Azərbaycanın sədrliyi dövründəki Qoşulmama Hərəkatının fəaliyyəti digər təşkilatlar üçün bir nümunədir

     Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv olan dövlətlər arasında birlik və əlaqə yüksək səviyyəyə qalxıb. Hələ pandemiya dövründə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının bir çox təşəbbüslər irəli sürdüyünü və bu  təşəbbüslərin BMT səviyyəsində dəstəkləndiyinin şahidi olduq.

   Ədalətli vaksin paylanması məsələsi, 30-dan çox ölkəyə yardım göndərilməsi məhz Azərbaycanın birbaşa dəstəyi və təşəbbüsü ilə həyata keçirildi. Bununla yanaşı Əlcəzair xalqına qarşı törədilmiş soyqırımı ilə bağlı cənab prezident İlham Əliyevin tarixi çıxışı dünya gündəmini zəbt etdi. Azərbaycanın cəsarətli mövqeyini Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin dəstəkləməsi ölkəmizin artan nüfuzundan xəbər verir.

   44 günlük Vətən müharibəsinin gedişində iki dəfə BMT  Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsi məsələsi Fransanın təşəbbüsü ilə irəli sürülmüşdü.  Amma Qoşulmama Hərəkatının üzvlərinin qətiyyətli mövqeyi sayəsində Fransa  və Ermənistanın istəkləri reallaşmadı. Azərbaycanın haqlı mövqeyi müdafiə edildi.

   İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə cənab prezident İlham Əliyevin çıxışı bütövlükdə Azərbaycanın sədrliyi dönəmində təşkilatın fəaliyyətinə həsr edilmişdir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu bildirən dövlət başçımız Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini diqqətə çatdırdı.

   Özünü hüquq müdafiəçisi kimi qələmə verməyə çalışan Fransa hələ də başqa dövlətlərin daxili işlərinə qarışır. Fransa öz mənfur siyasətini Qafqazda da həyata keçirməyə çalışır. Ermənistana yalan vədlər verməklə dəstək nümayiş etdirən Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməkdən belə çəkinmir.

   Bu yaxınlarda 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin fransız polis tərəfindən qətlə yetirilməsi Fransanın demokratiyadan , haqq və ədalətdən nə qədər uzaq olduğunu, separatizmi, terroru dəstəkləyən bir dövlət olduğunu göstərir.

   Bu gün Azərbaycan öz ətrafında böyük və önəmli müdafiə şəbəkəsi formalaşdıra bilib. Ölkəmizi müdafiə edə bilən 120-yə yaxın dövlət formalaşıb ki, bu da Azərbaycanın gücünə güc qatır. Əminliklə deyə bilərik ki, Azərbaycanın əldə etdiyi uğurlar genişlənəcək və dövlətimizin nüfuzu daha da artacaq.

Zülfü Quliyev,

Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi

 

 

 

  

Daha yeni Daha eski