arxa cəbhədə fədakarlıq göstərən sadə insanların
qələbəsi idi. Təhlükəsizliyimizi təmin edən polislərimizin, bizə dualar edən
ana-bacıların və əsgərə məktub yazan körpələrin qələbəsi idi.
Sonra "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi
şəxsin direktoru, "Xocalı Soyqırımını Tanıtma" İctimai
Birliyinin Gəncə regional bölməsinin sədri Aqil Məmmədov çıxışında Birinci Qarabağ
müharibəsi zamanı vahid komandanlığın, xalqın, dövlətin birliyinin
olmadığına görə torpaqlarımızın günbəgün, saatbasaat itirildiyini vurğuladl. Diqqətə çatdırdı ki, şükürlər olsun ki, xalqımızın xilaskar oğlu, tarixi şəxsiyyət, əbədiyaşar lider
Heydər Əliyev 1993-cü ilin iyulunda xalqın təkidi ilə hakimiyyətə qayıtdı.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın işğalının,
qırğınların qarşısı alındı. Müvəqqəti olaraq atəşkəs elan edildi. Bu atəşkəsdən
sonra Azərbaycan dövlətinin quruculuğu, Silahlı Qüvvələrimizin yaradılmasına
başlanıldı. Azərbaycanın siyasəti, iqtisadiyyatı gündən-günə inkişafa doğru
getdi. Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin uzaqgörən siyasəti
nəticəsində Azərbaycan xalqı, Azərbaycan gəncliyi güclənərək Zəfər tarixi
yazdı.
Millət vəkili Elman Məmmədov çıxışında bildirdi ki, Ulu öndər deyirdi
ki, Azərbaycan xalqı müdrik, cəsarətli, qəhrəman xalqdır. 44 günlük müharibədə
və bu günlərdə keçirilən antiterror tədbirlərində biz bunu sübut etdik. Ali Baş
Komandanımızın, Ordumuzun şəxsində müdrikliyimizi də, cəsarətimizi də,
qəhrəmanlığımızı da sübut etdik. Qədim türk deyimindəki kimi, bizim heç
kimin torpağında gözümüz yoxdur, amma torpağımıza göz dikənin gözünü
çıxardarıq, torpağımıza əl uzadanın əlini kəsərik. Biz, buna da sübut etdik.
Erməni bütün əməlləri ilə təsdiq etdi ki, onlar adam ola bilməz. Tarix bizə
necə günlər göstərir. Doğma torpaqlarımızdan nə cür didərgin salmışdılar, nə
zülümlər vermişdilər. Bu gün həmin zülümləri özləri çəkirlər. Haqq özünü
göstərdi.
Torpaq o zaman Vətən olur ki, onun üzərinə şəhid qanı tökülsün. Şəhidi olmayan Vətən, şəhidi olmayan millət, nə Vətən ola bilməz, nə millət ola
bilməz. Biz qürurla, fəxrlə şəhidlərimizi anırıq. Şəhidlərimizə Allahdan rəhmət
diləyirik.
Yekun olaraq çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov
bilirdi ki, biz, Azərbaycan xalqı olaraq 200 il ərzində torpaqlarımızın
itirilməsi bəlasını yaşayırdıq. Yəni, Gülüstan, Türkmənçay müqaviləsindən
sonrsa torpaqlarımızın parçalanmağa başladı. O vaxtdan indiyədək başımıza nə
qədər bəlalar gəlib, nə qədər itkilərimiz olub. Torpaqlarımızı, yurd-yuvamızı
itirimişik. Azərbaycan dövlətini xəritədən silmək istədilər. Son müharibəyə
hazırlaşan ermənilər və onların havadarları yenə bu amal üçün çalışdılar. Ancaq Azərbaycan Vətən
Müharibəsində 200 il ərzində itirdiyi torpağı qaytarmağa nail oldu. Bunun hamısı
Azərbaycan xalqının milli inkişafı, xalq ordu, xalq rəhbər arasında birlik
nəticəsində oldu.
Qarabağa, Şəri Zəngəzura sakinlər qayıdırlar. Bu qayıdışı görəndə
sevinirik, qürur hissi keçiririk, kövrəlirik. Biz də öz növbəmizi gözləyirdik
ki, nə vaxt doğma yurdumuza qayıdacağıq.
Bu gün şəhidlərimizin ruhları şaddır. Torpaqlarımızın azadlığını görmək arzusu ilə dünyadan köçmüş soydaşlarımızın ruhları şaddır. Çünki 19 sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimiz bərpa olundu. Biz də fəxrlə deyirik ki, Xocalımız azaddır.