Ömrümün bir günü

            Adi  yaz günü, sakit bir yaz səhəri  idi. Təbiət sükut içində yaz günəşinin doğuşunu seyr edirdi. Hər səhər günəşdən qabaq oyanıb cəh-cəh vuran quşlar bu gün susub lal-dinməz olmuşdular. Dağda-daşda, kənddə-kəsəkdə, yolda-cığırda, hətda çaylarda belə bir sükut var idi. Adam bir anlıq elə sanırdı  ki, bütün kainat bir tükə bəndir. Və hansısa qəfil bir səsdən qırılıb qopacaq. Təbiət lal-dinməz, intizar içində bu sonluğu gözləyirdi.

           Qəfil təbiətə yad, insanlığa  zidd olan səslər bu sükutu pozdu.  Sanki bu son gəlib çatıb, tufan qopmuşdu...

           Kənd camaatı kəndi bir gün qabaqcadan tərk edib, yaylaqlara köçmüşdür. Təkcə biz üç ailə qalmışdıq. Babamgil, əmimgil və biz. Axşamnan bu üç ailənində yükü qabğarılmışdı. Sabah açılacaq bu üç ailədə deyə-gülə yaylağa köç edəcəkdi.

         Ancaq bu sabah onların üzünə başqa cür açıldı. Bu sabah özüylə  qəm-kədər, ah-nalə, qan-qada gətirmişdi. Gecəikən kəndi mühasirəyə alan ermənilər səhər açılan kimi hər tərəfdən bizi atəşə tutmağa başladılar. İlk güllənin qurbanı isə  Babam oldu.

         Həmişə “bir gülləni ki,  dığa ata, o güllədə nə təpər olar?”deyən babam qılçasından yaralanır. Yarasının ağır olmasına baxmayaraq o, özünü qorumaq məqsədi ilə   çayın içindəki daşın arxasına keçir. Təəsüfki, hər tərəfdən mühasirədə olduğunu bilmir.

         Bizim evimiz babamgildən 60-70 metr aralı və birazda yuxarıda idi. Döyüş başlayan zaman qapıda iş-güclə məşğul olan anam hövlankah özünü içəri atdı. Dərhal qapını arxadan bağladı. Çünki, o elə zənn etmişdiki ermənilər arxasınca evə girir. Bu qədər yaxın məsafəyə gələn ermənilər öldürmək yox, əsir götürmək niyyətində idilər. Döyüş başladı. Dörd bir tərəfdən şaqqıldayan avtomat və pulemyotların səsi dağı - daşı lərzəyə gətirirdi. Yadımdadır döyüş başlayandan yarım saat keçənə qədər  rəngli-yandırıcı gülələr atırdılar. Səhər tezdən həyətdə inəklər sağan nənəm döyüş başalayna da çatdırıb evə girə bilməmişdi. Tövlədə gizlənmişdi.

          Babamın isə harada olduğun heç kim bilmirdi. Biz babamın əmimgildə, əmimgil isə bizdə olduğunu düşünürdü. Həmin saatlarda isə Babam yaralı halda gözləyirmiş. Artıq saat 10 idi. Atamın iki gülləsi qalmışdı. Adətən patron yeşikləri babamgildə olardı. Öncəki  gün atam posta gedəndə özü ilə az miqdarada patron götürmüşdü və indiyə kimi o gülləri atırdı. Çıxılmaz vəziyyətdə qalan əmim yorğan-döşəyin üzünü cırır, patronlar 3-3, 4-4 bağlayıb atama atırdı. Bəzən isə bu bağlamalar aralı düşəndə bizim talehimiz növbəti bağlama atılana qədər tükdən asılı qalırdı. Getdikcə döyüş dahada qızışırdı. Atamın və əmimin döyüş bacarıığ və sərast atıcılığı nəticəsində ermənilər yaxınlaşa bilmir, bəzəndə itki veriridilər.

