Meşəli soyqırımında bir ailənin faciəsi

        Bədxah qonşularımız ermənilər tarixi torpaqlarımızın işğal planlarını həyata keçirməklə yanaşı, xalqımıza qarşı hər fürsətdə soyqırımlar törətmək mənfur siyasətlərinin əsas məqsədlərindən olmuşdur. Ermənilərin Meşəli kəndində törətdiyi soyqırım aktı ən qanlı səhifələrdən biridir.
        Meşəli soyqırımında ailə üzvlərindən 5 üzvü qətlə yetirilən Əliyeva Zəminə Novruz qızı o qanlı faciəni, doğmalarını itirməsinin acısını göz yaşları ilə danışdı:

        - Meşəli müsibətini heç vaxt unuda bilmərəm. İllər ötməsinə baxmayaraq, o günlər gözümün qabağından getmir. Səhər saat 6-7 radələri olardı ki, ermənilər kəndə basqın etdilər. Mən Qaragava gəlin köçmüşdüm. Oradan kəndimizdəki evlərin, ot tayalarının yandırıldığını gördüm. Məni çarəsiz, nigaran vəziyyətdə acı mənzərəni seyr edirdim. Xeyli atışmadan sonra Kosalardan, Xocalıdan gələn köməklə azğın düşmənlər kənddən çıxarıldı. Kəndi tüstü bürümüşdü. 

        - Meşəli kəndində baş vermiş faciəni necə xatırlayırsınız?

 

        Erməni quldurları kəndə hücum edəndə bizim ev qohum-qonşular üçün sığınacaq olub. Evimiz atəşə tutulduğundan atam heç kəsi çölə çıxmağa qoymayıb. Bacım Rahiləni ermənilər başından güllə ilə vurublar. Sonra atılan əl qumbarasından qaz balonu partlayıb bacımı yandırmışdı. Bizim evdə qalan Ağdamın Xıdırlı kəndindən olan Hidayət adlı polis işçisi erməniləri çağıraraq deyib ki, imkan verin qadınlar, uşaqlar çıxıb getsinlər, siz davanızı bizlə edin. Bu məqamda azğınlaşmış qatillər Hidayəti ayağından vurublar. O, güclü qanaxmadan sonra keçinmişdir. Atam qoşalülə tüfəngini kənara qoyub Hidayətin avtomatını götürüb. Bir neçə saat döyüşdükdən sonra şəhid olub. Ermənilər Meşəli ilə Badara arasında Urben adında erməninin öldürülməsini atamdan bilirdilər. Ona görə düşmənlər atamdan qisas almaq niyyətində idilər. Atamın son sözləri bu olub: “Çalışın, ermənilərə əsir düşməyin”. Evimiz yandırılanda orada sığınanlar çölə çıxmaq məcburiyyətində qalıb. Anamı da orada güllələyiblər. Rübabə bacım qardaşım Baratı səsləyəndə ermənilər onun sinəsindən vurublar. Bacım əli ürəyinin üstündə anamın meyitinin yanına yıxılıb. Barat bacıma baxmağa gedərkən ermənilər avtomatın qundağı ilə onun boynundan vurublar. Qardaşım aldığı zərbədən huşunu itirib.

Baratı əsir aparanda kənddən təxminən 3 km məsafədə - Badara istiqamətində olan gölün yanında ermənilərdən biri bıçağı çıxarıb onun qulağını kəsmək istəyib. Sonra ermənilər öz aralarında danışıblar ki, bunu aparıb Urbenin qəbrinin üstündə başını kəsək. Bu sözü duyan qardaşım çarəni özünü əli-qolu bağlı vəziyyətdə gölə atıb öldürməkdə bilib. Ancaq gölə düşən qardaşım suda boğulmayıb. Barat göldə olarkən ermənilər onu gülləbaran ediblər. Göldən çıxıb qaçarkən yanan güllə Baratın çiynindən dəyib. Qardaşım çiynini ağaca və qara sürtərək odu söndürüb. Qardaşım soyqırım günündən bir gün əvvəl Rübabəyə toxutdurduğu qırmızı rəngli corabı geymişdi. Barat əli-qolu bağlı vəziyyətdə corabı çıxardır ki, donub ayağına yapışmasın. Bacımın tikdiyi corabları əlində sıxaraq zülmlə Qaragava gəlib çıxıb.

        Kənddə şəhid olan iki polisdən biri qardaşım Zakirdir, əsir düşən iki sakindən biri qardaşım Baratdır, yeddi şəhid düşən qadının sırasında iki bacım və anam da var.
      Zəminə Əliyeva Laçın sərhəd-keçid məntəqəsində saxlayan hərbi cinayətkar Vaqif Xaçaturyanın qanunlarımız qarşısında cavab verəcəyindən az da olsa təskinlik tapdığını deyir:
      “Meşəli, Xocalı soyqırımında iştirak etmiş canini saxlayan sərhədçilərimizin, igid oğullarımızın alnından öpür, onlara minnətdarlıq edirəm. Bir ana kimi onları bağrıma basıram!”.
        “Erməni cəlladının tutulmasını eşidəndə çox sevindim. Hələ neçə-neçə cinayətkarların da saxlanılacağına inanırıq”.
                                                                       Qalib BƏYMƏMMƏDOĞLU

Daha yeni Daha eski