Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar
Usubovun tapşırığına əsasən, rayonumuzda mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan
qəhrəman Vətən oğullarının məzarları ziyarət edilir, şəhidlərimizin ailələri
ilə, eləcə də döyüşlər zamanı yaralanan qazilərlə görüşlər keçirilir, onların
problemləri ilə maraqlanılır.
Bu mənada 27
Sentyabr - Anım Günü ərəfəsində Xocalı
rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra
hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri
ilə işin təşkili şöbəsinin məsul şəxsləri, rayonun bir qrup idarə, müəssisə
rəhbərləri, ictimai fəallar Ağcabədi şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş
Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçusu Miriyev Sənan Arif oğlunun, Ağcabədi rayon Sarıcalı kənd
qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun,
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı
Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani
Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş
Dövlət Sərhəd xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun
məzarlarını ziyarət edərək, şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti olaraq
məzarları üstünə gül dəstələri düzdülər. Şəhidlərimizin ruhuna dualar
oxudular.
Şəhid ailələri ilə görüş zamanı rayon icra hakimiyyəti başçısının müavini
Lamiyə Qarayeva və digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı zəfər
qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb.
Həmçinin, şəhidlərimizin
şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.
Görüşlər zamanı şəhid
ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs
edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə
çatdırılıb.
Şəhid ailələri göstərilən
yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban
Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

















