Xocalı rayonunun təhsil ocaqlarında 135 məzun üçün "Son zəng" çalındı

14 iyun tarixdə Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Xocalı rayon ümumtəhsil məktəblərində də "Son zəng" günü ilə bağlı tədbir keçirildi.

"Son zəng" tədbirlərində Xocalı Rayon İcra Hakimiyyəti Aparatının və Xocalı rayon Təhsil Şöbəsinin məsul işçiləri iştirak etdilər.

Əvvəlcə Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi yad olundu.

Bu il yüz illiyi qeyd edilən Xocalı rayon Kosalar kənd tam orta məktəbində iştirak edən rayonumuzun icra başçısı Şahmar Usubov çıxış edərək dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, rayonumuzun şagirdləri ildən-ilə ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edir. “Son zəng” günü münasibətilə məzunları təbrik edən Şahmar Usubov onlara müstəqil həyatda uğurlar arzuladı. Kosalar kənd tam orta məktəbinin 100 illik yubileyi münasibətilə məktəbin pedaoqoji kollektivini təbrik etdi.

Sonra tədbirdə bir-birindən maraqlı vətənpərlik ruhunda kompozisiyalar nümayiş olundu, məzunlar məktəb haqqında mahnılar ifa etdilər.

“Son zəng” çalındıqdan sonra "Bilik açarı"nı birincilərə təhvil verən məzunlar məktəbə əlvida dedilər.

Son zəng tədbirlərində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə rəhbərləri və  digər təhkim olunmuş ziyalılar iştirak etdilər.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Xocalı rayonunun 12 tam orta məktəbində 135 məzun üçün "Son zəng" çalındı.









Daha yeni Daha eski