         Saat 11 idi. Ermənilər evləri yandırmağa başlamışdılar. Bizdən bir qədər arlıda olan Kamran babanın evi yananda isə elə güclü partlayış oldu ki, yer silkələndi. Kəndin ən təzə və yaraşıqlı evlərindən olan bu evin yiyəsi heç bircə gecə içində yatmamışdı. Evə od vurulan zaman zirzəmidə 200 litirlik kerasin çəni partladı. Bu partlayış vülkan kimi püskürərək evi alt-üstünə çevirdi. Döyüşün qızğın çağı idi. Hər şeyin sona doğru getdiyini hiss edirdik. Mən o zaman ki, uşaq təfəkkürümdən doğan bir fikirlə qayçını hazırlayaraq anama dedim: “Gördüm ermənilər qapıya töküldü sənin saçlarını kəsəcəm”. Bir az əvvəl baş vermiş Xocalı faciəsində qadınların saçlarından asıldığını, maşınlara qoşulduğunu eşitmişdim. Bilmirdim haradan idi məndə o hisslər- qorxmurdum.

         Kənardan atılacaq mərmidən evimiz hər çökə və ya partlaya bilərdi. Ona görədə atam sürünərək bizi kənardan o qədərdə sezilməyən yeraltı tövləyə apardı.  Özü isə  çöldə döyüşü davam etdirirdi. Atamın səngəri çox idi. O bir neçə yerdən atəş açaraq düşmənləri yaxına buraxmır, onlardarda çaşqınlıq yaradırdı.

           Günorta saat 12-1 iradələri idi. Atəş səslərindən hiss edirdik qonşu kəntdən bizə köməyə gəliblər. Ermənilərin mövqeyi yüksəklikdə idi. Gələn köməyi yaxına buraxmır, mühasirəni yarmağa qoymurdular.   Bəzən ermənilər döyüşü 20 dəqiqə kəsir, bizi aldatmağa çalışırdılar. Bu zaman hər kəs  olduğu yerdən çıxmağa təkid etsədə atam qoymurdu. Az keçmirdi ki, yenidən atəşə başlayırdılar. Döyüşün həddindən artıq ağırlığı özünü hər cəhətdən büruzə veriridi. Atamın silahı çox atıldığında tez-tez qızırdı. İstidən qızaran lülə  atamın əllərini yandırıb suluxlatmışdı. Havadakı barıtın iyindən zəhərlənmişdik. Saat 3-4 arası idi. Atam gəlib “yaxınlıqda erməni var, qumbaranı ver atım ölsün” deyərək anamdan evdə olan yeganə əl qumbarasını istədi. Anamsa cavabında belə dedi: “Yox, onu sona saxlayaq. Gördük ki, ermənilər qapıya töküldü yığışarıq başına , çəkərsən partlayar. Əsir düşmərik.”

          Çünki, o son yaxınlaşırdı. Ermənilər mühasirəni daraldır, bizimsə gülləmiz bitirdi.

          Əsir düşmək isə bizim üçün seçim deyildi.

          Hər şey açıq-aydın gözümümzn önündə  baş verirdi. Kəndin qarşı tayinda pöhrəlikdən qalaxan avtomatın tüstüsü aydın görsənirdi. Bu hamıdan tez mənim diqqətimi çəkdi və atama göstərdim. Atatmın bir neçə sərrast atışı ilə düşmən bir dəfəlik susdu. Sonralar onun cəsədi həmin yerdə tapilmışdı.

        Hər saatımız bir günə bərabarə ağır və məşəqqətli keçirdi.  Çox məqamlar var ki, indi onların bəzilərini unutmuşam,  bəzilərini isə xatırlamaq sarsıdıcıdır.  Bu saatlara qədər isə Babamdan bir xəbər yox idi. Artıq şəhid olması və ya əsir götürülməsi haqqında təxminlərimizi dilə gətirmişdik. Babamın əmisi oğlanları, qonşu kəntdən köməyə gələnlər kəndimizin qarşısındakı meşədən mühasirəni yarıb kəndə girməyə çalışırdılar. Hərdən atamın, babamın, əmimin adını çağıraraq sağ olub –olmadıqlarını yoxlayırdılar.  Hər kəs cavab verirdi, təkcə Babamnan başqa! Babamın əmisi oğlu Novruz kişi durmadan babamı çağırırdı.

