Azərbaycan xalqı
böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyini böyük
ruh yüksəkliyi və dərin minnətdarlıq hissi ilə qeyd edir. Ömrü xalqına, elinə
xidmət nümunəsi olan Heydər Əliyev həyatının bütün mərhələlərinin mənalı səhifələrini
nüansları ilə birlikdə öyrənmək hər bir azərbaycanlı üçün mənəvi borc olmaqla yanaşı,
həm də tükənməz qürur mənbəyidir.
Ümummilli lider Heydər
Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Ailənin
zəhmətkeş olması onun dünyagörüşünün formalaşmasına, əhəmiyyətli təsir göstərmiş,
əməksevərlik keyfiyyətlərini şərtləndirmişdir. Heydər Əliyev ilk təhsilini
Naxıçvan şəhərindəki orta məktəbdə və sonra pedaqoji texnikumda davam
etdirmişdi. Müəllimlərinin və sinif yoldaşlarının müxtəlif dövrlərdə dərc
edilmiş xatirələrindən məlum olur ki, gənc Heydər Əliyev təhsil aldığı illərdə
elmlərin əsaslarını mükəmməl və dərindən mənimsəməklə yanaşı, ədəbiyyata və incəsənətə
də böyük maraq göstərmiş, bütün parametrlər
üzrə nümunəyə çevrilmişdir. O, 1939-cu ildə Azərbaycan Sənaye İnstitutuna (indiki
Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olmuş, orada səy və bacarıq nümayiş
etdirmişdir. Müəyyən səbəblərə görə, 1941 -ci ildə təhsilini yarımçıq qoymalı
olan Heydər Əliyev sonralar ADU-nun
(indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olaraq, 1957-ci ildə
oranı müvəffəqiyyətlə bitirmişdir.
Sonrakı illərdə Naxçıvan Vilayət
Partiya Komitəsinin rəhbərliyi Heydər Əliyevi Dövlət Təhlükəsizlikik orqanlarına işə göndərir və bu uzaqgörənlik sonralar özünü tamamilə
doğruldur.
Dövlət Təhlükəsizlik orqanlarında sıravi işçidən Azərbaycan Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri vəzifəsinə yüksələn və general-mayor rütbəsinə layiq görülən
Heydər Əliyev burada fenomenal qabiliyyət və vətənpərvərlik nümayiş etdirir.
1969-cu ilin iyul ayı cənab Heydər Əliyevin tərcümeyi-halında, eləcə
də Azərbaycan xalqının talehində şərəfli mərhələlərdən birini təşkil edir. Məhz
elə həmin il Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri - Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir. 1969-cu ilin
iyulundan 1982-ci ilin noyabma- dək cənab Heydər Əliyev xalqımızın həqiqətən
sıçrayışlarla inkişafını təmin edir. 14 il müddətində bir neçə onilliyə
sığışmayan nəhəng işlər görülür. Azərbaycan geridə qalmış
aqrar-sənaye respublikadan qabaqcıl respublikaya çevrilir. Ümummilli lider Heydər
Əliyevin gərgin əməyi sayəsində sənayenin aparıcı elmi-texniki tərəqqisi ilə
bağlı sahələri xüsusi templə inkişaf etməyə başlayır. Neft kimyası, maşınqayırma,
elektrotexnika, cihazqayırma və digər sənaye sahələri görünməmiş miqyaslarla
inkişaf etdirilir.
Heydər Əliyevin respublikada
apardığı uğurlu işlər, rəsmi Moskvanın ədalətli dairələrinin də nəzərlərindən
yayınmamışdır. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev mərkəzə
işə dəvət olundu. O, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
təyin edildi. Moskvada rəhbər işdə olduğu müddətdə- 1982-ci ilin noyabrından
1987-ci ilin oktyabrnadək bütün Sovet səhiyyəsi, təhsil sistemi, nəqliyyatı
Heydər Əliyevin gərgin əməyi ilə hərəkətə gətirildi.
O
illərdə Heydər Əliyevin şöhrətini qısqanclıqla izləyən M.Qor- baçov 1987-ci
ilin noyabrında onu vəzifədən uzaqlaşdırmağa nail oldu.
Təsadüfi
deyil ki, Heydər Əliyev işdən uzaqlaşdıqdan bir neçə ay sonra məlum Dağlıq
Qarabağ hadisələri qaynamağa başladı. O vaxtkı nankor Azərbaycan rəhbərliyinin
qərarı ilə Heydər Əliyevin Bakıya gəlməsi yasaq edilir.
O, Naxçıvana gedir və 1991 -
1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyir. Heydər
Əliyevin səyi nəticəsində Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvan üzərində
dalğalanır. Muxtar Respublikanı blokada və erməni təcavüzü şəraitində yaşatmaq üçün Türkiyə və İranla normal əlaqələr qurulur.
Nəhayət, Azərbaycan Respublikasının taleyüklü
problemlərinin uğurlu həllinin başlanğıcını qoymuş tarix - 15 iyun 1993-cü il
məqamı gəlib yetişir. Xalqın mütləq əksəriyyətinin səsi ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəsinə seçilən cənab Heydər Əliyev 1995-ci ildə
Konstitusiyanın qəbul edilməsinə də nail olmuşdu.
Artıq Azərbaycan Respublikası müstəqillik yolları
ilə inamla addımlayır. Bu gün ümummilli lider Heydər Əliyev aramızda olmasa
da, bu şərəfli yolu onun davamçısı Prezident İlham Əliyev çox səriştə ilə,
inamla, uğurla davam etdirir. Azərbaycan xalqı hamılıqda əmindir ki, ulu öndər
Heydər Əliyevin ləyaqətli yetirməsi olan möhtərəm Prezidentimiz İlham Əliyev
siyasi varislik ənənələrini uğurla davam etdirərək xalqımızı daha işıqlı sabaha
aparacaq. Biz də ulu Tanrıdan Prezidentimizə uzun ömür, cansağlığı arzulayırıq.
Sabahın işıqlı, günəşli olsun, Azərbaycan!
