Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

       İllər ötəcək, nəsillər dəyişəcək, amma müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq. Çünki dahi öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun - Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunur.

​ ​ Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı.

​ ​ Tarixə nəzər salsaq görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Surət Hüseynovun qiyamçı dəstələri mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin vaxt Naxçıvan MR Ali Məclisinin Sədri olan Ümummilli lider Heydər Əliyev zəngin təcrübəsinə əsaslanaraq bu məqamı çox yaxşı dərk edirdi ki, paytaxt Bakıda yaranan xaosun, anarxiyanın, özbaşınalıqların davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC- Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Həmin dövrdə Ulu Öndər 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini ifadə edərək bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ona ünvanlanan müraciətə cavabında müstəqilliyimizi tarixi nailiyyətlərimiz kimi önə çəkərək onun qorunmasını hər kəsin qarşısına vətəndaşlıq borcu kimi qoymuşdur. İyun ayının 4-də Gəncə şəhərində başlanan və davam edən hadisələrin narahatlıq doğurduğunu bildirən Ümummilli lider bildirmişdir ki, şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb.

​ ​ ​ 1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı. Xalqın təkidi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu öndər xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı.Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi​ təhlükəsinin xilası bu tarixdən başlandı. İyunun13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla Gəncəyə gedən Ümummilli lider Heydər Əliyev Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyyələrini verdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi.

​ ​ Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Tarixə Milli Qurtuluş Günü kimi yazılan 15 iyundan başlanan yol 2020-ci ildə xalqımıza Zəfər sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran Ulu öndər Heydər Əliyevin söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" tezisi reallıqda öz əksini tapdı.Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. İmzalar arasında imzaları ilə seçilən müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin şah əsəri olaraq daim inkişaf edir, davamlı uğurlara imza atır. Son 20 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla inkişaf etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğaldan azad edilmiş torpaqlarımıza üçrəgli bayrağımızın dalğalanmasına nail olmaq idi. Şükürlər olsun Müzəffər Ali Baş Komandanımız bu məqsədə nail oldu. Azərbaycan dövləti bundan sonra daha da inkişaf edəcək, regionda və dünyada liderliyini qoruyacaq.

​ ​ Mən bir azərbaycanlı, bir müəllim olaraq fəxr edirəm ki, bizim müstəqil dövlətimiz, qəlbi Azərbaycan üçün döyünən, Azərbaycanın inkişafı üçün durmadan çalışan dövlət başçımız var. Ən əsas da biz qalib ölkənin qalib vətəndaşları kimi qürur duyuruq.

​ Bayramınız mübarək!

Nazim Qədirov, 

​Xocalı rayon sakini

Daha yeni Daha eski