          Babam 6-7 saat yaralı olub. Onu çağıranların səsini eşidib. Ancaq cavab verib balalarını təhlükəyə atmayıb. Burdayam deməyib. Şəhid olacağını bilə-bilə susub. 

         Həmin saatlarda mühasirəni yarmağa çalışan Babamın əmisioğlu Salman kişi ağır yaralanır. Qonşu kəntdə əli silah tutan bizə köməyə gəlir. Bu insanların içində hətdə qadınlarda olur. Onlardan oğlanları ilə birgə köməyə gələn Adilə xalanın adını çəkməyi özümə borc bilirəm. Adilə xala səngərləri gəzərək döyüşən insanlara su, çörək paylayırmış. Avtomatın darağını doldurub gülləsi bitənlərə döyüşçülərə veriri, dayanmayın deyirmiş. Döyüşün qızğın vaxtında Adilə xala kiçik oğlunun öz kəntlərinə doğru qaçdığını görür. Elə sanırki oğlu döyüşdən qaçır. O “Südüm sənə haram olsun. Qız-gəlin orad mühasirədədir, sənsə qaçırsan?” deyir. Oğlu isə ağlayaraq “Yox ana  qaçmıram. Sürsatımız tükənib. Bizim evin zirzəmisində ehtiyyat güllələr var. O güllələri və çörək gətirməyə gedirəm” deyə cavab verib.   

         Artıq axaşam düşmüşdü. Qonşu kəntdən gələn camaatın və ordunun köməkliyi ilə mühasirə yarıldı. Döyüş getdikcə bizimkilərin üstünlüyü ilə şidətlənirdi.Belə olan halda ermənilər geri çəkilməyə başladılar. Bizimkilər hücuma keçəndə isə ermənilərin üstünü qatı duman bürüdü. Atılan parol fişəngi ilə ermənilər geri çəkildi. Dumanlar seyrələndə artıq ermənilər getmişdilər.

        Döyüşün əvvəlində qılçasından yaralan Babam çayda kürəyini daşa söykəyir. Pencəyini çıxarır, köynəyini soyunaraq yarasını sarıyır. Qan axmanı saxlamq üçün yaralı ayağını suyun içinə uzadır.  Sonra sinəsindən aldığı güllə yarasından öləcəyini bilən babam əlini, ayağını düzəldir. Və... və  son dəfə baxışları nigaran getdiyi övladlarına yönəlir...

         Beləliklə sükunətlə başlayan bu yaz günü ah-vayla, qan-qada ilə bitdi.

        Bununlada biz kəntdən çıxdıq. Başqa əlacımızda yox idi. Çünki, kənd tamamilə yandırılmışdı. Şəhidimizi dəfn etmək və hüzr mərasimi kerçirmək  ehtiyacı ilə qonşu kəndə yerləşməli olduq.

        Biz Babamın cənazəsin götürüb kəntdən çıxanda qarşı taydakı yüksəklidən durub axırıncı dəfə kəndimizə baxdım. Sanki, dağlar-daşlar, çaylar, ağaclar, bütöv kənd yalvararaq “Getməyin, məni kimsəsiz qoyub getməyin. Vallah birdə görüşə bilməyəcəyik” deyirdi...Hara baxdımsa susub, gözləri ilə bu ayrılığın uzun çəkəcəyini deyən ifadələr gördüm. 

       Bizim kəndin işğalı Kəlbəcərin İşğalının təməlini qoydu. Çünki, bizim kənd coğrafi nöqteyi nəzərdən Kəlbəcərin qala qapısı idi.

      Bir nəfərin şəhid olması, bir neçə nəfərin yaralanması, bütöv bir kəndin yandırılması, altı yüzdən çox heyvanın qarət olunması ilə sona çatan bu döyüş mənim talehimdə qaçqınlıq deyilən məşəqətli bir səhifə açdı.!

 

                            

Daha yeni Daha eski